“Gənc yazarlara dəstək”-dən yeni kitab
Dövlət Tərcümə Mərkəzi “Gənc yazarlara dəstək” çərçivəsində gənc Azərbaycan şairi Rəbiqə Nazimqızının “Çətirlərin qiyamı” kitabını nəşr edib.
Kitaba müəllifin “Manifest”, “Zəlzələ”, “Müharibə”, “Portağal şəhəri”, “Qısqanclıq”, “Günah”, “Limon ətri”, “Qadın etirazı” kimi yüzə yaxın şeiri daxil edilib. Ön sözün müəllifi Əlisəmid Kür, redaktor Salam Sarvandır.
“Çətirləri qiyama səsləyirəm”
Əlisəmid Kür
Bir yaz günüydü, Rəbiqə Nazimqızının “Epizodik sevgilər” kitabının təqdimat mərasimi keçirilirdi. Onu tədbirdən sonra Fəvvarələr bağında yerləşən “Nərgiz” kafesindəki ziyafətdə tanıdım. Ayrı-ayrı stollarda əyləşsək də, baxışları, danışığı, hərdən şeir deməsi pozitivliyindən xəbər verirdi. İndi yadıma düşür ki, həmin gün narın yağış yağmışdı, Rəbiqənin çətiri stolun üstündəydi. Onun nəinki çətirindən, şeirlərindən də yağış damcılayırdı:
...Yaxındayam, balıqçı,
gəlirəm,
atıram özümü dənizə –
balıq olmağa...
Heç yana aparmazsan,
Heç kəsə satmazsan...
Ya atarsan, ya tutarsan...
Torunda məni görüb sevinsən,
bəsimdi...
Təpədən-dırnağa sevgidən yoğrulmuş, səsinin ağrısı misralara hopmuş, Marina Svetayevanı xatırladan Rəbiqənin tövbəsi daşı da yumşaldan səmimi etirafdır.
Həmin gün mənə bağışladığı “Epizodik sevgilər” kitabını gecə səhərədək Sahil bağında oturub birnəfəsə oxudum. Yəni Rəbiqənin şeirləri məni oxumağa məcbur etdi. Sevdiyim çox az şair olub ki, onların kitabını birnəfəsə oxumuşam. Rəbiqə ilk qadın şairimizdir ki, məni diksindirməyi bacarmışdı:
Yüz çəmən ayaqladım bir çiçəkdən ötrü,
Bəlkə, min qarışqa öldü, saymadım.
Budur əsl poeziya...
O mənim sevdiyim şair və insandır...
İndi Rəbiqə Nazimqızının növbəti kitabı – “Çətirlərin qiyamı” görüşünüzə gəlir. Əziz oxucu, o, “şüşələrə toxunub çiliklənən ömürlərdən” danışacaq sənə, “yaşamağı hər kəsdən çox sevdiyini” söyləyəcək və inandıracaq ki:
Çiçək, yağış, külək, qar,
Hər şey sənə tanışdır.
Bəlkə, bu kitabı yağışlı bir gündə küçədə oxuyacaqsan, çətir tapmasan, Fəvvarələr bağındakı çətirli qız heykəlinə sığına da bilərsən. Sığın və bu kitabı oxu. Ya da Rəbiqənin elə özünün də dediyi kimi, evdə oturub qapını yağışın üzünə bağla:
Qapını yağışın üzünə bağlayaram,
Çətirləri qiyama səsləyərəm,
Divarlara şeir deyərəm,
Kətillərə mahnı oxuyaram
Sən dinləməsən...
Ey sən, məni eşidirsən?!
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...