"Müasir Azərbaycan ədəbiyyatı" antologiyası Ankarada

"Müasir Azərbaycan ədəbiyyatı" antologiyası Ankarada

"Bu nəşrləri, ilk növbədə, Azərbaycan ədəbiyyatının xəritəsi, onun icmalı, daha dəqiq desək, şəxsiyyət vərəqəsi adlandırmaq olar" – A.Məsud

Ankarada TÜRKSOY-un binasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın təqdimat mərasimi keçirildi.Tədbirdə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, TÜRKSOY-un sədri Düsen Kaseinov, Türkiyə Yazarlar Birliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə-Azərbaycan Mərkəzinin, Kitabxanalar və Yayımlar Baş İdarəsinin nümayəndələrilə yanaşı, tanınmış şair və yazıçılar, elm və sənət adamları iştirak ediblər.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu açılış nitqi ilə çıxış edərək bildirdi ki, “Bengü” nəşriyyatında çap olunan ikicildlikdə Azərbaycanın XX əsrdə və bu gün yazıb-yaradan yazıçı və şairlərinin əsərləri yer alıb. Qeyd olundu ki, Azərbaycan ədəbiyyatı bu formatda Türkiyə oxucusuna ilk dəfə təqdim olunur. Əsərləri Türkiyə türkcəsinə Qəmər Alxanova və Kəmalə Ələkbərova tərcümə edib.

Yaqub Öməroğlu bu sahədə Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.

Sonra Azərbaycan Tərcümə Mərkəzi haqqında sənədli film nümayiş etdirildi.

Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək qurumun fəaliyyətindən söz açdı, təqdim olunan antologiya haqqında məlumat verdi: “Bir neçə ay öncə antologiya rus dilində Moskvada təqdim olunub. Bu gün də türk dilində nəşrin təqdimat mərasiminin keçirilməsindən məmnunuq. Payızda isə Misirdə antologiyanın ərəb dilində nəşri təqdim olunacaq. Nəşrin əhəmiyyəti ondan ibarətdir ki, bu günə qədər Azərbaycanda belə bir formatda antologiya yox idi. Düşünürəm ki, bu layihə Azərbaycan ədəbiyyatının təbliği baxımından da çox əhəmiyyətlidir. Türkiyədə Azərbaycan ədəbiyyatına maraq var… Bu gün türk oxucusunun nəzərinə təqdim olunan bu kitab Azərbaycan ədəbiyyatının yalnız bir mərhələsini – XX əsr müasir ədəbi prosesi əks etdirir. Hazırda isə Mərkəz Azərbaycan ədəbiyyatının daha dolğun mənzərəsini – klassik dövrdən başlayaraq, 2000-ci illərə qədərki dövrünü əhatə edən daha irihəcmli – üçcildlik “Azərbaycan ədəbiyyatı antologiyası”nı tərtib edib. Bu antologiyalara Azərbaycanın özündə də böyük ehtiyac var və bu nəşrlər Azərbaycanın özü üçün də bir ilkdir, onun elm, təhsil və mədəniyyəti, bu günü və tarixi üçün əvəzsiz bir töhfədir. Bu nəşrləri, ilk növbədə Azərbaycan ədəbiyyatının xəritəsi, onun icmalı, daha dəqiq desək, şəxsiyyət vərəqəsi adlandırmaq olar”.

Mərkəzin direktoru Avrasiya Yazarlar Birliyi ilə Türkiyə ədəbiyyatının antologiyası layihəsinin də həyata keçirildiyini diqqətə çatdırdı.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çağdaş Azərbaycan şeir və hekayələrinin antologiyasının ümumtürk dünyası üçün faydalı bir nəşr olduğunu bildirdi: “TÜRKSOY türk dünyasının mədəniyyətinin inkişafına töhfələrini verməkdədir. Əminəm ki, bu kitabın da türk dünyası üçün böyük əhəmiyyəti olacaq”.

Yazıçı Osman Çeviksoy, ədəbiyyatçi alimlər Aysun Demirez Güneri, Cemile Kınacı, antologiyanı türk dilinə tərcümə edən Qəmər Alxanova və Kəmalə Ələkbərova çıxış edərək toplunun türk oxucusu üçün əhəmiyyətindən danışıblar, ikicildlikdə yer almış ayrı-ayrı əsərlər barədə fikirlərini bölüşdülər.

Aysun Demirez Günel çıxışında ötən əsrin 20-ci illərindən sonrakı Azərbaycan ədəbiyyatından bəhs etdi və antologiyaya 60-cı illərdən sonrakı ədəbiyyat nümunələrinin daxil edilməsinin səbəblərindən danışdı: “30-50-ci illər ədəbiyyatında dövrün siyasi, ideoloji yükü daha çox ağırlıq təşkil edib və bu, görkəmli ədiblərin yaradıcılığında özünü göstərib. Stalin dönəmi başa çatıqdan sonra isə yeni-yeni mövzular ortaya çıxıb, yeniləşmə dövrü başlayıb.

Azərbaycan ədəbiyyatının getdikcə dünya ədəbiyyatına çevrildiyini deyən Aysun xanım bu sahədə Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyətinə də toxundu və qurumun son işinin dəyərli bir layihə olduğunu vurğuladı: “Bu antologiya Azərbaycan ədəbiyyatının tanıdılması baxımından böyük töhfədir”.

Sonra Aysun Demirez Günel Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirlərini türk dilində oxudu.

Tədbirin sonunda kitabların imzalanma mərasimi oldu.

www.trt.net.tr

VƏ DİGƏR...