Orta əsrlərdə Azərbaycan səhiyyəsi

Orta əsrlərdə Azərbaycan səhiyyəsi

Zamanı yüz illərlə qabaqlayan müalicə üsulları

Təəssüflər olsun ki, bu gün İslam aləmi və onun sahibləndiyi elm dünyada əvvəlki gücündə deyil. Amma orta əsrlərdə müsəlman Şərqi bütün dünya elminin və mədəniyyətinin intibah mərkəzi hesab edilirdi. Elmin bütün sahələri ərəb dünyası, İran, Turan və Azərbaycanda inkişafın pik nöqtəsinə çatmışdı. Bütün elmlərdən hali olan ensiklopedik zəka daşıyıcılarına filosof adı verilirdi ki, onların tədqiqat obyekti həm dünyəvi, həm də dini elmlər olurdu. Şərq dünyasının ən böyük uğurlarından biri də o idi ki, alimlər tibbi fəlsəfədən ayırmayıb əsl xoşbəxtliyi ruhi və fiziki sağlamlığın vəhdətində görürdülər. Böyük təbib İbn Sinanın bütün əsərlərində həm ruhun kamilləşməsi, həm də vücudun sağalması əsas məqsəd kimi qabardılırdı. O, dünya tibb tarixinin ilk psixodiaqnostiki qəbul edilir. İbn Sina ilk dəfə olaraq, nəbzi yoxlamaqla insanın daxili xəstəlikləri haqqında da məlumat verirdi. Dahi təbib tibdə bir çox yeniliklərə imza atıb. Lakin bəhs edəcəyimiz əsas mövzu İbn Sina yox, Azərbaycan təbibləri olduğu üçün onun yalnız bir tibbi kəşfini diqqətə çatdırırıq: İbn Sina göz-şüa nəzəriyyəsini müdafiə edərək üst göz qapağının xaricə çıxması, davamlı olaraq ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı izahlar verib. İlk öncə müasir tibb elminin yaradıcısı İbn Sinadan danışmağımız heç də təsadüfi deyil. Hələ 980-1037-ci illərdə yaşamış böyük təbib Əbu Əli ibn Sina bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda tibb sahəsində ən tanınmış alim sayılırdı. Onun "Tibb qanunları" əsərinin ən qədim nüsxələrindən biri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.

İbn Sinadan sonra bütün Şərq dünyasında tibb sahəsində əsl inqilab baş verdi ki, bu da çox keçmədən Azərbaycanda da güclü təbiblərin yetişməsinə və şəfa ocaqlarının yaranmasına bir təkan oldu. Müsəlman alimlərindən İbn Cəssar cüzam xəstəliyini və onunla mübarizə metodlarını kəşf etdi. İbn Natiq isə əsrin bəlası sayılan vəbanın müalicəsini tapmaqla on minlərlə insanı ölümün cəngindən aldı. Kəmbur Vəsim adlı təbib vərəmi yaradan mikrobları aşkarlayıb onları məhv etməyin üsullarını tapdı. İbn Əmmar ilk dəfə göz əməliyyatını həyata keçirməklə tibb tarixində inqilab etmiş oldu. Əli ibn Abbas bədxassəli şişi əməliyyat etməklə insanların yaşamaq arzularına rəng qatdı. Daha sonra İbn Nəfisin kiçik qan dövranı prosesini kəşf etməsi, Əli ibn Ridvanın ilk xəstəxananı yaratması, İbn Baytarın ilk əczaçılıq kitabını yazması islam dünyasında tibbi başqa elmlərin zirvəsinə qaldırmış oldu.

Tibb elminin intibah dövrü

Yuxarıda sadalanan elmi faktlarla yanaşı, Cabir Şafi tərəfindən yaradılan ilk kimya laboratoriyası, Fəxrəddin Razinin kəşf etdiyi tibbi spirt, Ağ Şəmsəddinin əsasını qoyduğu mikrob nəzəriyyəsi də Azərbaycandan yan keçə bilməzdi. Çünki Azərbaycanın iqtisadi və mədəni yöndən inkişaf etmiş şəhərləri daim Şərqin elm mərkəzləri olan Bağdad, Nişapur, Şamda baş verən yenilikləri izləyir və onlarla ayaqlaşmağa çalışırdı.

ХIII-ХIV əsrlərdə təкcə Cənubi Azərbaycanda 67 хəstəхana fəaliyyət göstərirdi. Xəstəxanalarda tibb və əczaçılıq еlmləri üzrə pеşəкar mütəхəssislər çalışırdı. ХIV əsrin əvvəllərində Təbrizdə "Darüş-şifa" adlı еlmi mərкəz təsis еdildi ki, bura əslində tədris, tibb və еlmi müəssisələri, о cümlədən rəsədхananı, birləşdirən bütöv bir şəhərciк idi. Mərкəzdə Azərbaycan alim və müəllimləri ilə yanaşı, müxtəlif ölкələrdən - Çindən, Hindistandan, Suriyadan və Misirdən - dəvət оlunan mütəхəssislər də çalışırdı.

Amma burada əsas diqqət təbii ki, tibb sahəsinə idi. Akademiyanın nəzdində hələ o zaman 67 müalicə evi mövcud idi. Mərkəzdə təşkil olunan ilk sağlamlıq müəssisəsi "Rəşidiyyə" adlanırdı. Burada 50 həkim və onların hər birinin beş köməkçisi çalışırdı. Tibbin bir çox sahələri üzrə mütəxəssislər, hətta stomatoloqlar da burada hazırlanırdı. Akademiyanın nəzdində bir neçə aptek var idi. Burada işləyən həkimlərə yaşayış evləri verilirdi.

ХV əsrdə Azərbaycan höкmdarı Sultan Yaqub Təbrizdə "Yеddi cənnət" sarayını inşa еtdi. Həmin sarayda 1000 çarpayılıq хəstəхana və dünyanın hər yеrindən, о cümlədən Hindistandan və Çindən gətirilən dərman vasitələri ilə təchiz оlunan aptек vardı. Bu хəstəхanada səriştəli təbiblər çalışırdılar. "Səriştəli təbiblər" demişkən, bir az da, Azərbaycanın orta əsrlərdə yaşamış məşhur həkimlərindən danışaq:

Azərbaycan təbibləri

Bəhmənyar Azərbaycani - İbn Sinadan fəlsəfə ilə bərabər tibb elminin də sirlərini öyrənib. O, özünün "Təhsil "əsərində tibbi məsələlərdən də bəhs edib. Demək olar ki, elmin bütün sahələrində əsərlər yazan Bəhmənyarın tibbə aid yazıları əsasən müəllimi İbn Sinanın kitablarına olan şərhlərdir. Amma alimin özü də təbib kimi xeyli orijinal ideyalar irəli sürüb, müxtəlif xəstəliklər üçün müxtəlif üsullar təklif edib.

Əbdül Məcid Təbib - XIII əsrdə yaşamış bu mütəfəkkir dövrünün böyük təbibi hesab olunurdu. Onun "Dərmanlar haqqında kitab" əsərində psixiatriya, nevrologiya ilə yanaşı, tibbin bir çox digər mövzuları da araşdırılır.

Mahmud İbn İlyas - Müsəlman dünyasında tanınan azərbaycanlı təbiblərdən biridir. Onun "Tibb elmini tam əhatə edən kitab" adlı əsəri Azərbaycanda təbabətə aid yazılan ilk fundamental kitabdır.

Təbib bu kitabda yüzlərlə dərman bitkiləri və başqa təbii müalicə üsulları haqqında məlumat verib. Kitabdakı orijinal müalicə üsulları İranda və başqa Şərq ölkələrində tətbiq olunub.

Yusif Xoylu - XIII-XIV əsrlərin ən tanınmış əczaçı alimlərindən idi. O, Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub, orada tibb üzrə təhsil alıb, sonralar isə Bağdada üz tutub, orada xəlifələrin saray həkimi vəzifəsinə qədər yüksəlib. 1311-ci ildə Yusif ibn İsmayıl bütün Şərqdə şöhrətlənən "Cameyi-Bağdadi" ("Bağdad toplusu") adlı əczaçılıq ensiklopediyasını yazıb. Kitabda bir neçə min dərman bitkisindən, mineral və tibdə istifadə olunan heyvanlardan bəhs olunur.

Məhəmməd Şirvani - Şirvandan Türkiyəyə köçərək orada saray həkimi olan təbibin ən məşhur əsəri, göz xəstəliklərinin müalicəsindən bəhs edən "Mürşid"dir. Bundan başqa o, qiymətli daşların şəfaverici gücündən xəbər verən "Muradın töhfəsi" adlı kitabını Osmanlı sultanı II Murada ithaf edib.

Həkim Məhəmməd Əmin - Gilanın Lahican məntəqəsində doğulub. Təhsil almaq üçün Təbrizə yollanıb və burada tibb elmini məşhur Həkim Cəbrayil və Həkim Məhəmməd Bəqərdən öyrənib. Müəyyən müddət Təbrizdə həkimlik edib. Onun təsis etdiyi müalicəxana o qədər çox xəstə cəlb edirdi ki, başqa müalicəxanalar, demək olar ki, boş qalmışdı. O dövrdə Təbriz Osmanlıların işğalı altında idi. Təbrizin Osmanlı valisi də Həkim Əminin təcrübə və biliklərinə valeh qalmışdı və tez-tez ona müraciət edirdi. Məhəmməd Əmin səyahət etməyi xoşlayırdı. Bir gün o, Ruma (Türkiyənin Avropa hissəsinə) səyahətə çıxır, qayıdan baş isə görür ki, Şah Abbasın qoşunları Təbrizi osmanlılardan alıb. Məhəmməd Əmin dərhal şahın hüzuruna yollanır ki, ona öz sədaqət və məhəbbətini bildirsin, lakin şahın soyuq münasibətindən təşvişə düşüb Gilana qaçır. Şah Abbasın qəzəbini başa düşmək çətin deyildi. Çox güman ki, Məhəmməd Əmin Osmanlı işğalçıları ilə əməkdaşlıqda günahkar bilinmişdi. Ona görə, Məhəmməd Əmin bir daha Təbrizə qayıtmır və birbaşa Hindistana, Əbdürrəhim Hani-Hanan adlı bir xeyriyyəçinin sarayına üz tutur. "Məktəbi-Xoşməndan" ("Ziyalıların məktəbi") adı ilə tanınan bu möhtəşəm sarayda Məhəmməd Əmin hörmətlə qarşılanır və bacarığı, tibbi səriştəsi və xoş xasiyyəti sayəsində böyük şöhrət qazanır.

Azərbaycanda qeyri-adi müalicə üsulları

Orta əsrlər Azərbaycan təbabətindən danışarkən, bu dövrdə tətbiq olunan müalicə üsullarına da qısaca da olsa toxunaq. Hələ orta əsrlərdə Azərbaycanda tətbiq olunan müalicə üsulları hətta, günü bu gün Avropa həkimləri tərəfindən çox cüzi dəyişikliklər olunmaqla həyata keçirilir. Məsələn, su ilə müalicə metodu Azərbaycanda ta qədimdən var idi. Amma təbiblər sonradan bu müalicə üsulunu daha da inkişaf etdirdilər.

Orta əsrlərdə Azərbaycan təbibləri ilıq su ilə doldurulmuş vannaya üzüm yarpaqları əlavə edirdilər. Daha sonra isə 20 dəqiqə həmin vannada uzanmaqla dəridəki yaraların sağalmasına, dərinin yumşalmasına nail olurdular. Sonradan bu üsul saray hərəmxanalarında da tətbiq olundu. Hərəmxanadakı qadınlar dərilərinin gözəlləşməsi üçün üzüm yarpağı ilə dolu su vannasından yararlandılar.

Daha bir maraqlı müalicə üsulu isə noxud vannası olub. Kəskin bağırsaq ağrıları zamanı içində noxud qaynadılmış ilıq suları vannaya töküb 10-15 dəqiqə o suda uzanarmışlar. Bu üsul bağırsaq ağrılarını kəsərmiş.

Qoxu ilə müalicə üsulu da Azərbaycanda çox məşhur idi. Dövrün təbibləri xüsusən də meyvə-tərəvəzləri təzə və qurudulmuş halda qoxulamağı məsləhət görürdülər. Məsələn, qurudulmuş reyhanı ürək döyüntüləri zəif olan, nəfəsalma zamanı problemlər yaşayan insana tövsiyə edirdilər. Xəstə əsəbiləşən, gərgin olan zaman ağacdan dərilən təzə narı qoxuladardılar.

 

Elmin NURİ

 

 

 

 

VƏ DİGƏR...