Poetik tərcümə: dəqiqlik, yoxsa gözəllik
Poetik tərcümə ilə bağlı ən dəqiq və ən gözəl fikri, zənnimcə, Höte söyləyib: dəqiqdirsə – gözəl deyil, gözəldirsə – dəqiq deyil. Sual yüz illərin sualıdır: gözəl səsləniş, yoxsa dəqiq ifadə tərzi? Hansı daha önəmlidir: forma incəliyi, ya məzmun çaları?
Həqiqətən də, yüzlərlə poetik tərcümə nümunəsi var ki, ilk baxışda gözəlliyindən az qala vəcdə gəlirsən, di gəl, tərcümə mətnini əsli ilə tutuşduranda dəqiqlikdən əsər-əlamət qalmadığına təəssüflənməli olursan. Ya da əksinə, sevinirsən ki, bəs tərcüməçi dəqiqliyə yüzdə yüz əməl edib, intəhası poetiklik sıfır həddindədir.
Bəs problemin həlli üçün hansı üsuldan istifadə etməli?
Bu sualın birmənalı cavabı yoxdur. Çünki poetik tərcümə heç bir konkret nəzəriyyənin tətbiq edilə bilmədiyi son dərəcə fərdi və spesifik bir sənətdir.
Bəzi ölkələrdə poetik mətnin yalnız sətri tərcüməsinə üstünlük verilir və belə əsaslandırılır ki, orijinalın forma çalarlarını olduğu kimi çatdırmaq onsuz da qeyri-mümkündür; heç olmasa qoy oxucuya əsərin məzmunu təhrifsiz çatdırılsın.
Bu variantı məqbul hesab edəkmi?
Digər variant qalmadıqda, yəni tərcümə mətnində orijinalın forma-məzmun «balansını» eyni dərəcədə qoruyub saxlamaq mümkün olmadıqda, buna sadəcə məcburuq – çünki ayrı yol qalmır.
İlham pərisinə güc verməklə poetik mətnin məzmununu tam sərbəst şəkildə – kefin istəyən formaya, kefin istəyən qəlibə salıb yenidən yazmaq, özünə xoş gələn tamamilə başqa üslubda qələmə almaq «örnəyi», hətta bu işi yalnız gəlirli biznes gözündə görüb kompüter tərcüməsini önə çəkən dəllal naşirlərlə işbaz mütərcimlərin sarsılmaz birlikləri də var.
Misalların sayını artıra-artıra bu yöndə çox variantlardan söz açmaq olar, çünki variantların sayı misalların sayından heç də az deyil. Bununla belə, məsələyə ciddi yanaşan heç kəs üçün sirr deyil ki, sualın müşkülə çevrilmiş cavabı elə Hötenin söylədiyi sadə fikirdə gizlənib. Ən ideal variant odur ki, tərcümə mətni həm orijinalın eyni olsun, həm də orijinaldakı qədər poetik səslənsin. Yəni tərcüməçi eyni vaxtda həm fikir dəqiqliyini gözləsin, həm də ifadə gözəlliyini qoruyub saxlaya bilsin – çevirdiyi əsərin forma-məzmun xüsusiyyətlərinə xələl gətirmədən, orijinalı zədələmədən onu başqa dildə yenidən yaratmağı bacarsın.
Məhz belə bir nümunə həqiqətən ideal tərcümə mətni sayıla bilər!
Tərcüməçinin bilməli olduğu ən adi həqiqət
Tərcüməçi unutmamalıdır ki, tərcümə üçün seçdiyi poetik mətn – onun bu mətni necə çevirəcəyindən asılı olmayaraq artıq mövcuddur.
Bəli, mətn mövcuddur, tərcüməçinin borcu (yaxud vəzifəsi!) isə həmin o mövcud olanı təzədən yaratmaq, başqa dildə – yəni öz doğma dilində onun qarşılığını almaqdır.
Amma tərcüməçi unutmamalıdır ki, cəhdi alınmaya da bilər! Belədə o, cəhdin üzərindən qalın bir xətt çəkməlidir – bu xətt tərcüməçidən oxucuya (həm də mövcud mətnin müəllifinə!) Əli Kərimin buyurduğu kimi həmin o hörmət xəttidir!
Yəni tərcüməçi mövcud olanı korlamamalı, başqa dildə rəssam fırçasıyla çəkilmiş gözəl surəti öz dilində rəngsaz fırçasıyla boyayıb ortaya çıxarmamalıdır. Bu ki mümkündür! Axı alınmayan işi ortaya çıxarmağa nə lüzum var?
Tərcüməçi unutmamalıdır ki, başqa dilə öz gözəlliyində heç cür «çevrilməyən» poetik mətnlər də mövcuddur!
Təcrübəmə istinadən etiraf edim ki, müxtəlif illərdə (özü də dəfələrlə!) Yeseninin çox sevdiyim fars motivlərini, xüsusən də təkrarsız formalı “Шаганэ, ты моя Шаганэ...” misrasıyla başlayan nəğməsini dilimizə çevirmək istəmişəm – hər dəfə də alınmayıb. Bütün variantları sınaqdan keçirəndən sonra axırda qərarım belə oldu ki, ona toxunmayım. Mən onu çevirməyin, sadəcə, mümkün olmadığını anladım.
Bəlkə, bu fikir kiməsə qəribə görünər, amma uzun illərin təcrübəsindən sonra gəldiyim qənaət belədir ki, «havası» heç cür ələ gəlməyən, sadəcə, çevrilməyən dillər əzbəri olan poetik mətnlər var. Misalmı?
Buyurun, bu da misal: “Я помню чудное мгновенье...”
Puşkinin, Bayronun tərcüməçisi kimi tanınmağı kim arzulamaz?
Bəli, bu mənim qəti fikrimdir: Puşkinin yuxarıdakı misrasıyla başlanan məşhur şeiri bizim dildə heç cür alınmır – o adidən adi rus misrasının rus ruhuna verdiyi zövqün alternativ assosiasiyasını bizim dildə almaq, sadəcə, mümkün deyil.
Bax, elə bu səbəbdən həmin şeirin hər hansı tərcüməsi çap faktı olmaqdan uzağa getməyəcək, heç vaxt da oxucu qəlbinə, oxucu ruhuna yol tapmayacaq. Əfsuslar ki, dilimizdə bu cür şah misralı poetik mətnlərin rəngsaz fırçasına tuş gəlib tanınmaz hala salınmış neçə-neçə çap nümunəsi var...
Əlbəttə, tarixə Puşkinin, Bayronun tərcüməçisi kimi düşmək istənilən tərcüməçi üçün böyük şərəfdir. Amma şan-şöhrət eşqiylə zəif işləri çap etdirmək «həvəsi» tərcüməçini tarixin şərəf lövhəsinə yox, çox vaxt özfəaliyyət dərnəyinin kandarına aparıb çıxarır; çap xatirinə hər hansı məşhur poetik mətni gözdən salmaq isə, əslində, peşəkarlığın azlığına dəlalət etməklə, ilk növbədə elə tərcüməçinin özünü gözdən salır.
Peşəkar tərcüməçi belə ucuzluğa getməsin gərək!
Öz təcrübəmdə oxşar çətinliyin ağrısını Pasternak şeirlərinin tərcüməsi zamanı bütün kəskinliyi ilə duydum – doktor Jivaqonun şeirlərindən üçünü çevirsəm də, onlardan yalnız birini saxladım; nəfsimi-həvəsimi boğub digər iki şeiri çapa verməkdən, hər necə olsa, özümü çəkindirə bildim. Əslində, onlar da çap oluna bilər, amma hələ ki, məni tam qane edəcək səviyyədə deyil. Yəqin, bir müddətdən sonra həmin şeirlərə yenidən qayıdacam.
Yaradıcılıq həzzi öz yerində, amma Pasternakın aysberq kimi misranın üstündən çox altında olan eyhamlı, bir az da ürkək fikirlərini, xeyli dərinlərdən süzülüb gələn sirli ahəngini almaq, həqiqətən, əzabdır.
Tərcüməçilikdə ən çətin «janr»
Alınmayan tərcümə dedikdə nəyi nəzərdə tuturam?
Etiraf edim ki, Rilkenin çox sevdiyim «Duinez ağıları» əsərini çevirə bilmədim, yəni tərcümə özümü qane edəcək səviyyədə alınmadı. Bu öz yerində. Amma son şeirlərindən birini guya çevirə bilmişdim. Bir bəndlik şeirin ruscası belədir:
И как звезда с звездою расстается,
Простимся мы, и ночь нас разлучит.
Безмерной далью близость обернется,
И эта даль нас вновь соединит.
Tərcüməsi də budur:
Bir-birindən üzülən ulduzlartək ayrılaq,
Vidalaşaq, qoy gecə ayırsın bizi bizdən.
Uzaqlar uzaqlığı sovuşdurar aradan
Və bu uzaqlıq bizi qovuşdurar təzədən.
Burada məni qane etməyən – şeiriyyətin Rilkeyə xas səviyyədə alınmamasıdır. Sanki bunu yazan ortabab bir şairdir. Bəlkə, burada şeiri ruscaya çevirmiş tərcüməçinin də müəyyən qəbahəti yox deyil, amma mənim mətndən kənara çıxıb nəyisə əlavə emək səlahiyyətim yoxdur. Və istənilən halda mən, öz variantım üçün cavabdehəm – bu variant isə məni qane etmədi.
Son sözümə haşiyə. Adətən, çevirdiyim poetik mətni çapa əsli ilə birgə təqdim edirəm. Məncə, bu, çox vacib məqamdır. Bizdə guya uğurlu sayılan xeyli poetik tərcümə var ki, onları əsli ilə tutuşdursan, xeyli paxırlar açılar...
Markes doğru buyurur ki, ümumilikdə tərcümə – ən etibarlı mütaliə üsuludur; yəni tərcüməçi istənilən oxucudan daha yaxşı oxucudur. Əlavə edim ki, tərcümə «janrları» içərisində ən çətini olan poetik tərcümə – şairə həm də özünütəsdiq üçün zəmanət verir. Belə ki, hər misranın tərcüməsi çıxılmazlıq vəziyyəti kimidir – çıxış üçün tək bircə variant olur ki, peşəkarlıq da məhz o yeganə variantı əldə etmək bacarığıyla ölçülür. Yəni, hər hansı misranın iki yox, yalnız bir ideal tərcümə variantı var, peşəkar tərcüməçi də məhz o variantı tapmalıdır. Hər hansı digər variant isə səhvdir, çünki çıxış yolu deyil...
Mahir Qarayev
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...