Şifahi tərcümənin qızıl qaydaları
Şifahi nitqin tərcüməçisi, deyiləni düzgün və dəqiq ifadə etmək qabiliyyəti ilə seçilməlidir. Qısa müddətdə çevrilən cümlə və sözlər dəqiq səslənməli, söylənən fikrə uyğun gəlməlidir. Ardıcıl, yaxud sinxron tərcümə adətən aşağıdakı qaydalar əsasında qurulur:
• Tərcümə dəqiq və təfərrüatlı olmalıdır. Tərcümədə lazımi informasiya ən müxtəlif səbəblərdən itə bilər. Müəyyən vəziyyətlərdə düzgün çevrilməmiş, yaxud əlavə olunmuş bir söz deyilənin mahiyyətini kökündən dəyişə bilər. Adi ünsiyyətdə, lap elə yüksək rütbəli dövlət məmurlarının danışıqları zamanı da bu cür anlaşılmazlıqlar baş verir.
• Əgər mətndə tanış olmayan məqamlar varsa, özünü itirməməlisən, əsas fikri tutmağa çalışmaq lazımdır. Bu zaman əvvəl ifadə olunmuş fikri fəhmlə dərk etmək mümkündür. Başlıca vəzifə əsas informasiyanı nəzərdən qaçırmamaqdır.
• Sözlərin məntiqə uyğun sırası, üslub və intonasiya dəqiqliyi olmalıdır. Tərcüməni düzgün ifadə etmək lazımdır. Hər cümlənin öz məntiqi, əvvəli və sonu olmalıdır. Tərcüməçinin mətni orijinaldakından daha səlis çatdırması onun peşəkarlığından xəbər verir.
• Şifahi tərcümənin səslənmə müddəti orijinal mətnin müddətinə təxminən tən gəlməlidir. Natiqin bir neçə dəqiqə fasiləsiz danışması, tərcümənin isə həddən artıq qısa alınması dinləyənlərdə yarımçıqlıq təəssüratı yaradır. Bunun əksi, yəni çıxış edənin bir neçə cümlə deməsi, tərcüməçinin isə onun fikrini uzun-uzadı ifadə etməsi də yersiz görünür.
• Tərcüməni birinci şəxsin dilindən etmək lazımdır. Bu qayda bütün dünya dilləri üçün düzgün və məqbuldur.
• Deyilənlərin zaman konteksti mütləq nəzərə alınmalıdır. Haqqında söz açılan hadisənin nə vaxt baş verdiyini aydın dərk etmək və həmin informasiyanı qarşı tərəfə çatdırmaq vacibdir.
• Əgər orijinalda beynəlxalq terminlər işlədilirsə, həmin anlayışlar tərcümənin mətnində də olmalıdır. Onda dinləyici informasiyanın ona tam çatdığını başa düşəcək.
• Neytrallıq – şifahi tərcümənin şərtlərindən biridir. Tərcüməçi öz işini yerinə yetirən zaman hisslərə qapılmamalı, natiqin dediklərinə münasibət bildirməməlidir.
Hazırladı: N.Əliyeva
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...