Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Tədbir çərçivəsində, həmçinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından işıq üzü görən nəşrlərin və “Xəzər” bədii tərcümə jurnalının yeni nömrələrinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Tərcümə Mərkəzinin fəaliyyəti haqında geniş məlumat verilib və slaydlar nümayiş olunub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamı ilə yaradılıb. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
Mərasimdə çıxış edən Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli Tərcümə Mərkəzinin fəaliyyətini təqdir edərək çox az vaxtda - 6 ay ərzində böyük işlər görüldüyünü vurğulayıblar.
Məlumat verilib ki, müsabiqədə tanınmış tərcüməçilərlə yanaşı gənclərin də yaradıcılığına diqqət yetirilib. Tərcümə əsərlərinin qəbul müddətində müsabiqəyə ingilis, rus, polyak, ispan, alman, fransız, fin, ərəb, fars, özbək, türk dillərindən edilən 115 tərcümə əsəri təqdim olunub. Müsabiqə 3 mərhələdə keçirilib. Birinci mərhələdə təqdim olunan əsərlərin orijinala adekvatlığı Mərkəzin dil ekspertləri və ölkənin dilçilik üzrə mütəxəssisləri tərəfindən yoxlanılaraq qiymətləndirilib. İkinci mərhələdə 115 əsərdən 20-si seçilib. Üçüncü mərhələdə isə münsiflər heyəti həmin iyirmi əsərdən onunu, daha sonra qalib əsərləri seçib. Müsabiqə qalibinin tərcümələri kitab halında nəşr olunacaq.
Sonra çıxış edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi peşəkarlığın önə çəkilməsidir. Odur ki, müsabiqədə ən yaxşı poeziya əsərinin tərcüməsi nominasiyasının üç yeri boş saxlanılıb. Nəsrə gəlincə isə vəziyyət çox yaxşıdır. Birinci yer ən cavan iştirakçıya verilib. “Biz I, II, III yer deyirik. Lakin əslində hər üç yer özlüyündə birinci yerdir. Çünki I mükafat orijinaldan edilən ən yaxşı tərcüməyə, II mükafat ikinci dildən edilən ən yaxşı tərcüməyə, III yer Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdırılan ən yaxşı əsərə aiddir” – deyə A.Məsud vurğulayıb.
Qeyd olunub ki, “Dəf(i)nə yarpağı” Bədii Tərcümə Mükafatı bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə işinin stimullaşdırılması və təkmilləşdirilməsi istiqamətində Mərkəzin həyata keçirdiyi əhəmiyyətli layihələrdəndir. İki ildən bir keçirilməsi nəzərdə tutulan bu müsabiqəyə nəsr və poeziya nominasiyaları üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir. “Dəf(i)nə yarpağı” ölkənin ən mötəbər tərcümə mükafatıdır.
Daha sonra qaliblər mükafatlandırılıb. Ən yaxşı nəsr əsərinin orijinaldan tərcüməsi nominasiyasında birinci yerə Şevrud Andersonun “Allahın qüdrəti” hekayəsinin tərcüməsinə görə Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Təvəkgül Zeynallı layiq görülüb. İkinci yerə Akif Əli Mayk Gelprinin “Şam yanırdı” əsərinin ikinci dildən uğurlu tərcüməsinə, üçüncü yerə Şərif Ağayar Səbahəddin Əlinin “Asfalt yol” hekayəsinin Azərbaycan dilinə uyğunlaşdırılmasına görə layiq biliniblər.
Müsabiqənin ən yaxşı nəsr əsərinin tərcüməsi nominasiyası üzrə həvəsləndirici mükafat Şəfiqə Şəfaya Konstantin Paustovskinin “Alabalıqların üzdükləri kiçik çaylar” hekayəsinə, ən yaxşı poeziya nümunəsinin tərcüməsi nominasiyası üzrə həvəsləndirici mükafat isə Nuri Əlizadəyə Aleksandr Blokun şeirlərinin tərcüməsinə görə verilib.
Mərasimdə, həmçinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından kitabların, eləcə də “Xəzər” dünya ədəbiyyatı jurnalının təqdimatı olub. Bildirilib ki, layihə çərçivəsində Xuan Rulfonun “Pedro Paramo”, Akutaqava Rünoskenin “Tanrıların istehzası”, Ernest Heminqueyin “Qadınsız kişilər”, Yasmina Mixayloviçin “Xəzər dənizinin sahillərində”, Matilda Urrutianın “Pablo Nerudayla yaşanan ömür”, sufi mətnlərindən seçmələr – “Xilas yolunun yolçuları”, dünya şairlərinin şeirlərindən seçmələr – “Bəşəri poeziya” və “Serbcə-azərbaycanca lüğət” kitabları nəşr olunub.
Qeyd olunub ki, “Xəzər” dünya ədəbiyyatı jurnalı hazırda Mərkəzin rüblük mətbu orqanıdır. Nəşri vaxtilə maddi imkansızlıq ucbatından nəşri dayandırılmış jurnalın artıq bir neçə nömrəsi işıq üzü görüb. Məzmunu, ədəbiyyat seçimi, tərcümə səviyyəsi, nəfis tərtibatı ilə ölkənin aparıcı nəşrlərindən olan “Xəzər” dünya ədəbiyyatı nümunələrinin dilimizə yüksək səviyyədə tərcüməsini həyata keçirməklə yanaşı, dünya müstəvisində gedən ədəbi proseslərə də geniş yer ayırır. Jurnal bədii tərcümənin aktuallaşdırılması, yeni tərcüməçi kadrların yetişdirilməsi istiqamətində də əhəmiyyətli işlər görür. “Debüt”, “Klassik tərcümələr”, “Nobel kürsüsü”, “Buker mükafatı laureatları”, “Bəşəri poeziya”, “Memuar”, “Xilas yolunun yolçuları”, “Səhnə ədəbiyyatı”, “Ədəbi mozaika” kimi rubrikalar oxucuları dünya ədəbiyyatının tanınmış simaları ilə tanış edir.
Jurnalın www.xezerjurnali.az saytı 1989-cu ildən işıq üzü görmüş nömrələri arxivləşdirməklə yanaşı, dövri nəşrlərdə yer alan ədəbi nümunələri də mütəmadi şəkildə yayımlayır.
http://azertag.az/xeber/839941
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...