Milli istiqlalımızın 97-ci ili
Milli azadlıq hərəkatı tariximizi, onun öncüllərini, xüsusən M.Ə.Rəsulzadəni düşündükcə, unudulmaz Mirzə Cəlilin xatiratında “yazdığı” “gözümü dünyaya açanda “Allahu Əkbər” nidasını eşitdim” sözləri yadıma düşdü. Nədənsə, mənə elə gəldi ki, o da xatirələrini yazmış olsaydı, ilk səhifəni bu sözlərlə başlayardı. Bəli, “Allahu Əkbər” dilinin əzbəri olub, çünki qəti əmin idi ki, Allah da birdir, vətən də.
Adı şifahi fərmanlarda “unudulsun” hökmü ilə möhürlənsə də, doğma torpağından, həmvətənlərindən uzaq salınsa da, o, ürəyində Azərbaycan boyda nisgil daşıdı. Talesiz Almaz İldırımın bağrından qopub dilini, dodaqlarını yandıran “Azərbaycan, mənim tacım, taxtım oy!” nidası onun da ürəyini qovururdu. İçində poetik bir dünya yaşatsa da, o, şair deyildi, daha çox mütəfəkkir idi. Söylədiyi dərin, sərrast, tutumlu fikirlər qafiyəsiz idi, amma cansız deyildi, ürəklərə yol tapa bilir, yaşayırdı: “...bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz” – belə bir amala tapınmışdı. Rəsmi dövlət dairələri tərəfindən tanınmayan, ən yaxşı halda yasaq edilən həmvətənimiz – XX əsrdə Azərbaycanımızın yetirdiyi ən görkəmli dövlət xadimlərindən biri, Məhəmməd Əmin Rəsulzadə...
İslam tarixindən bəlli olduğu kimi peyğəmbərimiz həzrət Məhəmməd (s.a.s) hələ gənc yaşlarında ikən, olduqca təmkinli, dürüst və ədalətli olduğu səbəbindən qohum-əqrəbası onu Məhəmməd Əmin çağırırmışlar. Övladına bu adı verən Axund Ələkbərin də ürəyində oğlunu təmkinli, millət üçün faydalı iş görən, müqəddəs əqidələr yolçusu kimi görmək niyyəti olub. Və hər dəfə namaz üstə “Ya rəbbim, arzumu ürəyimdə qoyma” deyib, pərvərdigardan bu mətləbi diləyib. Zaman göstərdi ki, Allah axundun dualarını eşidib, məhz elə bir ömür bəxş elədi Məhəmməd Əminə.
Cavan yaşlarından Qurani-Kərimi öyrəndi, peyğəmbərimizin dühasını, təsirini duydu, İslam prinsiplərini zəruri ideoloji bünövrə kimi qəbul edib, milli ideyanın qanadlarından biri olduğuna inandı. Oxuduğu şəxsiyyətlər içərisində Homer vardı, Höte, Şekspir, L.Tolstoy, Dostoyevski, Puşkin, Servantes, Russo, Marks vardı. Amma onun “könlünün sevgili məhbubi” Nizami idi, Füzuli idi, Mirzə Cəlil və Sabir idi. Bir də H.Cavidə, Yunis İmrəyə “bayılırdı”.
Bir zamanlar pyeslər və şeirlər yazan, Qorki əsərlərindəki inqilabi ruhu bəyənən, hətta “Ana” romanını dilimizə çevirən Məhəmməd Əmin, daha sonralar onun “bəsit proletarçılığından” bıkdı, daha oxunaqlı və faydalı hesab etdiyi Tolstoya, Dostoyevskiyə üz tutdu.
Siyasi fəaliyyəti, milli istiqlal mücadiləsi ilə bağlı görüşlərini zaman-zaman qələmə alan M.Ə.Rəsulzadə ayrı-ayrı illərdə, mətbuatla, o cümlədən “Füyuzat”, “İrşad”, “Tərəqqi”, “Azərbaycan”, “Təkamül”, “Açıq söz” kimi qəzetlərlə əməkdaşlığa qoşuldu, siyasi-ictimai mühitin formalaşmasına, həmvətənlərində milli istiqlal ruhunun mətinləşməsinə namusla xidmət etdi. Azərbaycan istiqlalı yolunda yaşanan mərhələlərdə M.Ə.Rəsulzadə “Azərbaycan davasının” nəzəri məsələlərini, bu gün xüsusi əhəmiyyət daşıyan kitablarında işləyib hazırladı.
“Bizə hansı hökumət lazımdır”, “Azərbaycanda hürriyyət savaşı”, “Camaət iradəsi”, “İstiqlal məfkurəsi və gənclik” kimi əsərləri M.Ə.Rəsulzadəni hər şeydən əvvəl milli istiqlal hərəkatının görkəmli nəzəriyyəçisi kimi də tanıtdırdı.
Bəlli həqiqətdir ki, xalqımızın soykökü əsrlərin keşməkeşindən keçib gəlmiş qədim, həm də çoxcəhətli türk mədəniyyəti əsaslarına dayaqlanır. Əcnəbilər tərəfindən ekzotik qəbul edilən türk mənəviyyatı, islam mədəniyyəti qaynaqları ilə birləşərək bu günün özündə belə öz fenomeni ilə digər millətlərin diqqətini cəlb edən azərbaycanlı mentalitetini formalaşdırmışdır. Odur ki, bolşevik istilasını qəzəblə pisləyən və ömrünün sonuna qədər həmin rejimə qarşı ardıcıl mücadilə aparanlardan biri olan Məhəmməd Əmin Rəsulzadənin fikrincə, “...Müsəlman və türk məmləkəti olması etibarilə Qafqaziya, Azərbaycan nə din, nə irq, nə də kültür baxımından kəndisi ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur. Və məlum olduğu üzrə tarixi ənənəsi türk və İslam düşmənliyinə dayanan bu dövlətə heç bir zaman isinmədiyindən gərək türkçülük və gərəksə islamçılıq ideyaları burada daima canlı inikaslar bulmuşdur”.
Bu gün Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Məhəmməd Əminin söylədiyi “...Biz millətə milli istiqlalı dadızdıra bildik” ifadəsini xatırladıqca qürur hissi keçiririk. Çünki, həmin sözlər onun acı təəssüfü deyil, gələcəyi görməyi bacaran, zamanın enişində büdrəmiş bir millətin sözləridir. Həmin sözlərin ifadə etdiyi həqiqətin şirinliyi bu gün də duyulmaqdadır.
İkinci vətən bildiyi Türkiyənin Ankaradakı qəbiristanında əbədiyyətə qovuşan Məhəmməd Əmin Rəsulzadə cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin sönmüş ocaqlarının, daha sonralar, yəni əsrin sonunda bir daha közərməsini, dünyanın hər qitəsindən görünən nəhəng dilli alovlarla yandığını, bu gün artıq 23 ilini tarixə yazan Müstəqil Azərbaycan Respublikasını, onun müasir iqtisadi qüdrətini, dünya birliyindəki yerini, çağdaş gəncliyini, bu gəncliyin arxasında durub fəxr etdiyi dövlət başçısının heyrətamiz əməllərini görsəydi, yəqin ki, çox sevdiyi sözləri – “Yaşa, yaşa Azərbaycan” – deyərdi.
İsrafil İsrafilov, Əməkdar incəsənət xadimi, professor
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...