Bədii tərcümə də incəsənətdir

Bədii tərcümə də incəsənətdir

Nikolay M.Lyubimov

(Rusiya)

Özünü bədii tərcümə­yə həsr etmiş adam bir danılmaz həqiqəti qeyd-şərtsiz qəbul etməlidir. Tərcümənin əsas şərtlərindən biri budur ki, gərək mütərcim əsl yazıçı, əsl rəs­sam, əsl usta kimi əlinin altında olan bütün vasitələrn ona la­zım olan nəticəni almaq üçün istifadə etsin. Deməli, əsə­ri öz dilində yenidən yaradan tərcüməçi yüksək nəticə­yə nail olmaqdan ötrü bütün lazımi vasitələri toplamalıdır.

Hər şeydən əvvəl, canımıza-qanımıza işləmiş bir fikir var ki, rus dili istənilən çətinliyin öhdə­sindən gələcək, söylənilən fikir­ləri dolğun ifadə edəcək, onun üçün heç bir sərhəd yoxdur. Bəli, bu düşüncə, ana dilinə bu sevgi ol­madan tərcüməçi yarada bilməz. Bundan əlavə, o, başqa dilin əsarəti altına düşmək təhlükəsi iləüzləşə bilər. M.Lomonosovun tərtib etdiyi "Rus qrammatikası" kitabında rus di­li haqqında təkəbbürlü və riyazi dəqiqliklə ifadə edilmiş sözləri yadımıza salaq: “Rus dili özündə ispan böyüklüyü, fransız canlı­lığı, alman möhkəmliyi, italyan zərifliyi, bundan əlavə, yunan təsvirlərində və latın dilin­də olan zənginliyi və gücü birləşdirir...".

Xalqla, onun həyatıyla yaxın­lıq – sənətin qanunudur, torpağı, havasıdır. Belə əlaqə olmayanda sənət tənəzzülə uğrayır. Həyatla təmasda olmadan mükəmməl orijinal əsər yarat­maq mümkün deyil, belə çatış­mazlıq tərcüməyə də təsir edir, tərcümə zəif alınır. Dostoyevski tamamilə haqlı olaraq yazır ki, Puşkin ayağının altında həmi­şə doğma torpağı hiss etdiyinə görə yadelli xalqların həyatını belə canlı təsvir edirdi. Əgər ya­zıçı-tərcüməçi doğma torpağı­nın rəngini görə bilmirsə, ətrini hiss etmirsə, o, yad ellərin mən­zərəsini təsvir edə bilməyəcək. Əgər o, mürəkkəb prosesləri müşa­hidə etmək iqtidarında deyilsə, müəyyən təsviri yaradanda hökmən səhvə yol verəcək, çünki bunu konkret təsəvvür edə bil­mir. Əgər tərcüməçidə insan­ların psixologiyasını müşahidə etmək qabiliyyəti yoxdursa, o, psixoloji təhlil verməkdə çətin­lik çəkəcək. Bu sənətin spesifikliyinə görə, tərcüməçi öz xalqının danışıq dilinə xüsu­si diqqət yetirməlidir.

Tərcüməçinin orijinaldakı qədər mükəmməl olan dili, bilavasitə doğma dilini öyrən­məsi və doğma ədəbi dilin tarixi inkişafını müşahidə etməsi nəti­cəsində əldə olunur.

Canlı danışıq dilini, onun iş­lənməsini, ayrı-ayrı ifadələri, onların intonasiyasını hər yer­də küçədə, qatarda, idarədə, institutda, yığıncaqda, gəzinti zamanı müşahidə etmək olar və lazımdır. Hər tərcümə­çi öz-özlüyündə anlayır ki, bütün sözlər sanki əvvəl­dən mövcud olub, cümlə isə formadan başqa bir şey deyil. Yadınıza salın, görün, dost-ta­nışınız müəyyən bir fikri dəqiq ifadə edəndə siz necə həyəcan keçirmisiniz, həmin sözün yerinə düşdüyünü görəndə emosional şəkildə demisiniz: “Bax, budur, tapdı!". Biz yal­nız canlı, axıcı sözlərə, intonasiya ilə qarşılaşan zaman belə həyəcan­lanırıq.

Məlumdur ki, Çexovun qeyd ki­tabçası olub. Yazıçı həmin kitabçanı “ədəbiyyat anbarı" adlandırıb. Bütün tərcüməçiləri­miz də məhz belə bir “ədəbiyyat anbarı" yaratmalı və onu daim yeni sözlərlə zənginləşdirməlidir. Belə “ədəbiyyat anbarı"nın köməyilə dil yenilənəcək, təzələnəcək.

Lüğət ehtiyatı problemi obrazlılıq problemiylə sıx bağlıdır. Kimsə etiraz edib deyə bilər ki, tərcüməçi obraz yaratmır, çətinli­yin bu qismi ondan yan ke­çib. Xeyr, yan keçməyib. Bizə obraz tapşı­rılıb. Bəli, biz obraz düşünmürük, tapmırıq, amma onları doğma di­limizdə yazılı şəkildə yenidən yaradırıq. Öz dilimizdə müəlli­fin bu və ya digər personajının xarakteristikasını, onun nitqi­nin xüsusiyyətlərini, vasitəsiz nitqini nə dərəcədə ehtiyatla və dəqiqliklə yaratmağımız ob­razın tipiklik dərəcəsindən və onun tərcüməyə yatımlılığından asılıdır.

Uyğunluq və mütənasiblik tərcüməçini daim düşündürməlidir. Birdəfəlik anlamaq lazım­dır ki, əsl yazıçının – əgər o, üçüncü dərəcəli məzlum təqlidçi yox, əsl sənətkardırsa, özünün dünya baxışına uyğun təsvir vasitələri olur. Baratınskinin klassik təyini kimi, bu, “ümumi ifadəli bir sima deyil" və tərcümə­çinin işi bu sifətin üstünü malalamaq yox, onun cizgilərini çəkməkdir. Biz bəzi obrazlara, söz oyununa və orijina­lın bizə verdiklərinə göz yumuruq. Ancaq müəllifin ağır gedişlərini kələ-kötürlüklə qarışdırmaq ol­maz. Oxucu keyfiyyətsiz tər­cümənin gücü nəticəsində meyda­na çıxmış tapmacanın cavabını ax­tarmalı deyil. Oxucu tərcüməçinin nə demək istədiyi üzərində baş sın­dırmamalıdır, ilk növbədə müəllifin fikirlərinin mahiyyətinə varmalı, onun nə demək istə­diyini özü üçün çözməlidir.

Bütün hallarda tərcümə paltar yumaq, ütüləmək, bərbərlik etmək deyil. Əgər müəllif kəkillidirsə, onun ba­şına yağ çəkmək olmaz. Bu məqamda Qnediçin sözlə­ri yerinə düşür: "Bəzəmək, daha dəqiq desək, Homerin şeirlərini bizim geyimlərlə bəzəmək çox asan­dır... Ancaq onu oldu­ğu kimi saxlamaq, hədsiz dərəcədə çətindir". Bax, tərcüməçinin öhdəli­yi və çətinliyi budur.

Mən qeydlərimi əvvəlində yazdığım ifadəylə bitirmək istəyirəm. Bəli, tərcümə incəsənətdir. Bütün sənətlər isə istedaddan başqa, həm də səriştə, iti baxış, dəqiq qərar tələb edir.

Tərcümə edən: N. Əliyeva

 

 

 

VƏ DİGƏR...