QOBUSTAN - açıq səma altında muzey
Əcdadların izi ilə
"Qavaldaşı"nın sədası hər bir azərbaycanlının yaddaşında yaşayır. Bəzilərində illərlə susmağına, dillənib ruhunu oyatmamasına baxmayaraq, bu daşın səsi yaddaşımızın bir küncündə diridir həmişə. Bu səs bizə əcdadların getdiyi yolu-milli yaddaş sistemimizin başlanğıc nöqtəsini göstərir. "Qavaldaşı"ndan qopan səda bizimlə birgə yol gedir və sonda yaddaşımızın Vətəni olan Qobustan qayalarına qovuşur.
1981-1994-cü ildə Qobustanda tədqiqatlar aparan məşhur Norveç səyyahı Tur Heyerdal qayalardakı təsvirləri görəndən sonra əlini göyə qaldıraraq, "mən artıq təslim oldum, buralar nəhəng sivilizasiyanın beşiyidir", deməklə yaddaşımızın daş Vətəninin qədimliyini və bəşəriliyini təsdiqləmiş oldu. Əslində, Qobustanda aşkar edilən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqanın hər biri ayrı-ayrılıqda səsdir, sədadır. O səslərin qorunduğu Qobustan Dövlət Tarix və Bədii Qoruğu 2007-ci ildən UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alır. Yaddaşımızın SƏSini artıq UNESCO qoruyur.
Muzeyin ərazisi 3096 hektardı, 3 böyük dağın - Böyükdaş, Kiçikdaş və Çıngirdağ-arasında yerləşən eksponatlar bura gələnləri tarixin sehrinə salır. Ərazi ilk dəfə 1941-ci ildə böyük arxeoloq İshaq Cəfərzadə tərəfindən kəşf edilib. Lakin müharibənin başlanması alimin işlərini yarımçıq qoyub. Yalnız 1947-ci ildə tədqiqatlarına davam edən arxeoloq elmi axtarışların nəticəsi olaraq 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilən 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar - petroqliflər qeydə alıb, 20 qayaaltı sığınacaq aşkarlayıb.
Həmin təsvirlərin rəmziliyi və tarixi-mifoloji cəhətdən vacibliyi haqqında az sonra ətraflı danışacağıq. Hələlik isə, Qobustandakı iki sirli eksponat-qaya parçasından - "Günəş saatı" və "Qavaldaş"dan söz açaq:
Əcdadlarımız "Günəş rəsədxanası" və ya "Günəş saatı" adlanan qayadan bir növ astronomik cihaz kimi istifadə ediblər. Qədim insanlar ili hər biri 40 gündən ibarət 9 aya bölüb ki, bu işdə onlara "Günəş saatı" yardımçı olub. Bundan əlavə, Qobustan qayalarında işıq-kölgə prinsipi ilə işləyən "Qnomon təqvimi" dünyada bənzəri olmayan ən mükəmməl təqvimlərdən biridir və Neolit dövrünə aid ən böyük tapıntılardan sayılır.
"Qavaldaş" adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Onun çox müdhiş sirri var: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü yastı daş qoyulurdu. Alt daşlarla üst daş arasında boşluq olduğundan dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçdiyi üçün kiçicik toxunuş belə "Qavaldaş"da yüksək səs yaradırmış.
Möhtəşəm musiqi qurğuları indinin özündə də yerlərindədir və quruluşları, qeyri-adi səsləri ilə qoruğa gələnlərin diqqətinə və heyrətinə səbəb olur.
Qayadakı təsvirlər - gizli simvollar
Qədim Qobustan sakinləri miras qoyduqları təsvirlərdə xüsusi informasiyaları da şifrələyiblər. Min illərlə bir-birinin ardınca gələn nəsillər tərəfindən təxminən min qayada çəkilən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələrinin hər biri həm də batini informasiya daşıyıcısıdır. Misirşünas alim, qədim və batini yazılı mənbələr üzrə araşdırmaçı Firudun Kərimovun sözlərinə görə, o təsvirlərin hər biri qədim sivilizasiyaya aid şifrələrdir:
"Qobustan Azərbaycanın şüurlu insan məskəni olmasına bir sübutdur. Buradakı rəmzlər bizim kamil xalq olmağımıza bir dəlildir. Qobustan haqqında demək olar ki, yazmamışam. Çünki bu kamilliyin primitiv şəkildə insanlara çatdırılması olardı. Batini mənada bütün qədim yazılar, o cümlədən Qobustandakı təsvirlər çətinliklə çözülə bilən rəmzlərdir. Allahın bu dünyada gördüyü işlər qədim yazılarda daha geniş və daha izahlı verilib. Ona görə Qobustandakı qayaüstü rəsmlər sufilər üçün, müəyyən fikirləri çatdırmağın sadə üsulu kimi başa düşülür. Buradakı qayıq - Ra-Omon yəni, Rəhman, Allahın göy sularında, yəni, ilkin materiyada yaratdığı "qeyb aləmi"nin rəmzidir. Qayığın ucundakı Günəş isə Ra Omon-Rəhman, Allahın öz obrazıdır. Öküz də həmçinin Allahın göydə yaratdığı "qeyb aləmi"nin digər rəmzidir.
Ümumiyyətlə, sufi məntiqinə görə, dünyada yalnız mütləq varlıq olan Ali Haqq yaradıcılıqla məşğul olub. Hər şey Mütləq Haqqın təzahürü olduğu kimi, insanla bağlı bütün yaradılış da onunla vəhdətdə olan Allaha məxsusdur. Yer üzündəki bütün maddi və mədəni abidələrdə hər şey məhz tək Allahın fəaliyyətinə həsr olunub. "Qobustan" sözünün özü də açılışa ehtiyacı olan rəmzdir. Bu simvol "qobu" və "stan" rəmzlərindən yaranaraq, "Qeyb aləminin ölkəsi" mənasını verir.
"Stan" rəmzi həm də qədim Misirdə dörd ünsürə - od, su, hava, torpaq-asanlıqla keçən ilkin materiyanı - İlahı bildirir. Başqa sözlə, Qobustan dirilik suyundan yaradılan Qeyb aləmi, ruhlar dünyası - cənnət deməkdir".
Qobustanı rəmzlərin dili ilə qiymətləndirən F. Kərimovun sözünə qüvvət olaraq deyək ki, buradakı qayalarda ən çox qayıq təsvirləri var. Batini yazılarda "qeyb aləmi"nin rəmzi sayılan qayıqlar Qobustan qayalarında müxtəlif forma və vəziyyətlərdə təsvir edilib. Təəssüf ki, adlı-sanlı alimlərimiz belə Qobustan qayalarındakı qayıq təsvirlərini yalnız ovçuluq, balıqçılıq vasitəsi kimi dəyərləndirirlər. Guya, Şumer, Mesopotamiya sivilizasiyasından da qədim Qobustanda qayıq yalnız ovçuluq predmeti olub. Batini yazılara inansaq, Qobustan sakinlərinin inanc sistemində qayıq müqəddəs idi. Alimlər Qobustandakı 29 saylı qayadakı səhnəni təxminən bu cür oxuyublar: qayıq səfərdən uğurla qayıdıb. Sahildəki adamlar sevinclərini, şadyanalıqlarını rəqs edərək bildirirlər. Bu izah sırf məişət müstəvisindədir. Batini mənada isə səfərdən qayıdan qayıq qeyb aləminə var olmağın nişanəsi kimi göstərilib.
Qobustan və Qədim türklər
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Güllü Yoloğlu isə Qobustan məfhumuna sırf türkoloji və etnoqrafik aspektdən yanaşır. Onun sözlərinə görə, hazırda Qobustanda qorunan eksponatlar, qayaüstü rəsmlər qədim insanların Xəzər dənizinin sahillərindən Mərkəzi Asiyaya və Sibir ərazilərinə getmə faktını söyləməyə imkan verir: "Qobustan Dövlət Tarix və Bədii Qoruğu dünya əhəmiyyətli abidələr siyahısına daxildir. Orada tarixin bir deyil, müxtəlif dövrlərinə aid vacib faktlara rast gəlmək mümkündür. Qayaüstü rəsmlərdən görmək olar ki, müxtəlif dövrlərə aid olmasına baxmayaraq, xalqın inanc sistemi dəyişməz qalıb. Qobustan türk dünyasının inanc sisteminin ilkin tədqiqat obyekti kimi çox vacib məkandır. Qayaüstü rəsmlərdə bir çox bitki və heyvan növləri təsvir olunub ki, hazırda onların kökü tamamilə kəsilib. Onları tədqiq etməklə, Azərbaycanda baş verən iqlim dəyişiklərini də müşahidə etmək mümkündür.
Qobustan qayalarındakı təsvirlərin hər biri ayrı-ayrılıqda rəmzdir, ayrı-ayrılıqda tarixi bilgidir. Sibirdə tədqiqat işi apararkən mənə məlum oldu ki, oradakı təsvirlərlə Qobustan və Gəmiqaya (Naxçıvan) rəsmləri çox oxşardılar. Lakin Qobustan qaya təsvirləri onların ən qədimidir. Bu fakt onu göstərir ki, qədim insanlar Şərqdən Qərbə köç edərək, mədəniyyətlərini həmin ərazilərə də yayıblar. Sovet arxeoloqu professor
Leonid Szlatov qeyd edib ki, qədim insanların böyük köçü Şərqdən Qərbə olub. Xəzər sahillərində yaşayan insanlar Sibiryanı ərazilərə gələrək buradakı insanlara əkinçilik, maldarlıq, sənətkarlıq bacarıqlarını aşılayıblar. O vaxta qədər isə bu ərazilərdə yaşayan qədim insanlar yalnız ovladıqları balıqlarla, arı pətəklərində qalan ballarla, cır meyvələrlə qidalanırmış. Szlatov türk etnosuna qarşı müsbət fikri ilə seçilən alim deyil. Hətta hunların türk olmasına şübhə ilə yanaşır. Amma qədim dövrdə insanların ilk olaraq bu ərazilərdən qərbə tərəf köçdüyünü etiraf etməyə məcbur olub.
Tur Heyerdal və Qobustan
1981-1994-cü illərdə Qobustanda tədqiqatlar aparan Norveç səyyahı Tur Heyerdal buranı qədim sivilizasiyanın beşiyi adlandırıb.
Heyerdal əvvəlcə onu müşahidə edən yerli tədqiqatçılardan "dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyil, bəs niyə sizinkilərin sorağı səkkiz minillik öncədən gəlir?" - deyə soruşur. Ona qayaların dibindən aparılan arxeoloji qazıntılardan aşkar edilən təsvirləri göstərəndə məşhur səyyah sevincdən əllərini qaldırır: "Bax, mən təslim. Bu qaya təsvirləri dünya mədəniyyətinin beşiklərindən olan Beynəlnəhrdən də qədimdir. Görünür, Azərbaycan da belə qədim ocaqlardan olub. Bu yadigarlardan sonra daha şübhəyə yer yoxdur", cavabını verir.
Qobustan və "UFO"-lar
Qobustanın daha bir sirli tərəfi isə qədim insanların ilk dəfə məhz burada yadplanetlilərlə əlaqə yaratma versiyasıdır. Doğrudur, versiya o qədər inandırıcı görünməsə də, Türkiyənin bir neçə nüfuzlu televiziyasının araşdırma qrupu hələ 1990-cı illərin əvvəllərində məsələ ilə bağlı proqram hazırlayaraq, İsveç və Fransa mətbuatı səhifələrində bu mövzuya yer ayırmışdı. Fərziyyələrə görə, 1958-ci ildə Bakı Dövlət Universitetinin bir qrup alimi Qobustan ərazisində apardıqları araşdırmalar nəticəsində maraqlı nəticələr əldə edir. Onlar bəzi təsvirlərdəki gizli rəmzləri, şifrə və sirləri ilk dəfə gördüklərindən araşdırmaları raport halına salaraq, Mərkəzə - Kremlə yollayırlar. Araşdırmalar SSRİ-nin o zamankı rəhbəri Nikita Xruşşovu çox maraqlandırır. Xruşşov təcili şəkildə həmin ərazidə yenidən tədqiqatlar aparılmasını və raportda qeyd olunan gizli məsələlərin aydınlaşdırılmasını tapşırır. İsveçdən də mütəxəssislər cəlb olunur. Aparılan araşdırmaların nəticələri Avropadakı laboratoriyalara göndərilir. İsveç alimləri bəzi təsvirlərin fəzalılar və onlara aid gəmilər olduğunu raport şəkində Kremlə göndərir. Bundan sonra Xruşşovun əmri ilə SSRİ "KQB"-si Qobustanı tədqiqatlar üçün qapalı zona elan edir. Yerli alimlərə xüsusi göstəriş verilir ki, bu barədə heç yerdə nəsə danışmasınlar. İsveç alimləri isə ölkələrinə qayıtdıqdan sonra müəmmalı şəkildə öldürülür.
Elmin NURİ
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...