Xalqımızın tarixi bu geyimlərdə öz əksini tapıb

Xalqımızın tarixi bu geyimlərdə öz əksini tapıb

Azərbaycan milli geyimləri xalqımızın maddi və mənəvi mədəniyyətinin uzun sürən inkişafı prosesi nəticəsində yaranıb. Milli geyimlərimiz özündə azərbaycanlıların maddi mədəniyyətini, onlara xas xüsusiyyətləri əks etdirir və xalqın sarsılmaz etnik nişanələri sırasına aiddir.

Milli geyimlərimiz həmçinin Azərbaycan xalqının tarixi və milli mədəniyyətilə bağlı əsas atributlarından biridir. Bu ona görə unikaldır ki, xalqın tarixi bu geyimlərdə öz əksini tapıb. 

Azərbaycan XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan Azərbaycanda ən iri ipəkçilik bölgəsi idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa ərazilərində də ipəkçiliyin istehsalı inkişaf etmişdi. Bu bölgələrdə ipəkdən bəzəkli, naxışlı, zərif qadın örpəkləri istehsal olunurdu. Geyimin üslubu onun sahibinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi.

Kişi və qadın geyimləri Azərbaycanın bütün etnik, tarixi bölgələrində eyni idi. Bununla belə, kişi geyimləri özündə sahibinin hansı zümrəyə aid olduğunu əks etdirirdi. Uşaq geyimləri öz formasına görə böyüklərlə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi. Azərbaycan qadın geyimi XIX əsrdə, XX əsrin əvvələrində, əsasən, qanovuz və ipək parçalardan tikilirdi.

Çəpkən çiyinüstü, astarlı və qurama qollara malik qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçadan tikilirdi. 

Ləbbadə çiyinüstü üst gödəkcəsidir. Bu geyim sırıqlı astarolur tirmədən, məxmərdən və digər parçalardan tikilirdi.

Güləcə qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi.

Baharı sırıqlı astar qadın çiyinüstü üst geyimidir. Əsasən, məxmərdən tikilirdi. 

Kürdü qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzədilirdi. 

Eşmək qadın sırıqlı üst geyimidir. Tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəz dərisi ilə, qızılı şəbəkə torla və şəridlə bəzədilirdi. 

Qadın bel üst geyimi bir neçə tumandan, cüt balaqdan və çaxçurdan ibarət idi.

Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.

Kişi milli üst geyimi üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi. 

Qaba kişi çiyinüstü üst geyimidir və əsasən, tirmədən tikilirdi.

Çuxa içi yunlu, qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı kişi kürküdür.

Milli geyim dəstinə müxtəlif növ baş geyimləri və ayaqqabılar, yerli zərgərlərin  zərgərlik məmulatları da daxil idi. Qadın zərgərlik məmulatları onların tətbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrində olurdu.

Azərbaycanda sənətkarlığın inkişafı haqqında müxtəlif dövrlərdə burada olmuş tacirlər, səyyahlar və diplomatlar xeyli sayda maraqlı fikirlər bildiriblər. İtaliya səyyahı Marko Polo (XIII əsr) Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulayıb. İngilis səyyahı Antoni Cenkinson (XVI əsr) Azərbaycandakı yay iqamətgahının dəbdəbəsini təsvir edərək yazır: "Şah ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu, onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi".

XIX əsrin sonu – XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala uyğun olaraq qanovuz, darayi və məxmərdən ibarət idi. Onlar Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal lövhəciklər) istifadə olunurdu. Boyama zamanı bitkidən alınan maddələrdən yararlanırdılar. Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq və meyvə ağaclarının (nar, heyva, alça) çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və rəmzi günəş təsvirlərindən ibarət idi. Naxışlarda quş təsvir etməyi xoşlayırdılar: bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi bildirçin, kəklik və s. Tez-tez quş cütlüklərinin təsvirinə rast gəlinirdi. Quşları, adətən, ya bir-birini sevən, ya da küskün şəkildə (məhəbbət və ayrılıq rəmzi) təsvir edirdilər. Heyvanlar aləmindən isə naxış tikmələrdə ən çox ceyranları, tısbağaları, ilan-əjdahaları, atları təsvir edirdilər. Tikmələrin geniş yayılmış növlərindən biri olan "quş gözü" ağ və ya rəngli ipək sapla tikilirdi. "Kökləmə" tikməsinə araqçının, şabkulların (gecə papağı), namaz xalçalarının, eləcə də yun geyimin bəzədilməsi zamanı təsadüf olunurdu. Onu adi və su tikişiylə tikirdilər, astarla üz arasına nazik yun və ya pambıq qat qoyurdular. Mirvari və muncuqla olan tikmələr böyük maraq oyadır ta qədimdən kostyum detallarını, məişət əşyalarını və s. onlarla bəzəyirdilər. Applikasiya və spiral tikmənin nisbətən cavan üsullarıdır. Nadir hallarda təsadüf olunan file üzərində iş və mereyka (şəbəkəli haşiyə naxışı) sonralar yayılıb və tətbiq dairəsi geniş deyil. Əl işinin bu növü daha çox salfet, dəsmal və üz  örtüklərinin bəzədilməsi üçün səciyyəvidir.

Qeyd edək ki, bu gün Azərbaycanın bir çox şəhərlərində qədim üsullar qorunub saxlanır, ustalarımızın əl işləri beynəlxalq sərgi və muzeylərin ekspozisiyalarını bəzəyir. Bütün növ tikmələrin daha qədimi qızılı tikmədir. Bu zaman çox möhkəm parçalardan istifadə olunurdu. Ən yaxşı material qırmızı, zoğalı, bənövşəyi və yaşıl rəngli məxmər idi. Qızılı tikmə üçün qızılı və ya gümüşü saplardan istifadə olunurdu. Bu tikmə güləbatın adlanır. Çox zaman qızılı tikməylə qadın üst, baş geyimlərini, məişət əşyalarını, at üçün bəzəkləri və xırda məmulatları bəzəyirdilər. Hətta gəlinin cehizinə qızılı tikməli müxtəlif məişət təyinatlı əşyalar daxil edilirdi. Tambur tikmələrinin istehsal mərkəzi XIX əsrdə Şəki şəhəri olub. Mürəkkəb və qəribə naxışlar parlaq ipək saplarla tünd fonda vurulurdu. Dəzgahda dartılmış parça üzərində sənətkar əvvəlcə rəsmin cizgi xətlərini tikir, sonra içini doldururdu. Tambur tikmələri üçün iynə "qarmaç" adlanırdı. Qadın geyimləri, iri yastıq üzləri, hamam xalçaları örtüklər onunla bəzədilirdi.

Sevinc Fədai

 

 

VƏ DİGƏR...