“Hazırda üzərində işlədiyim əsər Tərcümə Mərkəzidir”

“Hazırda üzərində işlədiyim əsər Tərcümə Mərkəzidir”

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-tərcüməçi Afaq Məsud “Aydın yol” qəzetinin suallarını cavablandırıb.
           
- Afaq xanım, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə direktor təyin olunandan sonra verdiyiniz ilk müsahibədə bu sahəni qurmağı səhrada şəhər salmağa bənzətmişdiniz. Öz bənzətmənizlə desək, şəhərin layihəsi üzərində işlər necə gedir?

- Biz indiki mərhələdə dediyim həmin o “şəhərin” infrastrukturunu qurmaqla məşğuluq. Mərkəzin bugünkü fəaliyyətinin hüquqi əsası hələ ki, məhduddur. Bilavasitə, tərcümə və tərcüməçiliklə bağlı müvafiq normativ aktların, qanunların qüvvəyə minməsinə ehtiyac var. Hazırda bu istiqamətdə işlər gedir. Mərkəzin ali məramı, məqsədi, ilk növbədə, ölkənin dil və tərcümə sahəsində peşəkarlıq meyarının yaradılması, ayrı sözlə desək, bu fəaliyyətin müvafiq qanunlara və normalara dayaqlanmasının təmin edilməsidir. Bu, tərcümə və tərcüməçilik ixtisasının təhsil mərhələsindən başlayaraq təşkilini, tərcümə işinin müvafiq tələblərə cavab verəcək səviyyədə qurulmasını, ölkə üzrə dövriyyədə olan tərcümə proseslərinin, beynəlxalq sənədləşmələrin nəzarət altına alınmasını ehtiva edən davamlı və mərhələli bir prosesdir ki, artıq bu istiqamətdə işlərə başlanılıb.

Tərcümə və tərcüməçilik sahəsinin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan mühüm tədbirlərdən biri də bu fəaliyyətin, Mərkəzin Əsasnaməsinə uyğun olaraq, mərkəzləşdirilmiş qaydada təşkili, yəni tərcümə peşəkarlığının səviyyəsini müəyyənləşdirəcək müvafiq ayarlanma mexanizmlərinin qurulması, ölkədə fəaliyyət göstərən peşəkar tərcüməçilərin reyestrinin yaradılmasıdır. Bu yönümdə nəzərdə tutulan tədbirlər tərcümə və tərcüməçilik fəaliyyətinin nəzarətdə saxlanılmasına imkan yaratmaqla bərabər, bu sahəni naşı tərcüməçilərin müdaxiləsindən qoruyacaq ilkin filtr rolunu oynamalıdır. Ölkə üzrə tərcümə proseslərinin mərkəzləşmiş qaydada təşkili ilə bağlı digər tədbirlər də görülür. Müvafiq informasiyaların və sənədlərin elektron mübadiləsi sistemi formalaşdırılır. Bu, ölkənin bütün regionlarında gedən tərcümə proseslərini, həmçinin, beynəlxalq aləmlə mübadilələri özündə cəmləyəcək elə bil sistem olacaq ki, onun vasitəsi ilə tərcümə olunan sənədlərin, mətn və materialların elektron qaydada qəbulunun və ekspertizasının operativ şəkildə həyata keçirilməsi mümkün olacaq.

- Siz Respublika Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaradılan gündən bu qurumda çalışırsınız. Əvvəl sədr müavini, görkəmli türkoloq alim Aydın Məmmədovun vəfatından sonra isə Mərkəzin rəhbəri vəzifəsində. Ötən 25 ilə baxanda hansı uğurlardan, yaxud itkilərdən danışmaq olar?

- Uğurumuz bu olub ki, biz pulsuz-parasız ciddi işlər görməyin mümkünlüyünü sübuta yetirmişik. Mərkəzin bu iyirmi beş il ərzində bədii tərcümə sahəsində gördüyü işlərə, dünya dillərindən çevirdiyi bədii, elmi, publisistik əsərlərin, memuar ədəbiyyatının siyahısına və ədəbiyyat seçiminə nəzər salanda Ədəbiyyatın və Ona olan Sevginin nələrə qadir olduğu üzə çıxır. İtkilərə gəlincə, biz Aydın Məmmədovu itirdik. Natiq Səfərov kimi bədii tərcümə ustasını itirdik. Digər itkilər – bu illər ərzində ölkənin dil, ədəbiyyat, tərcümə sahəsində görə biləcəyimiz, cəmiyyətin mənəvi həyatında sahman və abadlıqlar yaradacaq mühüm əhəmiyyətli işlərdir. Həmçinin, dünya ədəbi prosesindən hələ də kənarda qalmış milli ədəbiyyatımızın mükəmməl səviyyədə beynəlxalq arenaya çıxarılması istiqamətində görülə biləcək digər tədbirlərdir.

- Bu vaxta qədər ölkə üzrə tərcümə sahəsinə vahid dövlət nəzarəti sistemi olmayıb. Bəlkə də bu səbəbdən, yağışdan sonra göbələk kimi bitən “tərcümə mərkəzlərinin”, müxtəlif nəşriyyatların özfəaliyyət səviyyəsində gördüyü işlər ilk öncə ana dilimiz üçün kifayət qədər təhlükə yaradıb. Sizcə, ana dilini mükəmməl bilməyən şəxs yaxşı tərcüməçi ola bilərmi?

- Yeni statusla fəaliyyətə başlayandan, ilk növbədə, əcnəbi dillər üzrə peşəkar mütəxəssislərin çatışmazlığı məsələsi gündəmə gəldi. Məni isə daha çox, ədəbi ana dilimiz üzrə mütəxəssislərimizin azlığı narahat etməkdədir. Nə qədər qəribə də olsa, bu gün ədəbi Azərbaycan dilində mükəmməl danışa və yaza bilən adamlarımızı barmaqla saymaq olar. Hətta yazıçı, alim, ziyalı, dövlət məmuru, jurnalist kimi mötəbər status daşıyıcıları arasında belə mükəmməl ədəbi Azərbaycan dilində yaza, danışa bilənlərə az rast gəlinir. Bu problem tərcümədə özünü daha çox büruzə verir. Xüsusən bədii tərcümə sahəsində, ana dili və ədəbiyyat kitablarımızın tərtibində, dublyajımızda, efirimizdə, küçə lövhələri və reklamlarımızda, rəsmi, hüquqi sənədləşmələrdə… bir sözlə, dil və tərcümənin işləndiyi bütün sahələrdə. Bu gün biz bədii tərcümə sahəsində baş verən özfəaliyyətin hansı fəsadlar törətdiyini ürək ağrısıyla müşahidə edirik. Dostoyevski, Şekspir kimi dühalar ən ucuz qiymətə tərcümə kontorlarında çalışan işçilər tərəfindən tərcümə olunur. Dublyajımız göz qabağındadır. Yöndəmsiz, gülüş doğuran tərcümə ifadələri xalqın dillər əzbərinə çevrilib. Bütün bunlar ölkəmizdə hərəkətdə olan total dil aşınması prosesindən xəbər verir. Mərkəzin dil ekspertləri hazırda bədii tərcümə ilə məşğul olan “tərcümə ustalarımızın” yaradıcılığı üzərində araşdırma işi aparırlar. Burda elə məqamlar ortaya çıxır ki, “bədii tərcümənin məziyyətləri” deyilən dəyərləndirmə şkalası qalır bir tərəfdə, Azərbaycan ədəbi dilinin norma və qaydalarına əməl olunması məsələsi gündəmə gəlir.

- Bir yazıçı, dil və tərcümə sahəsinə rəhbərlik edən dövlət qurumu rəhbəri olaraq, ana dilimizdə baş verən bu aşınmanın səbəbini nədə görürsünüz?

- Səbəblər müxtəlifdir. Burda ilk növbədə yaxın keçmişimiz, ölkənin mənəvi həyatını alt-üst edən Qarabağ hadisələri, cəmiyyətdə, ictimai fikir müstəvisində gedən kəskin siyasiləşmə, insanların ədəbiyyatdan, elmdən, mənəvi dəyərlərdən uzaqlaşıb, yaşam, güzəran girdabına yuvarlanması və sair və ilaxır yada düşür. Digər səbəblər də var. İllər uzunu tənqidlərə, iradlara məruz qalsa da, hələ də arzuolunan səviyyəni əldə edə bilməyən tədrisimiz, xüsusən, ana dili və ədəbiyyat dərsliklərimizin bərbad vəziyyəti, uşaqlarımıza danışmağı, yazmağı yadırğadan növbənöv əcaib tədris metodları və sair və ilaxır. Bu gün dil və ədəbiyyat dərsliklərimizdə tədris olunan “yazıçı” və “şairlərin” ancaq adlarına nəzər salanda insanı vahimə bürüyür. Rusiyanın təhsili birinci sinif şagirdinin yaddaşını, qəlbini Puşkinlə, Lermontovla, Pasternakla, Anna Axmatova ilə qidalandırır, biz isə balalarımıza, sözün əsl mənasında, zəhər yedirdirik. Eyni mənzərəyə ali tədrisimizdə də rast gəlinir. Universitetin filologiya fakültəsində tədris olunan iki cildlik “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyində əcaib təxəllüslü “yazıçı” və “şairlərin” yaradıcılıqlarıyla bərabər, gənc yazarlarla Yazıçılar Birliyi arasında baş verən xırda intriqalar da tədris olunur. Bu istiqamətdə aparılacaq islahatlar, düşünürəm, görəcəyəmiz işlərin ən mühümüdür. Bu barədə dəfələrlə demişəm: bu gün kasadlığından əziyyət çəkdiyimiz dil, təfəkkür, özünüifadə imkanlarımız həmin bu kitablarla formalaşır. Milli özünüdərk də, mənəvi dəyərlərə münasibət də, hər şey burdan başlayır. Orta və ali təhsildə tədris olunan bu sayaq bərbad dərsliklər barədə bir neçə məqalə də yazmışam. Mənzərə isə dəyişməz olaraq qalır. Hər il dərsliklər üzrə monitorinqlər aparılır, hansısa dəyişikliklər edilir. Lakin bu dəyişikliklər bir səhvin digəri ilə əvəzlənməsi xarakteri daşıyır. Yaranışından çirkin qadını bəzəyib-düzəməklə iş aşmaz. Mövcud vəziyyəti doğuran əsaslı səbəblərdən biri də ciddi ədəbiyyatımızın, bu gün miskin ədəbiyyat həvəskarları ordusunun yazıb-yaratdığı mətnlər tozanağında öz dəyərini, təsir qüvvəsini itirməsidir, xalqın kitabdan, ədəbiyyatdan üz döndərməsidir. Bir sıra ayrı səbəblər də var, onlar barədə bir qədər sonra.

- Afaq xanım, bu gün Azərbaycandan Avropaya neft, qaz kəmərləri, dəmir yolu xətləri çəkilir. Dövlət başçımız cənab İlham Əliyevin tərcümə sahəsiylə bağlı sərəncamı isə özündə ölkəmizlə dünya arasında mənəvi körpülərin yaradılmasını ehtiva edir. Dünyanı Azərbaycana, Azərbaycanı dünyaya tanıtmaq baxımından rəhbəri olduğunuz Mərkəzin üzərinə böyük yük düşür. Bu istiqamətdə işinizi necə qurmağı planlaşdırırsınız?

- Bu sahədə görüləcək işlər daha əhatəli və tutumludur. Bizim dünyanın ən ali müstəvisinə çıxarılacaq ədəbiyyatımız, dünya elminə töhfələr vermiş elmimiz, zəngin mədəni irsimiz var. Düşünürəm ki, bu sahədə həyata keçirməyi nəzərdə tutduğumuz işlər, tədbirlər zaman-zaman öz bəhrəsini verəcək. Bu yaxınlarda biz İsveçdə olduq. Dünya ədəbi fikrinin az qala arbitri sayılan bu ölkədə Azərbaycan ədəbiyyatı barədə məlumat demək olar ki, yox səviyyəsindədir. Nobel ədəbiyyat mükafatının təqdimat mexanizmi üzrə aidiyyatlı təşkilatlarına sorğu göndərdiyi ölkələr sırasında Azərbaycan təmsil olunmur. İdentik mənzərə ilə mən Vyanada və Berlində də qarşılaşmışam. Avstriya Mədəniyyət Departamentinin dünya xalqları ədəbiyyatına yer ayırdığı “Dünya Xalqları Ədəbiyyatı Salonu”nda Afrikanın ən geridə qalmış ölkələrinin, hətta yakutlar kimi ucqar şimal xalqının ədəbiyyat guşəsi olduğu halda, Azərbaycan ədəbiyyatına dair məlumat belə yoxdur. Səbəb bəllidir. Bilirsiniz ki, tərcümə, ələlxüsus, bədii tərcümə – mükəmməl, oturuşmuş tərcümə sistemi və maliyyə tələb edən bir sahədir. Burda dil tərcüməsi ilə yanaşı, mətnin duyumu, ədibin ruhunun, üslub özəlliyinin qorunub saxlanması və çevrilən dildə bədii ifadə edilməsi kimi incəliklər əsas şərtdir ki, bu da xüsusi istedad və qabiliyyət tələb edən mərhələli və məsuliyyətli bir prosesdir.

Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı bu sahədə yaşanan boşluqların aradan qaldırılmasına, dünyanın dil və ədəbiyyat müstəvisində əlaqələrin, iş birliklərinin qurulmasına geniş imkanlar yaratdı. Hazırda bu istiqamətdə müəyyən işlər gedir, Azərbaycan ədəbiyyatının şair və yazıçılarının əsərlərindən ibarət müxtəlif dillərdə və formatlarda antologiyalar hazırlanır, bu əsərlərin xarici ölkələrdə nəşri və təbliği üçün Amerikanın, Almaniyanın, Rusiyanın, Türkiyənin, Misirin, Çexiyanın, eləcə də digər ölkələrin əlaqədar qurumlarıyla, mədəniyyət mərkəzləri ilə əlaqələr yaradılır, danışıqlar aparılır. Üzümüzə gələn il Misirdə, Parisdə, Barselonada, Moskvada, Praqada, həmçinin, İsveçin Höteborq şəhərində keçiriləcək kitab sərgilərində iştirak etməyə hazırlaşırıq. Burda vacib məqam – dünya müstəvisinə çıxarılacaq əsərlərin düzgün seçimi, dil və bədii tərcümə baxımından arzuolunan səviyyədə təşkilidir ki, bu istiqamətdə də işlər gedir. Bədii tərcümənin mükəmməl həddini almaqdan ötrü, əcnəbi dilə tərcümə olunan əsərlər üzərində o dilin daşıyıcıları olan, tərcümə sahəsində püxtələşmiş yazıçı və şairlərlə, yaxud, bədii tərcümə peşəkarlarıyla müştərək redaktə-tərcümə işinin qurulması vacibdir. Beynəlxalq aləmlə əlaqələr istiqamətində görəcəyimiz əhəmiyyətli layihələrdən biri də, dünyanın aparıcı ədəbiyyatlarının mükəmməl bədii tərcüməsinin təşkilidir. Bununla bağlı, ilk növbədə, ölkə üzrə bədii tərcümə mütəxəssislərinin yetişdirilməsi istiqamətində işlər görülməlidir. Bu gün Mərkəz bədii tərcümə sahəsinin aktuallaşdırılması, bədii tərcümə əməyinin qiymətləndirilməsi məqsədi ilə “Dəfinə yarpağı” adlı bədii tərcümə müsabiqəsi elan edib. Mərkəzə yüzlərlə tərcümə əsəri daxil olmaqdadır. Düşünürəm, bu müsabiqə bədii tərcümə mütəxəssislərinin yetişməsi sahəsində müəyyən köməkliyini göstərəcək. Bu sahənin, eləcə də tərcümənin digər sahələri üzrə fəaliyyətin daha mükəmməl və fundamental səviyyədə təşkili üçün isə gələcəkdə tərcümənin spesifik sahələri üzrə peşəkarları hazırlayacaq Tərcümə Akademiyasının yaradılması vacibdir.

- Hətta çox yayılmış, məsələn, çin, ispan və sair dillər üzrə peşəkar tərcüməçilərimiz yox səviyyəsindədir. Söhbət bədii tərcümədən gedir. Mərkəzin buraxacağı kitablarda bu məsələ həllini necə tapacaq? Ümumiyyətlə, ikinci dildən olan tərcümələrə münasibətinizi bilmək maraqlı olardı.

- Biz, əlbəttə ki, orijinaldan tərcüməyə üstünlük verməyə çalışırıq. Lakin bilirsiz ki, bu gün dünya ədəbiyyatında magik realizmin əsasını qoymuş Latın Amerikası ədəbiyyatının, yaxud, dediyiniz həmin çin, ispan, eləcə də, digər dünya xalqları ədəbiyyatlarının orijinaldan tərcüməsi dil mütəxəssisi baxımından çətinliklər yaradır. Braziliya, Portuqaliya kimi aparıcı dünya ədəbiyyatlarının orijinaldan tərcüməsini təmin edəcək portegiz dilinin, eləcə də, adları çəkilən və çəkilməyən bir çox dillərin tədrisi təhsilimizdə nəzərdə tutulmayıb. Bu gün mənzərə belədir ki, Azərbaycan dilinə tərcümə edilən əsər ilk əvvəl orijinaldan sətri tərcümə ilə çevrilir. Sonrakı mərhələlər – bu mətnin üzərində bədii tərcümə işinin aparılması və redaktədən ibarətdir. Lakin bu prosesdə də ortaya digər əngəllər çıxır. Belə ki, orijinaldan çevrilmiş mətn sətri tərcümə mərhələsində hərfi adekvatlığın təmin edilməsi ucbatından çox zaman bədii fikrin, sətiraltı mənaların itirilməsi ilə nəticələnir ki, bu da tərcüməyə uğrayan əsərin bədii tutumuna xələl gətirir. Və burda yeganə çıxış yolu kimi əsər üzərində, orijinaldan edilmiş filoloji tərcümə ilə yanaşı, ikinci dildən – yaxın keçmişimizdə mənimsədiyimiz rus, yaxud, dilimizin ortağı olan türk dilindən edilmiş bədii tərcümə işinin də aparılması vacibdir ki, uzun illərdir bundan istifadə olunur. Və əlbəttə ki, bu da məsələnin tam həlli deyil. Bu sahənin köməkçi dillərə müraciət olunmadan təşkil edilməsi, ilk növbədə, bayaq qeyd etdiyim kimi, bədii tərcümə üzrə ixtisaslaşmanın əlavə təhsil mərhələsinin yaradılmasını, bu sahədə mükəmməl tədrisin formalaşdırılmasını özündə ehtiva edir ki, bu da Mərkəzin gələcəkdə həyata keçirməyi nəzərdə tutduğu vacib işlər sırasındadır.

- Məlumdur ki, telekanallarımızda nümayiş olunan filmlərin dublyajında xeyli dil xətalarına yol verilir. Bu sayaq qüsurlar rəsmi, dövlət səviyyəli görüşlər zamanı ekranda verilən subtitrlərdə də özünü göstərir. Mərkəz tərəfindən bu işlərin yoluna qoyulması üzrə hansısa tədbirlər nəzərdə tutulubmu?

- Bu barədə, yəni dublyaj sahəsində yaşanan acınacaqlı durumla bağlı mənim bir məqaləm də var, hələ çapa verməmişəm. Orda söhbət Şekspirin “Hamlet” əsəri əsasında çəkilmiş filmin dublyajından, Hamletin, Ofeliyanın, eləcə də əsərin digər obrazlarının dialoqlarının nə Şekspirə, nə ədəbiyyata dəxli olmayan, bəzən ümumiyyətlə, Azərbaycan dilində olmayan naqis tərcümə mətnindən gedir. Bundan da bərbad mənzərə bizim bədii tərcümə sahəsində yaşanmaqdadır. Burda elə hallara rast gəlinir ki… Məsələn, Sinkler Lüis kimi dünya şöhrətli yazıçının adı Azərbaycan dilinə Lüis Sinkler kimi tərcümə və nəşr edilir. Bu, Nizami Gəncəvini Gəncəvi Nizami, Aleksandr Puşkini Puşkin Aleksandr, yaxud, Frans Kafkanı Kafka Frans kimi təqdim etmək qədər yolverilməzdir və yüzdən çox ölkəni təmsil edən səfirliklərin, beynəlxalq qurumların diqqət mərkəzində olan məmləkətimizin maarif imicinə zərbədir. Yaxud bədii tərcümə ilə məşğul olan nəşriyyatlarımızın ortaya çıxardıqları kitabların keyfiyyəti ilə yox, kəmiyyəti ilə qürurlanması. Və ən pisi, tərcümə peşəkarlığı meyarının həmin bu nəşriyyatlar, özəl tərcümə mərkəzləri tərəfindən heçə endirilməsi, bədii tərcümə kimi ciddi söz sənətinin – səhifəyə 3, 4, 5 manat müqabilində qiymətləndirilməsidir. Məlum məsələdir ki, bədii tərcümə ilə məşğul olan peşəkar heç bir vəchlə belə şərtlərlə işləməz. Belə olan halda, işə ucuz qazanc əldə etmək həvəsiylə istənilən mətni tərcümə etməyə hazır olan həvəskarlar yarayır. Və nəticə göz qabağındadır. Tərcümənin bu sahəsi üzrə nəzərdə tutulan tədbirlər barədə, tərcümə və tərcüməçilik peşəsinə dair, dediyim müvafiq normativ sənədlər qüvvəyə minəndən sonra danışmaq olar. 

- Adlardan göründüyü kimi, Siz kadr seçimində sırf peşəkarlara üstünlük verirsiniz. Bu sahədə gənc nəslin yetişməsi üçün hansı planlarınız var?

- Əfsuslar olsun ki, bu gün ölkəmizdə tərcümə peşəkarlığının meyarı, bu meyarı formalaşdıran mexanizm yoxdur. Yəni kimin peşəkar, kimin piyada olduğunu təsdiq edən bir metod, üsul, vasitə mövcud deyil. Bu səbəbdən, hətta, peşəkar sayılan tərcüməçilərimizin tərcümələrində belə, çox zaman gözlənilən səviyyəylə qarşılaşmırsan. Çox az sayda peşəkar tərcüməçilərimiz var ki, tək bir onlarla ölkə üzrə hərəkətdə olan nəhəng tərcümə prosesini tənzimləmək mümkün deyil. Gənclərə gəlincə, burda da vəziyyət eynidir. Dünya təcrübəsində bu məsələyə daha konstruktiv yanaşma var. Belə ki, dil üzrə təhsilini başa vurmuş tələbə magistr pilləsində tərcümənin hansı sahəsi üzrə ixtisaslaşacağına qərar verir, o sahə üzrə müvafiq bilik və təcrübə əldə edəndən sonra tərcüməçi kimi fəaliyyətə başlayır. Bizdə isə tərcüməçilik ixtisası, əsasən, xarici dilin mənimsənilməsi üzrə tədris olunur, praktiki təcrübəyə isə cüzi saatlar ayrılır. Tərcümə isə təkcə dili bilmək, yaxud o dildə danışmağı, yazmağı bacarmaq demək deyil. Bu, müvafiq sahə üzrə bilik, terminoloji baza tələb edən çətin, çətin olduğu qədər də mürəkkəb bir prosesdir. Bədii tərcüməyə gəlincə, burda vəziyyət daha ağırdır. Bədii tərcümə yazıçının, şairin ədəbi-bədii təxəyyülünü, ifadə üslubunu, yaradıcı dünyasını duyub anlamaq və bunu çevirdiyin dilə transfer etməyi bacarmaqdır. Məhz bu səbbdən, bədii tərcüməçi əsərin həmmüəllifi sayılır. Tərcümənin bu sayaq özəllikləri bu sahəyə yeni yanaşma tələb edir. Hazırda bu istiqamətdə müəyyən işlər görülür. Mərkəz tərcümənin spesifik sahələri üzrə ixtisasartırma kursları açmağa hazırlaşır. Həmçinin, tərcümə tədrisində istifadəsi zəruri olan müvafiq ədəbiyyatların, dərsliklərin, müxtəlif dillər və sahələr üzrə terminoloji lüğətlərin, sözlüklərin hazırlanması vacibdir.

- Afaq xanım, Siz tərcüməylə ardıcıl və münətəzəm məşğul olmusunuz. Gi de Mopassan, Tomas Vulf, Qabriel Qarsia Markes, Xulio Kortasar, Xorxe Borxes kimi böyük yazarların əsərlərini dilimizə çevirmisiniz. Son illər isə əsasən sufi irsini dilimizə çevirir və bu ilahi ədəbiyyatın təbliğatçısı kimi çıxış edirsiniz. İşinizin çoxluğunu nəzərə alıb sual etmək istərdik: Allahla insan arasında ünsiyyət vasitəsi olan, Allahı insanla, insanı Allahla danışdıran bu mətnlərin tərcümələrinin ardı olacaqmı?

- Sufi dünyası bütün ədəbiyyatları, yazılanları və yazılmayanları gizli hücrə kimi içinə sıxıb saxlayan sehrli Məlumat Selidir. Bu sehr daim məni özünə çəkir. O aləmə qovuşmaq tam ayrı bir hal, müstəsna həyat şəraiti tələb edir. Bu gün hələ ki, belə bir şəraitdən məhrumam. Qarşıda bizi külli miqdarda vacib, vacib olduğu qədər də maraqlı işlər gözləyir. Hazırda üzərində işlədiyim əsər – mənə sufi dünyası qədər maraqlı gələn Tərcümə Mərkəzidir. Mərkəz mənim üçün, hər şeydən əvvəl, insanlardır. Yeni statusla fəaliyyətə başlayandan əməkdaşlarımızın sayı bir xeyli artıb, fəaliyyət dairəmiz genişlənib. Lakin əvvəlki kasıb Mərkəzimizdə qoruyub saxladığımız məhrəm ailə atmosferi itməyib. Ən vacibi budur. Bu yaxınlarda, iş gününün axırına yaxın Fərid (Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn - red) “Adam bura üçün darıxır. Evə gedəndə saatları sayıram ki, vaxt tez ötsün, yenə işə qayıdım…” deyəndə, mən tanınmış bədii tərcümə ustası Natiq Səfərov - red), Aydını (Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin ilk sədri, türkoloq-alim Aydın Məmmədov - red), sökük divarlarını, uçuq tavanını duyğuyla, Sözlə yamadığımız qocaman Mərkəzimizi xatırladım…

Söhbətləşdi: YAŞAR

"Aydın yol"

VƏ DİGƏR...