Müasir Azərbaycanın memarı və qurucusu

Müasir Azərbaycanın memarı və qurucusu

10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyidir.

Tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı və rəhbərliyi ilə reallaşdırmaq mümkündür. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa üçün etdiklərini Ulu Öndərimiz Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı naminə edib. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ulu Öndər dünyanın ən böyük azərbaycanlısı, qədirbilən xalqımızın fəxarət yeridir.   

Əsrlər boyu milli cəmiyyətin sosial nizamını qoruyub saxlayan, fərdlərarası münasibətləri nizamlayan, cəmiyyətin üzləşdiyi ən müxtəlif problemlərin həllində açar rolunu oynayan milli-mənəvi dəyərlər həm də sərt sınaqlardan çıxaraq cilalanıb, möhkəmlənib. Bəşəriyyətin tarixi təkamül prosesi göstərir ki, hər hansı xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olub. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar. Ötən əsrdə xalqımızın dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini – əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru – müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurub. Sağlığında xalqının Ümummilli Liderinə çevrilmiş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin edib. Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.

Hər bir millətin tarixi inkişafı, qarşıya qoyduğu hədəflərə yetişmək əzmi, ilk növbədə, onun malik olduğu milli-mənəvi potensialdan, dəyərlər sistemindən qaynaqlanır. Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli “Mən”ini, heysiyyətini qorumağı bacaran xalq gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirir, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edir. Bu həqiqəti hər zaman nəzərə alan böyük Heydər Əliyev də Azərbaycanı qoruyub inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün, ilk növbədə, xalqımızın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini hifz etməyə çalışıb.

1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlayıb, ictimai şüurdakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı bacarıb. Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq üçün bir sıra tədbirlər həyata keçirib. Onun Azərbaycana rəhbərliyi zamanı qətiyyətli, açıq çıxışlarından sonra mətbuatda, televiziya və radioda xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, folklorunu, ədəbiyyatını, tarixini təbliğ edən materialların sayı çoxalıb, milli ədəbi irsi tərənnüm edən verilişlər ortaya çıxıb, ana dilinin təbliği istiqamətində bir sıra real addımlar atılıb. Heydər Əliyev milli ruhun yüksəlişinə xidmət edən bu və digər addımlarla Azərbaycanın müstəqilliyi üçün etibarlı zəminin formalaşdırılmasına, milli özünüdərk hissinin bu real siyasi məqsəd naminə səfərbər olunmasına çalışıb. O dövrlə bağlı konkret tarixi sənədlər göstərir ki, Ulu Öndər respublikaya birinci rəhbərliyi dövründə böyük siyasi ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilib.

Ümumiyyətlə, Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfi ruhu yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. İdarəçilikdə digər bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməyib, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qoruyub. Həmin dövrdə milli düşüncəli vətənpərvər ziyalılarımızın imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, insanlarda milli dövlətçilik hissini gücləndirən sanballı əsərlər yazıb-yaratması Heydər Əliyevin böyük dəstəyi sayəsində mümkün olub. Vaxtilə azərbaycançılıq məfkurəsini əsərlərində təbliğ etdiklərinə görə millətçilikdə günahlandırılan, təqiblərə məruz qalan şəxsiyyətləri ən çətin məqamlarda qoruyan Heydər Əliyev qanı, canı, ruhu ilə milli kökə bağlı şəxsiyyət olduğunu bir daha sübuta yetirib.

Həmin illərdə Azərbaycan ziyalıları – tarixçilər, yazıçı və publisistlər şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlayıblar. Respublika yazıçılarının 1976-cı ilin may ayında keçirilmiş qurultayında iştirak etmiş Heydər Əliyev tədbirdə geniş nitq söyləyərək milli ədəbi düşüncənin, onun inkişaf istiqamətlərinin, problemlərinin həlli yollarının dərin bilicisi olduğunu göstərib. Elm xadimlərinə xalqın qədim tarixi, soy-kökü ilə bağlı olan yazılı abidələrin dərindən öyrənilməsini tövsiyə edib,  azərbaycanlıların dünya ədəbiyyatı ilə yaxından tanış olmaları üçün tərcümə işinin vacibliyini vurğulayıb.

Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan xalqının milli “Mən”ini qorumaq üçün ayağa qalxmasının, ölkədə milli-azadlıq hərəkatının genişlənməsinin də əsası məhz 70-ci illərdə qoyulmuş möhkəm ideoloji-siyasi təmələ əsaslanıb. Tarixi zərurətin diktəsi, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda – taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən Ulu Öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqradasiyası təhlükəsinin qarşısını alıb. Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən Ümummilli Lider Azərbaycanın humanitar və ictimai elmlərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirib. Sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən Ulu Öndər Azərbaycanın görkəmli şair və yazıçılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşıb. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunub, milli adət-ənənələrimiz yaşadılıb, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri addımlar atılıb.

Ulu Öndər müstəqillik illərində də xalqın milli-mənəvi dəyərlərini və düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə – qəhrəmanlıq eposlarına daim xüsusi maraqla, diqqətlə yanaşıb. Heydər Əliyevin 1997-ci il aprelin 20-də imzaladığı “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında fərmanı, yubileyi keçirmək məqsədilə komissiyanı yaratması və ona sədrlik etməsi, bunu dövlət işinin tərkib hissəsinə çevirməsi milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində olduqca əhəmiyyətli bir hadisə olub. “Kitabi-Dədə Qorqud” abidəsinin YUNESKO kimi möhtəşəm beynəlxalq mədəniyyət təşkilatında qorunan mənəvi miraslar siyahısına salınması və bununla da onun dünya mədəniyyəti inciləri arasında özünəməxsus yer tutması Heydər Əliyevin iradəsi sayəsində mümkün olub. 1300 yaşlı bu qocaman abidənin yubileyinin Azərbaycanda keçirilməsi, bu tədbirin böyük ədəbi-mədəni hadisə olması, bütün türk xalqlarının siyasi liderlərinin, hökumət başçılarının, YUNESKO təşkilatının baş direktorunun, onlarca xarici ölkədən gəlmiş elm adamlarının, ictimai-siyasi xadimlərin, yazıçı və şairlərin marağında olması dünya mədəniyyəti tarixində əlamətdar hadisə idi. Ulu Öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməyib.

Çağdaş tariximizə öz əbədi möhürünü vurmuş Heydər Əliyev müstəqillik illərində azərbaycançılığın ayrı- ayrı komponentlərini vahid sistem halına gətirərək milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də Ümummilli Liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaradıb. Heydər Əliyev çıxışlarında daim xüsusi vurğulayırdı ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual problemlərindən birinə çevirib. Heydər Əliyevin Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bütövlükdə xalqın milli genefondunu qoruyub. O, öz düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu vəhdətini yarada bilib. O, öz davranışları ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabancı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə anladıb.

Azərbaycanın qapıları ən ali, bəşəri və universal dəyərlərin üzünə məhz Ulu Öndərin əlləri ilə açılsa da, bu qapıdan ictimai həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gələn, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməyib. Ulu Öndər Heydər Əliyev bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış liderdir.

Heydər Əliyev cismən aramızda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında birləşdirir. Həm də onunla təsəlli tapırıq ki, Ulu Öndərin möhtərəm Prezident İlham Əliyev kimi müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var.

 

 

VƏ DİGƏR...