Tarixi qayıdışın əbədiyaşar təntənəsi

Tarixi qayıdışın əbədiyaşar təntənəsi

15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.

Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm”.

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il, 15 iyun tarixli iclasında, Ulu Öndər Heydər Əliyev, bu tarixi nitqiylə bir ölkə kimi gələcək siyasi kursunu bəyan etdi. Artıq 1991-ci ilin oktyabr ayı geridə qalmış, Azərbaycan öz müstəqilliyini elan etmişdi. Amma ölkədə vəziyyət günü-gündən gərginləşirdi. Ermənilərin hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsi təhlükəsinin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi mövcudluğunu ciddi təhlükə altına alırdı. 1993-cü il, iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi, ölkədə vəziyyəti daha da gərginləşdirirdi. Hadisələri nəzarətə almaq üçün hakimiyyətin atdığı yanlış və sistemsiz addımlar, prosesləri daha da təhlükəli məcraya yönəldirdi. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülür, itaətsizlik göstərən hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazirin və parlamentin sədrinin, sonra isə prezidentin istefasını tələb edirdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun tabeliyində olan qüvvələr Gəncə ətrafından çıxaraq Bakıya doğru hərəkət edirdi. Ölənlər və yaralananlar var idi.

Belə bir vaxtda ölkəyə nəzarəti itirən AXC–Müsavat iqtidarı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Geniş ictimaiyyətin davamlı çağırışlarını nəzərə alan Heydər Əliyev 1993-cü il, iyunun 9-da Naxçıvandan Bakıya gəldi. 

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin il oktyabrın 3-də isə Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsiylə ölkənin Prezidenti seçildi. Ulu öndər ölkə Prezidenti kimi Vətəni və xalqı naminə yenə əvvəlki coşqunluqla, əzm və mətanətlə, işgüzarlıqla gecə-gündüz yorulmadan çalışmağa başladı.

1997-ci ildə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçilik tariximizin yeni dövrünün təməli oldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi.

Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Bir sözlə, Ulu Öndərin Naxçıvanda əsasını qoyduğu milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı.

Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.

Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə Qafqazın bu bölgəsində yeni siyasi bir dövr başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.

Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.

Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı - daxili və xarici siyasətiylə ölkəni gün-gündən inkişafa doğru aparan Azərbaycan Prezidenti İlham Əliyevin əlindədir. Biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın Prezident İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq.

 

 

VƏ DİGƏR...