Avqustun 1-i Azərbaycan dili və əlifbası günüdür

Avqustun 1-i Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan Tərcümə Mərkəzinin nəşri (layihə)

"Millətin milliliyini saxlayan onun dilidir"

Heydər Əliyev

Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Onla­rın ilk nümunələri bəşər tarixinin bö­yük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günə­dək yaşayır. Tarixi faktlar sübut edir ki, zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib. İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzi­nənin böyük bir qismi məhv edilib və zaman keçdikcə həmin abidələrin qələ­mə alındığı yazı şəkilləri unudulub və ya ərəb qrafikasına keçirilib. İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə etməklə min il­dən artıq bir zaman ərzində tariximi­zin ən yeni mərhələsinədək zəngin mədəni irs yaradıb.

Ərəb əlifbası yüz illər boyu geniş məkan­da Müsəlman Şərqi xalqlarının ümumi yazı sistemi kimi formalaşıb. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri, İslam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyası­nı zənginləşdiriblər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quru­luşu və xarakteri haqqında tam aydın təsəv­vür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyəti­nin inkişaf istiqamətini müəyyənləşdirmiş, bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı.

XX əsrin əvvəllərində cərəyan edən icti­mai-siyasi və mədəni proseslərin gedişatı, mövcud əlifbanı daha münasibi ilə əvəz et­mək ideyasını ortaya atmışdı.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılma­sı, həmin komitəyə Azərbaycan dili üçün la­tın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk cid­di addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Umumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etiba­rən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının işlə­dilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün ol­duqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən ki­ril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Ya­rım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dili­mizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın tək­milləşdirilməsi yolunda mütəmadi iş aparmağa sövq etdi. Təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyil və bu da onun və vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalq­larının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azər­aycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticə­ləndi. 1991-ci il dekabrın 25-də Azərbaycan Ali Soveti latın qrafikalı Azərbaycan əlifbası­nın bərpa olunması ilə bağlı qərar qəbul etdi.

Bununla da tarixi ədalət bərpa edildi və hə­min vaxtdan müstəqil Azərbaycan Respubli­kasında tədricən latın qrafikalı milli əlifbamı­za keçid mərhələsi başlandı.

Bu qərarın tam rəsmi tətbiqinə isə 10 il sonra başlanıldı. Azərbaycan Respublikası ərazisində bütün idarə-müəssisələr, döv­lət və qeyri-dövlət qurumları, Azərbaycan dilində olan bütün nəşrlər latın qrafikalı əlifbaya keçdilər. Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qra­fikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nə­zərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbay­can dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbay­can Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Tarixi ədalətin bərpası haqqında qərar müstəqilliyimizin ilk ili olan 1991-ci il­də qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının milli varlığının əsası olan ana dilimiz də zaman-zaman əlifbamı­zın yaşadığı taleyi yaşayıb. Yadelli işğalçılar dilimizi məhv edib sıradan çıxarmağa, onu gah ərəbləşdirməyə, gah farslaşdırmağa, gah da ruslaşdırmağa çalışıblar.

Azərbaycan əlifbası kimi, dilinin də hərtə­rəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. l978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazı­lıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusi­yasında xalq referendum yolu ilə öz mövqe­yini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi.

Bundan sonrakı illərdə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gü­nünün təsis edilməsi haqqında" imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolun­da göstərdiyi misilsiz xidmətlərdəndir.

Sevindirici haldır ki, Ümummilli liderin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə həs­saslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özü­dür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin la­tın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Pre­zidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sə­rəncam həm də əlifba ilə bağlı problemləri həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilmə­si baş tutdu. Dövlət başçısının sonrakı sə­rəncamlarında isə 150 cildlik "Dünya ədə­biyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" se­riyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədə­biyyat fondunu zənginləşdirdi.

Olkə prezidenti 2012-ci il mayın 23- də imzaladığı "Azərbaycan dilinin qlo­ballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin in­kişafına dair Dövlət Proqramı haqqında" sərəncam da onun ana dilimizə verdiyi bö­yük önəmdən xəbər verirdi.

Qeyd edək ki, Azərbaycan dili Azərbay­can Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ün­siyyət vasitəsidir. Azərbaycan dilinin tarixi ümumilikdə türk dili tarixinin bir hissəsidir. Oğuz türkcəsinin ən az təhrif olunmuş for­ması Azərbaycan türkcəsidir. Azərbaycan dili, eyni zamanda, İran İslam Respublika­sında yaşayan 30 milyondan artıq azərbay­canlının ana dilidir. Ana dilimiz Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə bir­likdə türk dilləri arealının Cənub-qərb qo­lunu təşkil edir. İngiltərənin Dillər üzrə Sta­tistika Komitəsinin siyahısında Azərbaycan türkcəsi ən harmoniyalı 3-cü dildir.

Sevinc Fədai

 

VƏ DİGƏR...