Rəşid Behbudovun nəğmə dolu ürəyi
Təkrarolunmaz səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov, mədəniyyətimizin parlaq simalarından biridir. Onun musiqi və kino sahəsində misilsiz fəaliyyəti Azərbaycan incəsənətinin zəngin mərhələsini təşkil edir. Prezident İlham Əliyevin 18 mart, 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində müstəsna xidmətlər göstərmiş qüdrətli sənətkarın 100 illik yubileyi geniş şəkildə qeyd olunur.
İfa etdiyi mahnılar, səhnə və ekranda yaratdığı obrazlar, əsasını qoyduğu Mahnı Teatrı, eləcə də ictimai fəaliyyəti Rəşid Behbudovun çoxşaxəli yaradıcılığının, mənalı həyat yolunun əbədi xatırlanacaq səhifələridir.
Sənət yolunun başlanğıcı
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə, əslən Şuşadan olan tanınmış xanəndə Məcid Behbudovun ailəsində dünyaya gəlib. Şeir-sənət mühitində böyüyən Rəşid də bu sehrli aləmdən ayrıla bilməyib. Uşaq yaşlarından oğlunun musiqiyə marağını görən ata, ona xalq mahnılarını öyrədərək daha da ruhlandırıb. Beləliklə, Rəşid Behbudov musiqiyə sevgisini, sənət zövqünü bütünlüklə ailəsindən əxz edib. Yəni ali musiqi təhsili almasa da, atasının rəhbərliyi altında əsl sənət məktəbi keçib. Sənətkarın lent yazılarında xalq mahnılarının ifası zamanı muğama müraciət etməsi, həm xalq çalğı alətləri ansamblı, həm də estrada orkestrinin tərkibində milli musiqi alətlərinin müşayiəti ilə oxuması bunu sübut edir.
Rəşid hələ orta məktəbdə oxuyarkən ifa etdiyi xalq mahnıları ilə sevilirdi. 1933-cü ildə orta məktəbi bitirib Dəmiryol texnikumuna daxil olur. O vaxtdan konsertlərdə çıxış edir. Tələbələrdən ibarət "Big band" özfəaliyyət orkestrini yaradır. Bu, Gürcüstanın mədəni həyatında bir yenilik idi. O, orkestrlə konsert salonlarında, müxtəlif tədbirlərdə çıxışlar edir. Həmin müddətdə Rəşid Behbudov Gürcüstan vokal məktəbinin banisi, SSRİ Xalq artisti David Anquladze ilə tanış olur. Bu tanışlıq onun həyatında mühüm rol oynayır. Gənc musiqiçi D.Anquladzenin məşqlərində iştirak edir. Ondan opera sənətinin incəliklərini öyrənir. Bununla yanaşı, Gürcüstan Opera və Balet Teatrında xor solisti kimi işə düzəlir. 1935-ci ildən Tiflis Hərbi Qarnizonunun ansamblında solist-müğənni kimi fəaliyyətini davam etdirir. Burada tanınmış rus bəstəkarları İ.Dunayevski, M.Blanter və digərlərinin mahnılarını repertuarına daxil edir.
Zaman keçdikcə onun özünəməxsus ifaçılıq üslubu yaranır. Rəşid Behbudov hərbi ansamblla yanaşı, estrada ansamblları ilə də çıxış etməyə başlayır. Tez-tez konsert proqramları ilə Bakıya da gəlir. 1941-ci ildə Böyük Vətən müharibəsi başlanır. Müharibənin ən qızğın çağlarında müğənni döyüş bölgələrində çıxış edir.
Bəyaz pərdəyə doğru
1944-cü ildə Rəşid Behbudov Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında çəkilən eyniadlı filmdə Əsgər roluna dəvət alır. Bununla da sənətkarın yaradıcılığında yeni dövr başlayır. 1945-ci ildə ekranlara çıxan filmin əsas obrazlarının ifaçıları SSRİ Dövlət mükafatına layiq görülürlər. Əsgər obrazı Rəşid Behbudov yaradıcılığının və sənətkarlığının yüksəlişi üçün mühüm bir pillə olur. Məhz bu filmdən sonra onun yaradıcılıq yolunda yeni mərhələlər, səhifələr açılmağa başlayır. Onu da deyək ki, maestro Niyazi və bəstəkar Tofiq Quliyev, sənətkarı bu rolda çəkilməyə çətinliklə razı salmışdılar.
Bundan sonra bir sıra musiqili filmlərə dəvət alan Rəşid Behbudov çoxcəhətli istedadını tamaşaçıya çatdırmağa müvəffəq olur. Müğənnilik və aktyorluq keyfiyyətlərinin vəhdətini biz sənətkarın çəkildiyi filmlərdə daha aydın görə bilirik. 1955-ci ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Bəxtiyar", 1975-ci ildə çəkilmiş "Min birinci qastrol" filmləri də bu sıradandır.
Buna qədər müğənni 1953-cü ildə "Bakı" kinostudiyasında istehsal edilən "Doğma xalqıma" adlı bədii-sənədli filmdə (rejissor Mixail Romm, Hüseyn Seyidzadə, ssenari müəllifi Həsən Seyidbəyli) rol alır. Bu, ilk musiqili Azərbaycan filmlərindəndir. Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bu ekran işi haqqında yazır:
"Film-konsert janrında çəkilmiş bu kinolent incəsənət ustalarının Azərbaycan zəhmətkeşlərinə yaradıcılıq hesabatıdır. Respublikanın rayonlarına qastrol səfərlərinə yola düşən artistlərə Rəşid Behbudov özü rəhbərlik edir".
1940-cı illərdən kino musiqisi sahəsində fəaliyyətə başlamış görkəmli bəstəkar Tofiq Quliyevin "Bəxtiyar" filminin Rəşid Behbudov səsinin və sənətinin, istedadının tam açılmasında mühüm rolu olub. Lətif Səfərovun rejissoru olduğu filmdə Rəşid Behbudov və Tofiq Quliyevin işbirliyi qabarıq surətdə özünü büruzə verir. Filmdə müğənninin bir-birindən fərqli janrlarda, yüksək ifaçılıq qabiliyyəti ilə təqdim etdiyi mahnılar ekran əsərinin uğurlu alınmasında az rol oynamayıb. Filmdə səslənən "Bakı haqqında mahnı", "Zibeydə" və tanqo ritmli "Sevgilim" mahnıları ifaçının estrada səhnəsindəki uğurlarının təcəssümüdür.
Məlahətli səs, aydın tələffüz
Rəşid Behbudov həm də əsl konsert müğənnisi idi. Musiqişünaslar qeyd edir ki, vokal sənətində səs aparıcı rol oynayırsa, konsert ifaçılığında "musiqili söz", sözün çəkisi daha üstündür. Konsert ifaçıları üçün qüsursuz, təmiz diksiya əsas şərtlərdən biri kimi qəbul edilir. Bu, muğam sənətində də belədir. Musiqi sənəti tariximizdə çox az sənətkar gözəl səslə bərabər, təmiz və düzgün diksiyaya malik olub.
Rəşid Behbudov da nadir müğənnilərdən idi ki, onun səsi ilə tələffüzü qırılmaz surətdə bir-birinə bağlıdır. Onun ifasında səs və söz bir-birini tamamlayır. Bu cür tandem məlahətli ifada mahnının estetikasını daha da gücləndirir. Bu bacarıq müxtəlif dillərdə ifa etdiyi bütün mahnılarda özünü göstərir. Gözəl ifa, musiqi duyumu, aktyorluq qabiliyyəti və yüksək səhnə mədəniyyəti sənətkarı tamaşaçıya sevdirən, yüksək zirvələrə qaldıran cəhətlər idi.
O, xalq mahnılarını da özünəməxsus tərzdə ifa edirdi. "Gözəlim sənsən", "Küçələrə su səpmişəm", "Laçın" və s. mahnılar məhz onun ifaçılıq tərzində xalqın yaddaşına həkk olunub. O, xalqın yaddaşında yaşayan mahnıları öz süzgəcindən keçirərək xalqa yeni cizgilərlə təqdim edirdi. Bu da Rəşid Behbudovun özünəməxsusluğunun bir göstəricisidir. Sənətkar xalq mahnıları ilə yanaşı, bəstəkar mahnılarına da müraciət edib, repertuarında özünün bəstələdiyi mahnılara da yer ayırıb. "Ankara və İstanbula salamlar", "Gəncə" bu qəbildəndir.
Mahnı Teatrında yaşanan ikinci ömür
Bakıdakı Mahnı Teatrı ölməz ifaçının həyata keçirdiyi ən böyük layihə idi. Bu layihədə mahnı səhnədə öz təsvirini tapa bilirdi.
1968-ci ildə yaranan bu sənət ocağı haqqında sənətkar sonralar deyirdi: "İstəyirdim, elə bir kollektiv yaradım ki, xalq musiqimiz, muğamlarımız, qədim rəqslərimiz, müasir xoreoqrafiya, bəstəkarların yazdığı instrumental, vokal əsərlər, estrada, caz, milli alətlərimiz bu kollektivdə konsert zamanı birləşsin. Tamaşaçı bir neçə saatlıq konsert zamanı Azərbaycan mədəniyyəti ilə yaxından tanış ola bilsin".
Rəşid Behbudov ictimai fəaliyyətlə də məşğul olub. SSRİ Ali Sovetinin deputatı olan böyük ifaçı keçmiş sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edib, xalq mahnılarımızın və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xaricdə populyarlaşması istiqamətində çox böyük xidmət göstərib. O, getdiyi bütün ölkələrə nəğmə dolu ürəyində Vətəni Azərbaycanı da aparırdı.
1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adları verilib. Bununla yanaşı, "Lenin", "Qırmızı əmək bayrağı", "Xalqlar dostluğu" ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülüb. Rəşid Behbudovun məlahətli səslə oxuduğu mahnılar bu gün də qəlblərə yol tapır, zövqləri oxşayır və şübhə yoxdur ki, hər zaman də belə olacaq.
Lalə AZƏRİ
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...