Novruz – ən qədim bayramımız
Milli bayramlar – xalqın minillərdən bəri gələn ənənəsinin, yaşam tərzinin özülündə yaranır, oturuşur, var olur. Bayramlar həm də – xalqın özünəməxsusluğunun təsdiqidir.
Milli bayramımız olan Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərləşdiyi gündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayaraq bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer olduğunu göstərirlər.
Nizamül Mülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramının türk ruhundan gələn, sırf Azərbaycan mahiyyətini ifadə edən bənzərsiz yönü var.
İlk növbədə Novruz bayramı – milli ənənənin simvoludur. Ənənə xalqın dayanıqlı mədəniyyətinin, yaşamının bənzərsiz cəhətlərini aşkara çıxarır, təsdiq edir.
Yazın gəlişi ta qədimdən türk düşüncəsində təbiətin dirçəlməsinin, yenilənməsinin rəmzi olub. Şərq düşüncəsində Novruz bayramı ilə bağlı zəngin, maraqlı yanaşmalar – adət-ənənələr olsa da, Azərbaycan Novruzu bunların hamısından fərqlənir.
Xalqımızın Novruz ənənəsinə görə, hər kəs ilin axır çərşənbə gecəsində – ilin axırıncı axşamında öz evində olmalıdır. İnanca görə, bir Novruzu öz evində, öz yurdunda keçirə bilməyən insana 7 il öz evində bayram keçirmək qismət olmaz. Araşdırmaçı Sevinc Qasımovanın fikrincə, Novruzdan kənarda qalmaq cəmiyyətdən, Vətəndən, yurddan ayrı düşmək kimi anlaşıldığından belə deyilir: “Novruz da bir bayram mərasimi kimi kütləvi şənliklə, sevinc və coşğu ilə bağlıdır. İnanca görə, Novruz bayramında kədərlənmək, qəmlənmək, qüssə çəkmək, qaşqabaqlı gəzmək, acıqlanmaq olmaz. Əks halda insan bütün il boyu bu vəziyyətlərdə qalar. Novruz geniş mənada iştirakçıların hamısının qabaqcadan bildiyi müəyyən hərəkətlərin və sözlərin icrasından ibarət mərasimdir. O, mövsüm mərasimidir; hər vaxt keçirilməz, onun öz vaxtı var, mart ayında, qışın yaza keçid vaxtında icra olunur. Novruz ildəyişmə bayramıdır. Novruza aid olan nə varsa – hamısı mərasim ənənələridir”.
Xalqımız minillərdən bəri bu bayramı o dərəcədə ruhunun doğması kimi qəbul edib, görüb ki, onu bütövlükdə mərasim mədəniyyətinin özülünə çevirib.
Azərbaycan tarixində Novruz bayramı yaşına, yaşam gücünə görə ilk sırada duran mədəniyyət abidəsidir. Araşdırma və gedişatdan görünür ki, dünya tarixinin bir-birinə zidd ideologiyaları olan epoxaları biri digərini əvəz etdikcə, Novruz bayramı nəinki aradan qalxmayıb, əksinə, varlığını daha böyük coşğu ilə sürdürüb, müxtəlif dinlər, fərqli sivilizasiyalar, ruhuna zidd olan ideologiyalarla döyüşlərdən qalib çıxıb.
Hüseynqulu Sarabski “Köhnə Bakı” əsərində çar dönəmində Bakı şəhərində Novruz bayramının böyük coşğu ilə keçirilməsindən yazaraq vurğulayır ki, Novruz bayramı Bakıda başqa bayramlardan dəfələrlə artıq bir təntənə ilə keçirilərdi.
Novruz bayramı ilə bağlı mərasim ənənələri dedikdə İlaxır çərşənbələrlə bağlı, sosial birlik və paylaşma, tamaşa, oyun, mətbəx ənənələri nəzərdə tutulur. İnanca görə, Novruz ərəfəsində hər bir evdə aparılan təmizlik işləri yenilənmə ilə bağlıdır. Yəni bayramda təkcə ilin təzələnməsi yox, bütünlükdə köhnə ili yaşamış hər kəsin, hər şeyin təzələnməsi inancı var. Bu, o deməkdir ki, insanlar yaşadıqları evi, həyəti təmizləyib təzələdikləri kimi, ruhlarını da hər cür çirkinliklərdən təmizləyib, yeni ilə yenilənmiş, ruhən, mənən yenidən doğulmuş halda keçməlidirlər. Təzə pal-paltar ilin hansı dövründə alınmasından asılı olmayaraq, ilaxır çərşənbədə – Novruz ərəfəsində üzə çıxarılardı. Sınıq, yararsız bir şey evdə qalardısa, inancda bu, yeni ildə sınıqlığa, yararsızlığa, uğursuzluğa səbəb olardı.
Novruzdakı oyunlar mahiyyətcə əyləncəyə köklənsə də, həm də bayramdan gələn müəyyən qənaətlərin ilk növbədə uşaqların ağlında oturuşmasına, yaddaş tərbiyəsinə xidmət edir. Kosanın qışı simvolizə etməsi bir sıra formalarda özünü göstərir: üzünün tüksüzlüyü – qışın çılpaqlığını formaca ifadə edirsə, “Yediyim yarma aşı, yarısı sudur” deyib qarnına işarə etməklə də qarnının yarısının sudan ibarət olduğunu bildirməsi qışın qarını-suyunu bildirir. Habelə Kosanın pulunun və yeməyinin olmadığı da qış azuqəsinin qurtarmasını, “uzun səfər” isə doqquz aylıq səfəri – doqquz aydan sonra bir də dekabrda qış qiyafəsində “yeddi qat paltarla” gələcəyini göstərir. Bu barədə filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevin fikirləri maraq doğurur: “Yazın, baharın rəmzi olan keçinin səhnəyə gəlməsi, Kosa (qış) üçün pay yığması və Kosaya verməsi də insanların demək olar, sonuncu qış ehtiyatlarını xərcləmələrinə işarədir. Bundan başqa, tamaşanın finalında Kosanın öldürülməsinə və Kosanın köməkçisinin onun meyiti üstünə yıxılıb ağlamasına camaatın şən gülüşlə reaksiya göstərmələri buradakı ölümün və ağlamağın simvolik səciyyə daşıdığını – qışın ölümü və onun üzərində qələbə çalmış keçinin və balalarının timsalında yazın gəlişinə sevinmələrini əks etdirir”.
Novruz bayramı özünəməxsus zəngin mətbəx mədəniyyəti sistemi ilə də diqqəti çəkir. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun fikrincə, Novruz bayramını Novruz mətbəxindən ayrılıqda təsəvvür etmək mümkün deyil: “Novruz bayramından mətbəx elementləri (paxlava, şəkərbura bişirmək, yumurta döyüşdürmək, qonağa pay qoymaq, səməni və s.) götürülsə, şübhəsiz ki, bayramın mahiyyəti itər”.
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında martın 21-i bütün dünyada “Beynəlxalq Novruz günü” elan edilib. Burada ən əlamətdar cəhət ondan ibarətdir ki, dünyanın bir çox ölkələrində üç yüz milyondan çox insanın Novruz bayramını qeyd etməsinə baxmayaraq, BMT-də qəbul olunmuş bu qərar məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə baş tutub. Novruz bayramı, həmçinin YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Sevinc Fədai
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...