Qubadlı qubarı
Mətanət xala 1993-cü ilin 31 avqustunda erməni qəsbkarları tərəfindən işğal olunan Qubadlı qaçqınıdı. Gəlin getdiyi kənddən didərgin düşəndən bəri iki uşağı, yoldaşı və qayınanası ilə Sumqayıtdakı peşə məktəblərinin birində məskunlaşıb. Qubadlı İcra Hakimiyyətinin Ərazi-idarəetmə şöbəsinin müdiri Məhəmməd Həsənovla rayonun işğalı ilə bağlı görüşə gedəndə həmin qadının söylədikləri yol boyu yadımdan çıxmırdı. O, köçkün həmyerlilərimizdən, iş yerimizdə otaq, avtobusda, metroda yol yoldaşlarımızdan, soydaşlarımızdan biridi. Nə olsun ki, hamının danışmaq, dərdini paylaşmaq imkanı olmur. Deyilənlər, bəsimizdi ki, o məşum gün haqqında kifayət qədər təsəvvürümüz olsun. Söhbəti yarıda ona görə kəsirəm ki, artıq Qubadlı rayonu İcra Hakimiyyətinin Sumqayıtda yerləşən binasına çatmışam.
Bina səhv etmirəmsə, keçən il əsaslı təmir edilib. İçəri olduqca səliqəli və rahatdı. Qapıda dayanmış polis əməkdaşına özümü təqdim edib, Məhəmməd müəllimin otağına qalxdım. Salamlaşandan sonra o, yarızarafat-yarıciddi ilk dəfə müsahibə verdiyini vurğuladı:
- İcra Hakimiyyətində iyirmi ildən artıq təlimatçı işləmişəm. Bu yaxınlarda məni yeni vəzifəyə təyin ediblər. Qubadlı rayonu qərbdən Ermənistan Respublikası, şimaldan Laçın rayonu, şimal-şərqdən Dağlıq Qarabağ ilə həmsərhəddi. Məlum olduğu kimi 1988-ci ildə münaqişə başlayanda, Qərbi Azərbaycandan 250 minə yaxın azərbaycanlı öz yurdundan-yuvasından qovuldu. Separatçı qüvvələr fəallaşmağa başladı və Dağlıq Qarabağın Ermənistana birləşməsini tələb etdilər. Elə həmin vaxtdan etibarən mütəmadi olaraq rayon atəşə tutulurdu. Yerli əhali gah girov götürülür, gah qətlə yetirilirdi. Bunun qarşısını almaq məqsədi ilə rayonda könüllülərdən ibarət özünümüdafiə dəstələri yarandı. Əhali həm özünü müdafiə edir, həm də təsərrüfat işləri ilə məşğul olurdu. Mütəmadi olaraq rayona mərmi atırdılar. Adamların çoxu həyətlərində xəndək düzəltmişdi ki, mərmi atılanda qaçıb gizlənə bilsinlər. Bəziləri isə hündürmərtəbəli binaların altındakı zirzəmilərə sığınırdı. Erməni silahlı qüvvələrinin hücumları zamanı 238 Qubadlı sakini şəhid oldu. Onlardan 122-si döyüşçü, 116 nəfəri isə dinc sakin idi.
1988-ci ildən 1993-cü ilə qədər düz beş il sərasər Qubadlının hər günü mərmi, güllə yağışı altında keçib. 1993-cü ildə Cəbrayıl və Füzuli rayonları işğal olundu. Bundan sonra Qubadlı rayonu demək olar ki, artıq mühasirədə idi.
Ermənistan, Laçın və Cəbrayıl istiqamətlərindən Qubadlıya hücumlar oldu və qüvvələr qeyri-bərabər olduğundan əhali rayonu tərk etmək məcburiyyətində qaldı. Heç kim evindən əşya çıxara bilmədi. Qubadlı rayonu Həkəri və Bərgüşad çaylarının arasında yerləşir. Bərgüşad Ermənistan tərəfdən axır, Həkəri isə Laçından. Rayonun Həkəri çayı istiqamətində olan kəndlərinə - Xanlıq, Basarat, Muradxanlı kəndlərinə hücum olundu. Biz bu hücumu gözləmirdik. Rayonlar işğal olunduğundan kömək istəyəcək ünvan da qalmamışdı. Amma Laçında döyüşlər gedəndə Qubadlı könüllüləri getdi. Milli qəhrəman Əliyar Əliyev bilirsiniz ki, Laçında gedən döyüşlərdə şəhid oldu. Bizim rayonun səkkiz Milli Qəhrəmanı var.
O vaxt icra başçısı Həkəri çayı sahilindəki kəndlərdəki vəziyyətə nəzarət etmək, əsgərlərdə, yerli əhalidə ruh yüksəkliyi yaratmaq məqsədi ilə oralara mən də daxil olmaqla işçiləri ezam etmişdi. Mən Mərdanlı kəndində idim. Atamgil orda qalırdı. Ermənilər günortadan başlayaraq bütün silah növlərindən atəş açmağa başladılar. Onda mən Qubadlının Cəbrayıla ən yaxın postu olan Zilanlı postunda idim. Ermənistan və Dağlıq Qarabağ tərəfdən atırdılar. Yolda gördüm ki, artıq camaat qaçır. Mən də özümü atamgilə çatdırıb, qonşunun maşını ilə ailəmi çıxartdım. Ailəmi İmişlidə Şuşadan qaçqın gəlmiş qohumların yanında qoyub, Məmmədbəyli kəndinə vəziyyəti öyrənməyə getdim. Məmmədbəyli Zəngilanın Qubadlı ilə sərhəd kəndidi.
Görəndə ki, hərbçilər yolu bağlayıb, başa düşdüm ki, daha kəndlərə gedə bilmərik. Sumqayıta gələndə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə boş otaq tapa bilmədim. Sumqayıtda on üç evdə kirayə yaşamışam. Çox çətin vəziyyət idi. Adamların məskunlaşdığı yerlərin nə kanalizasiya sistemi var idi, nə qapı-pəncərəsi, nə qazı-işığı. Çarəsiz köçkünlər elə yarımçıq tikililərə sığınmışdı ki, sadəcə orda beton var idi. Qapıya palaz, pəncərəyə adyal tutub qalırdılar. Sonra Nərimanov adına Mədəniyyət Evində məskunlaşdım. Sağ olsun yerli əhali, bizə çox kömək etdilər. Bəziləri əslən Qubadlıdan olub Sumqayıtda yaşayan zavod direktorları, müəssisə rəhbərləri hər biri öz idarəsində köçkünlərə yaşamaq üçün yer təklif edirdilər.
Məhəmməd müəllimin dediyinə görə rayon rəhbərliyi rayon əhalisinin əksəriyyətinin Sumqayıtda məskunlaşmasını nəzərə alaraq Qubadlı İcra Hakimiyyətinin də bura köçürülməsinə qərar verib:
- Rayonun otuz iki min əhalisindən iyirmi iki mini Sumqayıtda məskunlaşıb. Sumqayıt yeni yarananda müxtəlif dağ kəndlərindən bura işləməyə xeyli adam gəlmişdi. O cümlədən, Qubadlıdan da. Kiminin oğlu, kiminin əmisi, kiminin dayısı burda yaşayırdı. Ona görə də hamı öz qohumunun yanına gələsi oldu və beləcə Qubadlı əhalisi əsasən Sumqayıtda məskunlaşdı.
Bilirik ki, qaçqın və məcburi köçkünlərlə bağlı bir çox layihələr reallaşıb. Suallarımdan biri də adamların icra hakimiyyətindən daha çox nə umduqları ilə bağlı idi.
- Bildiyimiz kimi, dövlət proqramı çərçivəsində məcburi köçkünlər üçün qəsəbələr tikilib. Ailələr böyüyür, insanlar əvvəllər yaşadıqları yataqxana, bağça otaqlarına sığışa bilmirlər. İndi daha çox rayon üçün bir yaşayış massivinin salınması istəyi var.
Məhəmməd müəllim əhalinin dolanışığından danışdı. Ağır həyat keçirən insanların hekayətlərini hamımız ürək ağrısı ilə dinləmişik. Hamıya ağır idi, çətin idi. Amma isti ocağından didərgin düşmüş Mətanət xalanın dedikləri bir zəngdi - əcəl zəngimi, zəfər zəngimi, ona özünüz qərar verin:
"Həyata yenidən başlamağın, özü də iki körpə uşaqla, evsiz, əyin-başsız, yorğan-döşəksiz, qab-qacaqsız yaşamağın necə ağır olduğunu təsəvvür etmək olar, ancaq onun ağırlığını yalnız bizim kimi köçkünlük həyatını yaşayanlar bilər. Pul yox, iş yox. Elə vəziyyət idi ki, şəhərdə yaşayan qohumlarımız da çətinliklə dolanırdı. Səhər açılanda hamı bir parça çörəyin dalınca qaçırdı. Üzüm yığımı vaxtı idi. Üzümlük sahələri sahibsiz qalmışdı. Onları qurd-quş dimdikləyirdi. Yoldaşımla belə qərara gəldik ki, gedib üzümlərdən yığıb şəhərdə sataq. Beləliklə, Cəbrayılın Veysəlli kəndinə yollandıq. O üzümlüklər uşaqlarımı acından ölməyə qoymadı. Hər an qarşımıza bir erməni çıxa bilərdi. Postda əsgərlər deyirdi ki, sizi əcəl girləyir. Bilirsiz, necə ağır idi, boş qalmış kəndləri görmək? Yolun kənarındakı evlərə baxdıqca gözümün yaşı sel kimi axırdı. Həyətlərdə kiminin uşağına asdığı nənnisi qalmışdı, kiminin içinə odun qoyulmuş samovarı. Yoldaşım maşını düzəltməyə başlayanda səbrim tükəndi. Gözündən yayınıb, lap yaxınımızda olan evə tərəf getdim. Pəncərəyə yaxınlaşdım. Alnımı şüşəyə dayadım. Mətbəxdə qaz yanılı idi. Hiss olunurdu ki, yemək süfrəsindən təzəcə qalxıblar. Stulun başında hərbi paltar görəndə dərhal geri qayıtdım. Maşın düzəldi və biz yığdığımız üzümləri şəhərə gətirib satdıq. Amma boş qalmış nənni indiyəcən gözlərimin qabağından getmir ki, getmir".
Feyziyyə
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...