MÜSTƏQİLLİYİMİZƏ GEDƏN YOL
Azərbaycan xalqını 18 Oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli idi...
18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Həmin gün respublika parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və “soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı.
Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə olay deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illər bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.
71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin növbəti ildönümünü qeyd edərkən bu tarixi hadisəni zəruriləşdirən tarixi xronikaya nəzər salmaq lazımdır.
Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdı. O, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçildi.
Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi.
Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və sovet dövlətinə etirazını bildirdi. 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk edən Heydər Əliyev o vaxtkı Azərbaycan rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı.
Lakin respublika rəhbərliyi nəinki bu çağırışları eşitmədi, üstəlik 1991-ci ilin 19-21 avqust hadisələrində tamamilə səbatsız mövqe tutdu, irticaçı "QKÇP" qiyamını dəstəklədi. "QKÇP"nin iflasından sonra əksər müttəfiq respublikalar dövlət müstəqilliyini rəsmən bəyan edərək müvafiq konstitusion aktlar qəbul etdilər. Dünya birliyi SSRİ-nin yerində meydana gələn yeni müstəqil dövlətləri öz sıralarına qatmağa başlamışdı. Azərbaycanın o vaxtkı rəhbərliyi siyasi astagəlliyinə sadiq idi. Əvəzində Azərbaycan xalqı imperiyanın bərpası cəhdlərinə qəti etirazını nümayiş etdirdi. Azərbaycanın hər yerində irticaya tərəfdar olan qüvvələrə qarşı mitinqlər başlandı. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı.
Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublikaları, o cümlədən qonşu Ermənistan və Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstəqilliyi haqqında Konstitusiya aktı və ya qanun qəbul etdilər.
Ali Sovetin sessiyasında Azərbaycanın Milli Ordusunun yaradılması məsələsi gündəmə gəlsə də, respublika rəhbərliyi buna qarşı çıxdı və Ali Sovet "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərarla kifayətləndi. Qərarın icrası isə kağız üzərində qaldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı separatçılıq hərəkatı isə genişlənirdi.
Yalnız sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası 33-cü fövqəladə qurultayını çağıraraq özünün buraxıldığını bəyan etdi. Ali Sovetin oktyabrın 8-də işə başlayan növbədənkənar sessiyanın gündəliyinə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu məsələsi salınsa da, dördgünlük müzakirələr nəticəsində parlament bu məsələni bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Səsvermədə Ali Sovetin 360 deputatından 258-si iştirak etmişdi. Adbaad səsvermədə "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" yekdilliklə qəbul olundu.
Konstitusiya Aktının preambulasında 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi, 70 il ərzində sovet rejimi tərəfindən Azərbaycan Respublikasına qarşı müstəmləkəçilik siyasətinin yeridildiyi vurğulanırdı. Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsaslandığı qeyd edilirdi. 6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktı ümumilikdə sanballı sənəd olsa da, bir sıra nöqsanlardan xali deyildi. Xüsusilə 1-3-cü maddələrdə hüquqi-siyasi nöqteyi-nəzərdən o qədər də mükəmməl olmayan, sonralar beynəlxalq müstəvidə ermənilərin çeşidli spekulyasiyalarına rəvac verən təsnifat yer almışdı. Həmin maddələrə əsasən, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi hesab olunurdu. Azərbaycan SSR haqqında isə heç nə deyilmir, Azərbaycanın 71 illik tarixi hüquqi müstəvidə təsbit olunmurdu. Qeyd edək ki, ermənilər Dağlıq Qarabağın Azərbaycana rnənsub- luğunu şübhə altına qoymaq üçün məhz bu məqamdan özlərinə uyğun şəkildə bəhrələnərək davamlı olaraq möhtəkirlik edirlər. Çünki Dağlıq Qarabağı Azərbaycanın muxtar inzibati ərazisi kimi birmənalı təsbit edən və beynəlxalq hüquq baxımından mühüm fakt olan qərar 1923-cü ildə, yəni Azərbaycan SSR vaxtında qəbul edilib. Müstəsna önəmli olan isə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi idi.
Azərbaycanın dövlət müstəqilliyini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanıdı. 1991-ci il noyabrın 9-da Türkiyənin Baş naziri Məsud Yılmaz Bakıya telefon açaraq Türkiyə hökumətinin qərarını Azərbaycan rəhbərliyinə çatdırdı. Dekabrın 3-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi, Azərbaycanın da müstəqilliyini tanımağa başladılar.
Dekabrın 11-də müstəqilliyimizi tanıyan 2-ci ölkə isə Rumıniya oldu. Dekabrın 13-də Pakistan analoji bəyanat verdi. Nəhayət, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsinə çıxarıldı və 95 faiz seçicinin iştirak etdiyi referendum müstəqillik faktını rəsmiləşdirdi. Beləliklə, Azərbaycan Respublikası 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoydu.
Daim vətənimizin, xalqımızın gələcəyini düşünən Ümummilli liderin əvəzsiz xidmətlərindən biri də onun zamanı qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində Azərbaycanı uğurla idarə edən lider yetişdirməsi oldu. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 15 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunub, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilib. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənib və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illər dünyanın lider dövlətləri sırasındadır.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...