Məzarı dağı nurlandıran bakılı sufi - Baba Kuhi Bakuvi
O gün heç kim divanə gənc saydıqları Hafizin hara getdiyini bilmədi. Sonradan xəbərgir dərviş kimi heybəsini çiyninə alıb insanlardan uzaqlaşan Hafizi Şirazın ən ucqar nöqtəsindəki bir yerdə huşsuz halda tapan atası da bunun səbəbini ondan soruşmadı. Heç Hafiz də atasına bircə kəlmə demədi. Sonradan eşq damcılayan qəzəllərində o səfərin tarixçəsindən və möcüzəsindən bəhs etdi. Ondan sonra hamı bildi ki, o vaxt gənc Hafiz eyni yuxunu dəfələrlə görürmüş. Yuxudakı naməlum insan Şiraz yaxınlığındakı bir dağda kimsəsiz məzarı ziyarət etməsini Hafizdən tələb edirmiş. Üzü nur qatı ilə örtülmüş həmin adam Hafizə o zaman demişdi ki, o dağdakı kimsəsiz məzarı ziyarət etsə, ona İlahi vergi kimi şairlik istedadı veriləcək və o, bütün müsəlman diyarında tanınacaq. Əvvəlcə bu yuxuya önəm verməyən Hafiz yuxuların ondan əl çəkmədiyini görüb, o dağı ziyarət edir. Atası həmin kimsəsiz məzarın yanında Hafizi huşsuz vəziyyətdə tapır. Amma qoca bilmir ki, ərköyün oğlunu bundan sonra hamı Hafiz Şirazi kimi tanıyacaq. O, bütün Şərqin qəzəl ustası hesab ediləcək. Hafiz Şirazi öz “Divan”ında həmin məzarı ziyarət etdikdən sonra şairlik istedadına sahib olduğunu bir neçə dəfə qeyd edib. Bəs həmin məzar kimə məxsusdur? Hafizi hansı mistik güc şairlik ilhamı ilə qovuşdurmuşdu? Haqqında danışacağımız şəxs həmin kimsəsiz məzarda uyuyan, mistik gücü ilə oranı ziyarətə çevirən bakılı sufi Baba Kuhi Bakuvidir.
X-XI əsrlərdə yaşamış görkəmli sufi şairi, dövrünün elm xadimi Baba Kuhi Bakuvi araşdırmaçıların, alimlərin nəzərində hər zaman sirli bir övliya sayılıb. Bakuvinin ömrünün son illərini yaşadığı və məzarının yerləşdiyi dağ sonradan ziyarət məkanına çevrilib.
Elmi tədqiqatlarda da sirr kimi qalan Kuhi tam dərindən öyrənilməyib. Azərbaycan alimlərindən Solmaz Rzaquluzadə, Zakir Məmmədov, Məsiağa Məhəmmədi, Sənan İbrahimov onun haqqında araşdırmalar aparıblar.
Sənə çatanda bildim
Sənə gedən Yolam mən...
X əsrin sonları... Şərq öz elmi, mədəni və mənəvi intibahını yaşamaqdadır. Hələ ki, onu gözləyən gələcək faciələrdən tam xəbərsizdir.
O şəhərdən bu şəhərə alimlər, şairlər, fəqih və mütəsəvviflər get-gəl edirlər. Aralarındakı əlaqənin genişlənməsi mədəni rəqabətə yol açır. Elmi, islamı və təsəvvüfü təbliğ edən yeni-yeni ocaqlar, mədrəsələr, zaviyələr tikilir. Bu zaman müsəlman Şərqinin sayılıb-seçilən şəhərlərindən biri olan Bakıdan Baba bəy adlı elm fədaisi biliklərini daha da zənginləşdirmək, dünyagörüşünü artırmaq məqsədilə Nişapura yola düşür.
Əslində o, missionerdir. Təmsil etdiyi sufi təriqətinin konsepsiyasını başqa şəhərlərdə yaymaq, İlahi eşqi insanlar arasında təbliğ etmək işini üzərinə götürüb. Belə insanlara o zaman mühəddislər, yəni hədis toplayanlar deyirdilər. Hədisçilər hikmətamiz həyat hekayətlərini toplayıb, onları daşıyıcıları olduğu hər hansı sufi cərəyanının nəzəri konsepsiyası ilə əlaqələndirirdilər. Yəni, təcrübə ilə nəzəriyyəni bir araya gətirirdilər.
Nişapur X əsrin sufizm mərkəzi idi. Baba bəy Kuhi Nişapura varınca, fasilələrlə bəzi şəhərlərdə məskunlaşır, oranın elmi mühiti, mənəvi aurası, bir sıra dəyərli alimləri ilə tanış olur. Bu ərəfələrdə o, hətta otuz minə yaxın hədis də toplayır. Əvvəlcə Şiraza gəlir və orada Şərqin böyük alimi, yəni, “Şeyx Kəbir”i adlanan Hafifi ilə tanış olur. Bu tanışlıq ona əşərilik cərəyanını sevdirir. Sonra Bağdada gedir, bir müddətdən sonra isə yenidən Nişapura qayıdır. Amma heç yerdə qərar tuta bilmir. Bir dərviş kimi öz missiyasında çox maraqlı olan Baba bəy sufizmin sirlərinə vaqif olmaqdan ötrü dövrün böyük alimlərinin Kuşayrinin, Xereqaninin, Sərracinin, Əbu Yəzdinin cəm olduğu Nişapurda o biri şəhərlərə nisbətən xeyli qalır. Amma yenə də bu uzun və mürəkkəb eşq yolunda könlünü tam olaraq nurlandıra bilmir. Könlünün hürr, ruhunun quş misalı olmasına çalışan Baba bəy dövrünün beyin mərkəzini də tərk edir.
Böyük şərqşünas Bertels bu barədə öz əsərində belə qeyd edir: “Kuhi ora sufizmin möcüzələrini öyrənməyə getmişdi. Amma buna nail olmadığı üçün bədbinlik içində oranı tərk edir”.
Kuhi nə deməkdir və
o, necə dağa döndü?
Nişapuru tərk edən zaman Baba Bakuvinin nə az, nə çox düz 97 yaşı olur. Amma o, yenə də uzun həqiqət yolçuluğundan usanmır. Sükunətə qapılmaq, yalnız Allahla ünsiyyətdə olmaq istəyir. Odur ki, səssiz-səmirsiz insanları tərk edir və Şiraz yaxınlığında bir dağa çəkilir. 20 il guşənişin ömür sürür. Məskunlaşdığı dağı da könlündəki İlahi nura bürüyür. 117 yaşında vəfat edir və həmin dağda dəfn olunur. Məzarı ilə öz mənəvi təcəssümünü məskunlaşdığı dağa aşılaya bilir.
Beləcə, insanda cəm olan işıq, dağı müqəddəsləşdirir. İnsanlar onun məzarına müqəddəs yer kimi baxır. Özü ölür və nurunu dağda qoyub gedir. Beləliklə, insan bax, beləcə dağa dönərək əbədi olaraq bəşəriyyətin xidmətində dayanır. Ona görə də o, Kuhi, yəni, “dağ” təxəllüsü ilə xatırlanır və sonradan əsl əfsanəyə çevrilir. Yuxarıda da qeyd etdiyimiz kimi, rəvayətə görə, Şərqin böyük şairi Hafiz Şirazi gecə ikən o sufinin dağdakı qəbrini ziyarət edir və ondan sonra şairlik istedadı qazanır.
Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlir, öləndə isə onun yanında dəfn olunur.
Baba Kuhi Bakuvi haqqında başqa bilgilər
Baba Kuhi Bakuvi sağlığında da böyük hörmət-izzət sahibi olub. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində onun barəsində yüksək fikirlərə rast gəlinir. Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən sayılan Abdulla Xəfifdən, Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül-Xeyrlə elmi mübahisəyə girişmiş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdı. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər.
Baba Kuhi Bakuvinin ərəb dilində bizə gəlib çatmış fəlsəfi əsərləri arasında “Əxbar əl-arifin”, “Əxbar əl-qafilin”, “Bədayət hal əl-həllac” və başqalarının adını çəkmək olar. Bunlardan başqa, onun farsca şerlər divanı da olub.
Onun “Divan”ı sufi əlyazmaları arasında ən qədimlərindən biridir. Burada çox zaman sufinin Allaha oxuduğu yanıqlı məhəbbət nəğmələrini bir gözələ vurulmuş gənc bir oğlanın mahnılarından ayırmaq çətin olur.
Bu divanın ən qədim əlyazmalarından birinin tarixçəsi olduqca maraqlıdır. İran alimi Həbibullah İmad öz evində təmir işləri apararkən divardan bir sandıq tapır. Sandığın içindən çıxan bir neçə əlyazmanın arasında Bakuvinin “Divan”ının qədim nüsxəsi də vardı.
Baba Kuhinin əsərlərində gizli şifrələr
Kuhinin həm “Divan”ında, həm də digər fəlsəfi mətnlərində dərin mənaya malik, orijinal fəlsəfi fikirlər, İlahi hikmətlər var. Bəzilərinə diqqət edək:
“Yoxdur ruhların mürəkkəbliyi, hamı bilir ki, onlar torpaqdan yaranıb. Kuhi ürəyini bədəninin təbindən siləndən sonra nəhəng bir dəryaya düşdü”.
Bu fikir vəhdəti-vücud fəlsəfi konsepsiyasının əsas müddəalarını özündə əks etdirir. Belə ki, vəhdəti-vücudda “insan dəryadan ayrılan damlalar kimi ilahi vücuddan qopmuş zərrələrdir” düsturu bu nəzəriyyənin qayəsini əks etdirir. Kuhi də bunu çox gözəl vurğulayıb. Damcılar sonradan yenə dəryaya qayıdantək, insanlar da zərrə kimi yenidən öz əslinə dönür.
Başqa bir nümunəyə diqqət edək:
“Bir anda bütün əbədiyyətin sirri mənə əyan oldu, sirlər dünyasının qapısı üzümə açıldı. O, canımın qulağından yapışıb mənə başqa qədəh verdi. Dedi, məni özündən və başqa adamlardan fərqləndir. Dedi, Kuhi, mən bütün adları, sifətləri, qurunu, yaşı, xeyiri, şəri nəyi görürəmsə, fərqləndirirəm”.
Burada isə o, həyatdakı bütün varlıqların Ali Mütləqlə vəhdətdə olma məqamını açıqlayır. Həqiqətən də bütün var olanlar vahid bir harmoniya altında hərəkətdədirlər.
P.S. Elə bizləri də Baba Kuhi ilə birləşdirən bu harmoniyadır.
Elmin NURİ
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...