Azərbaycanda idman: Keçmişin və bu günün kontekstində

Azərbaycanda idman: Keçmişin və bu günün kontekstində

Avqustun 5-dən 21-nə qədər Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları Azərbaycanın  idman tarixində bir neçə rekordla yadda qaldı...

 Azərbaycan son olimpiadaya 56 idmançı ilə qatılmışdı ki, bu da müstəqillik dövrünün ən yaxşı nəticəsidir.

"Rio-2016"-da 207 ölkədən 11 mindən artıq idmançı birincilik uğrunda mübarizə apardı. Səksən yeddi ölkənin idmançılarının medal qazandığı yarışda Azərbaycan komandası Vətənə 18 medalla qayıtdı. Komandamız 1 qızıl, 7 gümüş və 10 bürünc medalla mötəbər yarışı 39-cu pillədə başa vurdu.

On səkkiz medalla Olimpiadanı başa vuran Azərbaycan komandası medalların sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutub. Bu nəticəyə görə Azərbaycan İslam, türk və Qafqaz ölkələri arasında lider olub. Həmçinin idmançı sayının qazanılan medallara nisbətinə görə Azərbaycan Olimpiadanın lider dövlətlərindən olub. Hər üç idmançımız orta hesabla bir medal qazanıb ki, bu da "Rio-2016"-nın  ən yaxşı nəticəsi hesab edilib.

Bir neçə fərdi idman növlərində də Azərbaycan yığma komandası ilk pillələrə sahiblənib ki, bu da son illərdə dövlət tərəfindən idmana göstərilən qayğının bariz nümunəsidir. Ölkə başçısı, Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbər təyin edilməsi Azərbaycanda idmanı prioritet sahələrdən birinə çevirdi. O vaxtdan Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

"Rio-2016"-da tarixində ilk dəfə olimpiya oyunlarında mükafat qazanan taekvando üzrə Azərbaycan millisi turnirin ən yaxşı yığmalardan biri olub.  Qazandığımız yeganə qızıl medalın sahibi olan Radik İsayevin təmsil olunduğu taekvando millimiz bir qızıl, iki bürünc medalla  ümumi sıralamada dördüncü, MDB ölkələri arasında birinci, Avropa üzrə  isə ikinci pillədə qərarlaşıb.

Güləş yarışlarında isə Azərbaycan idmançıları hər zaman olduğu kimi, bu dəfə də əsas favoritlərdən sayılıblar. Rio-de-Janeyroda mübarizə aparan 14 güləşçimizdən 9-u Vətənə medalla qayıdıb. Medallardan 3-ü gümüş, 6-sı isə bürüncdür.

Olimpiadaya qatılan  5 yunan-roma güləşçisindən ikisi - Rəsul Çunayev və Sabah Şəriəti bürünc medal qazanmaqla Azərbaycanı Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü pillədə saxlayıblar.

Qadın güləşində mübarizə aparan üç idmançıdan ikisi - Mariya Stadnik gümüş, Nataliya Sinişin isə bürünc medalla  Azərbaycanı beynəlxalq sıralamada dördüncü pilləyə yüksəldiblər.

Sərbəst güləş yığmamız isə 2 gümüş, 2 bürünc medalla Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə, bütün komandaları qabaqlayıb və ilk sırada qərarlaşıb.

Ümumiyyətlə, Azərbaycan güləşi artıq neçə illərdir ki, dünya reytinq sıralamasında   ilk beşlikdən kənarda qalmır. Bütün olimpiadalarda qazandığımız medalların yarıdan çoxu da bu idman növünə aiddir. Azərbaycan bayrağı altında qazandığımız ilk olimpiya medalı da güləşçimizə məxsusdur: Namiq Abdullayev 1996-cı ildə keçirilən Atlanta Yay Olimpiya Oyunlarında gümüş medal qazanaraq bu möhtəşəm uğura imza atıb. Güləşçi daha sonra Sidney Yay Olimpiya Oyunlarında qızıl medal əldə edərək müstəqil Azərbaycanın olimpiya çempionu adını qazanan ilk güləşçi kimi tarixə düşdü. Fərid Mansurov 2004-cü il Afina, Toğrul Əsgərovla, Şərif Şərifov isə 2012-ci il London Yay Olimpiya Oyunlarında fəxri kürsünün zirvəsinə çıxan güləşçilər oldular. Biz hələ olimpiya oyunlarında yalnız çempion olan güləşçilərimizin adını çəkdik. Ümumi medallara qaldıqda isə təkcə Mariya Stadnik, Xetaq Qazyumov və Rövşən Bayramovun adını çəksək, kifayət edər. Mariya və Xetaq ardıcıl üç olimpiya oyunlarında medal almaqla Azərbaycan idman tarixinə düşdülər. Rövşən Bayramov isə iki dəfə - Pekin və Londonda keçirilən Yay Olimpiya Oyunlarında yalnız finalda uduzaraq gümüş medalla kifayətləndi.  Bir faktı da qeyd edək ki, ümumən Azərbaycan idmanının qazandığı ilk olimpiya medalı da güləşçi Rəşid Məmmədkərimova məxsusdur. O, 1952-ci ildə Helsinkidə keçirilən XV Yay Olimpiya Oyunlarında yalnız finalda məğlub olaraq gümüş medal əldə edib. Bu, Azərbaycan idman tarixinin ilk olimpiya medalı idi.

Güləş idman növünün  Azərbaycanda bu qədər güclü inkişafını həm də genetik və coğrafi amillərlə əlaqələndirmək olar. Bəzi idman növləri var ki, onlar bir xalqın yerləşdiyi coğrafiya və alışdığı həyat tərzinin fonunda inkişaf edir. Məsələn, təbii ki, bizim idmançılardan Qış Olimpiya Oyunlarına aid olan idman növlərindən - fiqurlu konkisürmə, körlinq, xizəksürmədə o qədər də yüksək nəticə gözləmək olmaz. Bu idman növlərinin mahir ifaçıları əsasən Rusiya, Kanada və Skandinaviya ölkələri sayılır ki, bunu da coğrafi amillə əlaqələndirmək lazımdır. Güləş isə Azərbaycan tarixinin ayrılmaz bir parçasıdır. Tariximizin istənilən səhifəsində bu idman növünə rast gələ bilərik.

Azərbaycanın idman tarixi

Milli idman növlərimizin bir çoxu, təəssüflər olsun ki, tamamilə sıradan çıxıb. Yalnız folklorçuların araşdırma mövzusu olan həmin oyunlar sırf nəzəri müddəaları ilə bizə təqdim olunur. Müasir dövrümüzə qədər gəlib çıxan milli idman oyunları isə bunlardır: zorxana, pəhləvan güləşi, dirədöymə, çalağan çardağı, çarpapaq, çovqan (çövkən), dədəboyu və s.

Qədim tarixə malik bu idman növlərinin əksəriyyəti artıq beynəlxalq status qazanıb. Belə ki, hazırda zorxana üzrə dünya çempionatı keçirilir.

1990-cı ildə Milli İdman Növləri Assosiasiyası yaradılıb ki, ora 6 milli idman növü - milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləş daxildir.

Azərbaycan milli  idman növü olan zorxana  və   pəhləvan güləşi  2007-ci ildən  Beynəlxalq  Zorxana  İdman  Federasiyalarının üzvüdür.  52 üzvü olan Beynəlxalq Zorxana İdman Federasiyası  tərəfindən keçirilən bütün çempionatlarda Azərbaycanın milli yığma komandası iştirak edir.

Qədim tarixə malik olan zorxana idman yarışları yeddi əsr bundan əvvəl sistemləşdirilib.

Zorxanada zurnaçı dəstəsi "Cəngi" çalardılar. Xalq mərasimlərinin, meydan tamaşalarının tərkib hissəsi kimi, bu gün də öz formasını qoruyub saxlayan güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, kəndirbazlıq etmək yalnız oğuz-türk xalqlarının deyil, həm də bütün dünya xalqlarının dinamik-dramatik oyunları olub, tamaşaçıların zövqünü oxşayıb. Zorxana, pəhləvanlıq xalq tamaşaları Bahar-Novruz mərasimlərindən sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa növünə, peşəyə çevrilib. Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor nümunələrində belə pəhləvan obrazı son dərəcə bənzərsiz, bitib-tükənməyən güc rəmzi kimi təqdim edilir. Pəhləvan obrazının xalq ruhunda yenilməz, məğlubedilməz şəkildə təqdim edilməsi adi səciyyə daşımayıb. Pəhləvan xalq ruhundan doğan real bir obraz idi. Zorxana yarışlarının əsas diqqət mərkəzində də  onlar olub.

Azərbaycanın pəhləvan güləşi ilə məşğul olan idmançıları dünyanın bir çox ölkələrində heyrət obyektinə çevriliblər. Vaxtilə "Altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa həmin dövrdə zorxana üzrə xüsusi hörmət qazanan  pəhləvanlar olublar.

Azərbaycanın dünya çapında ən çox tanınan qəhrəmanı isə Sali Süleyman olub. O, Avropa, Amerika və Asiyanın bir çox şəhərlərində- Vyana, Paris, London, Roma, Çikaqo, Vaşinqton, Moskva, Tiflis və s. Azərbaycan güləş məktəbinin adını uca tutub.

Keçmişimizdən bizə miras qalan, komanda, cəm şəklində mübarizənin əsas düsturlarını ustalıqla özündə cəmləşdirən çövkən ən qədim idman oyunlarımızdandır. Bu idman növü müasir polo, su polosu, hətta futbolun da əcdadı sayıla bilər. Çövkən (Çovqan) oyunu üçün xüsusi Qarabağ atları hazırlanırdı. Oyunun mahiyyəti ondan ibarətdir ki, burada iştirakçılar iki dəstəyə ayrılır və hər iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Hər komandanın heyəti 7 nəfərdən ibarətdir.  Çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınmasını Azərbaycanın böyük uğuru hesab etmək olar.

Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.

Çövkənin qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi çövkənin də dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində inglislərin rolu böyük olub. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilib, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlanıb.

Məhz ingilislərin təşəbbüsü ilə bu oyun "polo" adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilib və beləliklə də, Qərb sivilizasiyasında bu ad təsbit olunub.

Elmin NURİ

 

 

VƏ DİGƏR...