20 Yanvar şəhidləri şahidlərin yaddaşında
“Aydın Yol” 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya – dinc şəhər əhalisinə vəhşicəsinə hücum edən sovet qoşunlarının törətdiklərinin şahidi olan adamların xatirələrini təqdim edir. Moskva mətbuatı 1990-cı ildə dinc nümayişə çıxıb qətlə yetirilən insanları ekstremist adlandırdı. Bu yazıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hərbi terrorun qurbanı olanlara inanılmaz dərəcədə ağır şərtlərdə yardım edən həkimlərin ifadələri toplanıb.
Bakı xəstəxanalarının həkimləri o müdhiş gecəni belə xatırlayırlar.
Vüqar Yusifzadə - 1 saylı Xəstəxananın (1990-cı ildə Semaşko adına xəstəxana) həkimi:
20 yanvar gecəsi mən Salyan kazarması tərəfdə idim. Hərbi məktəbin ərazisindən tanklar çıxırdı, onların lyuklarında gənc əsgərlər vardı. Zabit bizə yaxınlaşdı və tanklara yol verməyimizi istədi. Biz məktəbin qarşısındakı asfaltın üzərində oturduq. O zaman əsgərlər bizə tərəf bir neçə tüstü şaşkası atdılar. Külək tüstünü dağıdanda gördük ki, bizdən 50 addımlıq məsafədə əsgərlər dayanıblar. Zabitin komandası eşidildi və avtomatların tətikləri şaqqıldadı.
Əsgərlər "Ura", "İrəli" çığırtıları ilə içərisində qadınların da olduğu təxminən qırx nəfərlik dəstənin üzərinə şığıdılar. Təşviş içində biz qaçmağa başladıq. Arxamızca güllə səsləri eşidildi, bir neçə nəfər yaralandı. Mən kolluqların arasında gizlənə bildim və öz gözümlə gördüm ki, əsgərlər yaralılara yaxınlaşıb onları süngü ilə vururdular.
Beləcə yolu açdılar, sonra tanklar torpağa uzanmış insanların üstündən keçərək hərəkət etdi.
Eldar Əliyev – Kliniki Eksperimental Cərrahiyyə İnstitutunun həkim-anestezioloqu:
Atışma başlayan kimi, şəxsi maşını olan bir çox cərrahlarımız dərhal işə gəldilər. Yaralılar gecə saat birdən sonra xəstəxanaya gətirildi və ilk əməliyyat saat ikidə aparıldı. Bütün gecəni cərrahiyyə əməliyyatları aparırdıq. Səhərə yaxın öyrəndik ki, şəhərin digər mərkəzi xəstəxanalarında da vəziyyət eyni cür olub.
Cahangir Hüseynov – Təcili Tibbi Yardım Xəstəxanasının o zamankı baş həkimi:
Yanvarın 22-də xəstəxanamızda 176 yaralı vardı, onların üzərində iki sutka ərzində bizim cərrahlar tərəfindən cərrahi əməliyyat aparılmışdı.
Elə bircə bu məqam, qoşunların Bakıya girməsi zamanı guya cəmi yüz nəfərin yaralanması barədə Moskvanın yaydığı rəsmi xəbərlərin yalan olduğunu göstərir.
Yaralılardan başqa, xəstəxanaya meyitlər də gətirilirdi. Yanvarın 20-də səhərə yaxın 30 meyit gətirdilər. Yaralılardan da hər gün ölən olurdu.
Nüşabə Əsədzadə – həkim-terapevt:
Meyitləri hamam otağına yığır, sonra morqa daşıyırdılar. Yanvarın 20-nə keçən gecə yaralıların sayı hər an artırdı. Bütün kabinetlərdə, hətta sarğı və qəbul otaqlarında da cərrahiyyə əməliyyatları aparılırdı. Çünki başqa yer yox idi. Yanvarın 20-də səhərə yaxın və sonrakı günlərdə də yaralı axını kəsilmirdi.
Ədalət Rüstəmov – Təcili Tibbi Yardım Xəstəxanasının cərrahı:
Yanvarın 20-də gecə saat birin yarısı xəstəxanada işıqlar söndü. Biz əməliyyatları həyata keçirmək üçün şam yandırdıq, sonra kerosin lampası gətirdilər. Xoşbəxtlikdən, xəstəxananın öz generatoru vardı və tezliklə onu işə sala bildik.
D. Hüseynov – cərrah:
Mən 35 ildir cərrahiyyə əməliyyatı aparıram, bu dünyada çox şey görmüşəm, amma belə yaralılarla həyatım boyu rastlaşmamışdım. Yanvarın 20-də daxil olan yaralıların nəinki daxili orqanları, hətta sümükləri də bircə güllə ilə dağılmışdı.
Fuad Əliyev – patoloqoanatom:
Yanvarın 20-də, günorta bizim morqa 85 meyit gətirildi. Onların 75-i kürəyindən güllə yarası almışdı. İkisi döyülməkdən dünyasını dəyişmişdi, altısını BTR əzmiş, bir neçə nəfər kəsilmiş-deşilmiş yaralardan, yəni süngü zərbəsindən ölmüşdü. 19 nəfər güllə yağışına tutulmuşdu, ölənlərdən birinin üzərində altı güllə yarası saydıq. Atəş yaxın məsafədən açılmışdı, məqsəd, hərbçilər demiş, onları tam məhv etmək idi.
Fuad Abdullayev – Mirqasımov adına Xəstəxananın həkimi:
Mən həmin gecə növbətçi idim. Gördüm ki, hərbçilər bizim tibb bacılarını və həkimləri yaralılara və ölülərə yaxın getməyə qoymur.
Xəstəxanamızın binasına yaxın olan və ovaxtkı XI Qızıl Ordu abidəsinin yaxınlığında yaralı və ölü sayı çox idi, şəhərə hücum edən tanklar əhaliyə daha çox burada atəş açmışdılar.
Cahangir Atakişiyev – həmin xəstəxananın həkim-uroloqu:
Biz Fuadla cərrahiyyə şöbəsində növbə çəkirdik. Atışma başlayanda mən xəstəxananın damına qalxdım. Oradan XI Qızıl Ordu abidəsinin qarşısında dairə vurub atəş açaraq və insanları əzərək şəhərin müxtəlif prospektlərinə istiqamət alan tanklar yaxşı görünürdü. Həmin abidə qarşısında çox adam həlak oldu. Toplaşanlar tərəfindən tanklara bircə güllə də atılmadı. Qurbanların sayı çox idi, çünki abidə qarşısındakı meydan böyük idi və tankdan qaçıb gizlənməyə imkan yox idi. Tanklar heykəlin yanından uzaqlaşan kimi yaralıları xilas etməyə atıldıq. Gecə saat birin yarısından başlayaraq, xəstəxanımıza yaralılar daxil olmağa başladı. Odlu silahla yaralananlardan başqa, qazla zəhərlənmə əlamətləri olan xəstələr də vardı ki, onlarda qusma, gözlərin sulanması, qanlı öskürək, boğulma halı müşahidə olunurdu. Bir yaralının qarın nahiyəsini kəsən kimi, bütün əməliyyat otağı zəhərli qaz qoxusu ilə doldu. Məcburən əməliyyatı dayandırıb otağın havasını dəyişməli olduq. Səhərə qədər işlədik, yaralı axını yalnız səhər saat altıya yaxın səngidi.
Bizim tibb bacılarından biri yaralıları xəstəxanaya gətirən zaman odlu silahdan açılan gülləyə tuş gəlmişdi.
O vaxt bizim şöbəyə 38 yaralı daxil oldu, onlardan altısı əməliyyata qədər keçindi. İki nəfər əməliyyat zamanı öldü. Travmotologiya şöbəsinə isə həmin gecə 40 yaralı gətirmişdilər – hamısı gənc idi, ən böyüyünün 30 yaşı vardı.
M. Qasımov – Respublika Xəstəxanasının 1990-cı ildə baş həkimi:
Yanvarın 21-də xəstəxanada sarğı materialı, antibiotiklər, ağrıkəsicilər qurtardı. Bircə qan problemi yox idi, yanvarın 20-də səhər saatlarından insanlar dəstə-dəstə qanköçürmə stansiyasına gəlirdilər. Bizim xəstəxanaya da qan verməyə gələnlər vardı, tibb bacıları və həkimlərimiz də çoxlu qan verdilər. Ağsu, Beyləqan, Şamaxı və respublikanın digər şəhərlərindən olan həmkarlarımız bizi dərman və əməliyyatlar üçün lazım olan digər materialla təmin etdilər. Moskvadan və SSRİ-nin digər şəhərlərindən heç bir yardım olmadı. Yanvarın 25-də reanimasiyada o qədər yaralıdan cəmi 3 nəfəri qalmış, qalanları cərrahiyyə şöbəsinin palatalarına köçürülmüşdü. Yanvarın 25-də bütün səylər ona yönəldilmişdi ki, sovet qoşunlarının ehtimal edilən yeni hücumlarına hazır olmaq üçün dərman toplayaq.
Həkimlər hesab edirdilər ki, bu ehtimal çox yüksəkdir. Yanvarın 20-də günorta üç minədək adam qan vermək üçün bizim laboratoriyaya müraciət etdi. Biz 145 nəfərdən qan götürüb, qalanlarını respublika qanköçürmə stansiyasına göndərdik.
Soltan Əliyev – həmin xəstəxananın baş həkim müavini:
Yanvarın 20-də bölmələr üzrə növbətçilərdən başqa, həkim və tibb bacılarından ibarət 31 briqada yaratdıq, onlar bir-birini əvəz edərək gecə-gündüz xəstəxanada növbə çəkməli idilər. Bakının bütün iri xəstəxanaları belə iş qrafikinə keçmişdi. Biz dərman, ağrıkəsici, əməliyyat materialları ehtiyatını artırdıq və yaralıların yeni axınının ola biləcəyinə hazır olduq. Xoşbəxtlikdən bu, baş vermədi. Yeni kütləvi yaralı axınının qəbuluna hazırlıq prosesi olmasaydı, bizim bir çox həkim və tibb bacılarının keçirdiyi stress bir az da gərginləşəcəkdi. Bir həkim kimi deyirəm, yanvarın 20-də cərrahların şahidi olduqları mənzərə o qədər dəhşətliydi ki, onları keçirdikləri psixoloji sarsıntının fəsadlarından yalnız gözlənilən yeni axına yüksək hazırlıq tədbirləri görmək xilas edə bilərdi.
Şirin Manafov
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...