Tərcümə Mərkəzinin 5 noyabr 2014-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Mətbuat Konfransının press-relizi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (AzTM) Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşməsi işinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Mərkəzin strukturu:

1. Rəsmi yazışmalar şöbəsi – ölkədaxili və beynəlxalq müstəvidə dövriyyədə olan rəsmi sənədlərin, mətn və materialların dil və tərcümə baxımından tənzimlənməsi, mərkəzləşmiş qaydada təşkili və təkmilləşdirilməsini həyata keçirir.

2. Elm, təhsil və mədəniyyət şöbəsi – elm, təhsil, mədəniyyət, ədəbiyyat və digər sahələr üzrə tərcümənin mərkəzləşmiş qaydada təşkili, tənzimlənməsi işini, Azərbaycan ədəbi dilinin müvafiq normalara uyğun şəkildə işlənməsinə nəzarəti həyata keçirir.

3. Beynəlxalq əlaqələr şöbəsi – Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünyada təbliği mexanizmlərini qurur, dünyanın aparıcı dil mütəxəssisləri, nəşriyyatları, mədəniyyət mərkəzləri, digər əlaqədar beynəlxalq qurumları ilə əlaqələr yaradır.

4. Nəşriyyat şöbəsi – dünyanın aparıcı nəşriyyatları ilə əlaqələr yaradır, Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatlarının Azərbaycan dilində nəşrini təmin edir.

Elmi-Bədii Şura – ictimai əsaslarla fəaliyyət göstərir, elm, təhsil, ədəbiyyat, mədəniyyət sahəsi üzrə dünya müstəvisinə çıxarılacaq ədəbiyyatların seçimini müəyyənləşdirir, tərcüməsi nəzərdə tutulan ədəbi, elmi əsərlərin, dil və tədris vəsaitlərinin müzakirəsini təşkil edir.

Ekspert Şurası – ictimai əsaslarla fəaliyyət göstərir, dil və tərcümənin keyfiyyətinin təyini üzrə Mərkəzə təqdim olunan mətn və materialların, tərcümənin müxtəlif sahələri üzrə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndiri. 

“Xəzər” dünya ədəbiyyatı jurnalı – müasir dünya ədəbi proseslərini mütəmadi şəkildə işıqlandırır, dünyanın aparıcı ədəbi simalarının əsərlərinin, həyat və yaradıcılıqlarına dair məlumatların tərcüməsini və nəşrini həyata keçirir.

“Aydın Yol” – həftəlik ədəbi-ictimai qəzeti Azərbaycan və dünya ədəbiyyatının nümunələrini, tanınmış ədəbi simaların həyat və yaradıcılığını işıqlandırır. Azərbaycan dilinin norma və qaydalara uyğun şəkildə işlədilməsinə nəzarət edir, dil və tərcümə mədəniyyətinin nəzəri sahəsinə dair materiallara, ədəbi, elmi, publisistik əsərlərə səhifələrində yer ayırır.

Mərkəzin fəaliyyəti

Qurum Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi kimi fəaliyyətə başladığı dövrdən (2014-ci il 16 avqust) iki sayt oxucuların ixtiyarına verilib:   
•     Mərkəzin rəsmi saytı (aztc.gov.az),
•     “Aydın yol” qəzetinin saytı (aydınyol.az)
24 noyabrda isə “Aydın Yol” qəzetinin ilk sayı, həmçinin, “Xəzər” rüblük dünya ədəbiyyatı jurnalı dərc olunub.
Mərkəzin yeni nəşrləri “Tərcümə Mərkəzinin Kitabları” seriyası adı altında çap ediləcək. Artıq Xuan Rulfonun “Pedro Paramo”, Matilda Urrutianın “Pablo Nerudayla yaşanan ömür” kitabları nəşr edilib. Yaxın günlərdə isə Ernest Heminqueyin “Qadınsız kişilər”, Akutaqava Rünoskenin “Tanrıların istehzası”, Fyodor Mixayloviç Dostoyevskinin “Povest və hekayələri”, sufi mətnlərindən seçmələr – “Xilas yolunun yolçuları”, “Bəşəri poeziya” və s. kitablar işıq üzü görəcək.

 “Dəf(i)nə yarpağı” bədii Tərcümə Mükafatı


Mərkəz tərəfindən təsis edilən və 2  ildən bir keçiriləcək mükafat nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlərə veriləcək.

Mərkəzin tarixi haqqında qısa məlumat

Respublika Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Azərbaycan Respublikası Nazirlər Sovetinin 1989-cu il, 6 mart 113 nömrəli Fərmanıyla sovet və dünya xalqları ədəbiyyatının ən yaxşı nümunələrini SSRİ və xarici ölkə xalqlarının dillərinə çevirib nəşr etmək, təbliğini həyata keçirmək məqsədi ilə yaradılıb.
Mərkəzin ilk sədri 1991-ci ildə faciəvi şəkildə avtomobil qəzasında həlak olmuş istedadlı türkoloq-alim, millət vəkili Aydın Məmmədov olub. 1991-ci ilin 13 iyun tarixindən Mərkəzə yazıçı-tərcüməçi Afaq Məsud rəhbərlik edib.
Mərkəz 1989-2014-cü illər ərzində Quranın, dünya ədəbi fikrinin Frans Kafka, Qabriel Qarsia Markes, Uilyam Folkner, Tomas Vulf, Cerom Selincer, Aleksandr Soljenitsın, Yukio Misima və digər bu kimi simalarının əsərlərinin ilk dəfə Azərbaycan dilinə tərcüməsini və nəşrini həyata keçirib.

VƏ DİGƏR...