Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının növbəti iclası keçirilib
Oktyabrın 16-da ARNK yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının növbəti iclası keçirilib. İclasda «Azərbaycan dilinin orfoqrafiya lüğəti» nin 6-cı nəşri, ölkə üzrə dil və tərcümə işinin təkmilləşdirilməsinə dair hazrılanmış Dövlət Proqramının layihəsi müzakirə olunub. İclası giriş söz ilə Şuranın sədri Afaq Məsud (Tərcümə Mərkəzinin direktoru) açaraq, Azərbaycan dilinin tətbiqi, düzgün işlədilməsi və tərcümə işinin təşkili ilə bağlı Mərkəz tərəfindən aparılmış araşdırmaların nəticələri barədə fikirlərini bildirib:
- İl ərzində Mərkəz dövlət qurumlarında dil və tərcümə işinin təşkili ilə bağlı yoxlamalar aparıb. 67 qurum üzrə aparılan yoxlamalar nəticəsində bu sahədə ağır durumun yaşandığı, rəsmi və beynəlxalq yazışmalarda Azərbaycan dilinin və tərcümənin norma və qaydalar üzrə tətbiq edilmədiyi və bu səbəbdən yolverilməz anlaşılmazlıqlar və yanlışlıqlar yaratdığı aşkarlanıb. Eyni mənzərə Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin və tədris vəsaitlərinin tərtibində, həmçinin kütləvi informasiya vasitələrində həyata keçirilən dil və tərcümə proseslərində, eləcə də ədəbi dilin işləndiyi digər sahələrdə də aşkar edilib. Mövcud durumu yaradan səbəblər dərin və müfəssəl şəkildə araşdırılarkən, dil və tərcümə sahəsində yaşanan bu mənzərənin bir sıra subyektiv və obyektiv amil və səbəblərdən qaynaqlandığı üzə çıxıb. Burada, ilk növbədə, təbii ki, Azərbaycan dilinin tədrisi məsələsi gündəmə gəlir ki, bu mövzuya gündəliyimizdə duran ikinci məsələnin müzakirəsində toxunacağıq. Digər, daha əsaslı məqam - dilin ilkin təyinatçısı və göstəricisi olan, Azərbaycan dilinin söz ehtiyatını və yazılış qaydasını müəyyən edən müvafiq nəşrlərin bu sahədə yaratdığı əngəllərdir. Söhbət, yaxın illərdə işıq üzü görən «Azərbaycan dilinin orfoqrafiya lüğəti» ndən gedir. Bu gün rəsmi yazışmalarda, dərslik və tədris vəsaitlərinin hazırlanmasında, kino, efir və dublyaj və s. mətnlərinin tərtibində, həmçinin geniş xalq kütləsinin hər sahədə istinad və istifadə etdiyi, yararlandığı bu kitab, təəssüflə bildirməliyəm ki, dilimizə, leksik mədəniyyətimizə yad, çox vaxt yazılış qaydası, sanki qəsdli şəkildə təhrif olunan söz və ifadələrlə doludur. Əvvəla nəzərinizə çatdırım ki, yaranmış vəziyyətin aradan qaldırılması məqsədi ilə Mərkəzdə artıq yeni «İşlək Azərbaycan dili lüğəti» üzərində iş gedir. Və biz bu işə ölkənin tanınmış dilçi-alimlərini, lüğət mütəxəssislərini də cəlb etmək niyyətindəyik. Bu kitabdan müəyyən hissəni sizə də təqdim etmişik ki, öz fikir və mülahizələrinizi, təklif və iradlarınızı bildirəsiniz. Kitabın müzakirəsinə başlamazdan əvvəl bunu da bildirməliyəm ki, Mərkəz dil və tərcümə sahəsinə nəzarətedici dövlət qurumu olaraq, indiki halda bu nəşrdən istifadəni məqsədəuyğun saymır. O səbəbdən ki, aparılan təhlil, kitabda yer alan 50 000-dən çox sözün ədəbi dil qaydalarına uyğun tərtib edilmədiyini, sözlərin yazılış qaydasının pozulduğunu, yüzlərlə terminoloji, qəliz ərəb, fars və ara sözlərinin, şivə və dialektlərin əlavə olunduğunu aşkar edib. Kitabın tərtibində yol verilmiş ən böyük xəta - lüğət spesifikliyinin, sahə formatının nəzərə alınmaması, müxtəlif sahəli lüğətlərdə yer almalı olan sözlərin bir araya gətirilərək, söz xaosu yaratmasıdır. Kitabda yüzlərlə dərman adlarının, kimyəvi element adlarının, tibb, coğrafiya, hüquq, iqtisadiyyat, astrologiya və s. sahələrdə işlədilən spesifik terminlərin yer alması da təəccüb doğurur. Bu sözlərin öz lüğətləri var. Terminoloji, izahlı lüğətlər, sahələr üzrə, hüquq terminləri, iqtisadi terminlər lüğəti və s. və ilaxır. Digər təəccüb doğuran məqam, lüğətdə yüzlərlə izahı olmayan, dilimizdə işlədilməyən əcaib sözlərin yer almasıdır. Məsələn, «ağu», «ağulu», «ağvalideyn», ağyağız», «ağzıbütün», yaxud, «alaçalnov», «axartı», «alahı», «alafa», «alaqandan», «alaban», «alabayraq», «alacanlandırma», «alacahöyük» və s. Saymaqla bitmir. Və ən faciəli olanı - kitabda yer alan bütün sözlərin, bu naməlum sözlər də daxil olmaqla, inkar və təsdiq, zaman və məsdər formasında və ismin bütün hallarında yüzlərlə ekvivalenti ilə birgə verilməsidir. Kitabın digər bəlası - nə ədəbi dildə, nə də şifahi danışıq dilində işlədilməyən ara sözlərlə, əcaib şivə və dialektlərlə dolu olmasıdır. Şivə və dialektlərin dilimizi zənginləşdirməsini inkar etmirik, lakin burada yer alanları dialekt, ya şivə adlandırmaq da olmur: «ağzıheyvərə», «ağzımavay», «ağzıolaqlı», «ağzıharfa», «alax-bulax», «alaxana-balaxana», «ax-tüf», «axtarmamotal» və s. Dialekt və şivələr lüğəti ayrı olmalıdır. Bu, dünya praktikasında da belədir. Əgər biz «orfoqrafiya lüğəti» deyiriksə, burda sırf ədəbi dilin bazasından istifadə edilməlidir.
Kitabın tərtibində yol verilmiş növbəti yanlışlıq - dilimizdə işlədilən söz birləşmələrinin bitişik yazılmasıdır. Məsələn, intonasiyanın da açıq-aydın bildirdiyi «ağ ciyər», «qara ciyər», «ağ üz», «yaşıl yarpaq», «ağ yun», «axır zaman», «ağ yataq» və sair bu kimi ifadələrin kitabda bitişik verilməsi təəccüb doğurur: «ağciyər», «qaraciyər», «ağüz», «yaşılyarpaq», «ağyun», «axırzaman», «ağyataq» və s. Əgər «ağ ciyər» sözü qorxaq adam mənasında «ağciyər» kimi işlənirsə, bu, bu sözün və eləcə də o biri sözlərin bu sayaq təhrif edilməsinə əsas vermir. Digər xoşagəlməzlik sözlərin yazılışında yol verilmiş qrammatik xətalardır. Məsələn, «ah-nalə», nədənsə, «ahu-nalə», «ah-vay», nədənsə, «ahu-vay», «ah-zar», nədənsə, «ahu-zar» kimi, «zəncirvari», nədənsə, «zəncirvarı», «qövsvari», nədənsə «qövsvarı», «yumurtavari», nədənsə «yumurtavarı» və s. kimi verilməsinin səbəbi anlaşılmır. Ölkə, şəhər və adam adlarının kitabın axırında ayrıca verildiyi halda, həm də mətndə, üstəlik kiçik hərflə verilməsi də təəccüb doğurur. Ağstafa, Ağsu şəhərlərinin adının kiçik hərflə verilməklə yanaşı, qarşısında «şərab» kimi izahın verilməsi acı gülüş doğurur. Bir yazıçı kimi, mənim üçün ən ağrılı məqam isə «Azərbaycan dilinin orfoqrafiya lüğəti» adlanan bu kitabın fars sözü olan «ab» la başlamasıdır. Bəli, dilimizə çox sayda ərəb, fars mənşəli söz və ifadələr qarışıb, lakin, dilimizdə işlədilməyən «ab» (su) sözünün Azərbaycan dili kitabının ilk sözü kimi təqdim edilməsi, düşünürəm ki, nə dilimizə, nə də mənliyimizə şərəf gətirmir. Sözügedən lüğət Dilçilik İnstitutu tərəfindən hazırlanmış 6-cı nəşrdir.
Daha sonra Şuranın üzvləri - Bakı Slavyan Universitetinin rektoru, professor A.Hacıyev, Dövlət İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyev, Əlyazmalar institutunun direktor müavini, professor Paşa Kərimov, Mərkəzin Aparat rəhbəri Yaşar Əliyev, şair Ramiz Rövşən və Mərkəzin Elm, təhsil və mədəniyyət şöbəsinin dil mütəxəssisləri Bəhlul Abbasov və İlqar Qasımov məsələyə dair fikir və mülahizələrini bildiriblər.
İclasın geniş mətni «Aydın yol» qəzetinin 23 okyabr tarixli sayında nəşr ediləcək.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...