83 gün əsirlikdə
Xocalı soyqırımından 24 il keçir
...Hadisənin baş verdiyi həmin o müdhiş gecə Elbrus lampa işığında Hüseyn Abbaszadənin "Burulğanlar" kitabını oxuyurdu. Onsuz da postda iki nəfərə bir silah düşürdü. Silahını rəhmətlik Aydına verib gəlmişdi. Aydın elə həmin gecə postda düşmən gülləsindən yerindəcə keçinəcəkdi. Elbrusun anası Xədicə qab-qacağı otaqdan yığışdırıb mətbəxə daşıyanda elə hey "Allah mərdimazara lənət eləsin", "Allah sizi zəlil qoysun" deyirdi, atası Ələmdar kişi tez-tez pəncərənin pərdəsini aralayıb "kiri... kiri.." pıçıldayır, atışma səslərinə qulaq kəsilirdi. Ürəyi dözməyən kişi hərdən həyətə çıxıb var-gəl edir, sonra da evə dönürdü. Ətrafı bürüyən sükut körpə beşiyi kimi rahat idi. Qar dənəcikləri qu tükü kimi göydə süzüb yerə enirdi. Sanki yaşanacaq bədbəxtliyi duyan canavarlar, bayquşlar da meşədən baş götürüb getmişdi. Deyirlər Əzrayıl gəlməzdən öncə itlər, canavarlar ulaşır. Ancaq həmin gecə atəş səslərinin eşidilməməyi bir yana, heyvanların da cınqırı çıxmırdı.
...Göydən ələnən ağ lələklərə qəfildən od düşdü, alov parçaları torpağa səpələndi. Adamlar ümidi, inamı çətir edib evlərindən çıxdılar. İnsan güllə yağışı altında hara gedə bilər? Hanı bayaqkı sükut, hanı bayaqkı sakitlik? Çığırtı, ağlaşma, yalvarış və dua səslərindən yer-göy lərzəyə gəlirdi. Qaranlıq səma çətir olsaydı, orda bir ulduz belə görünməzdi, hamısı qopub tökülərdi, yer aralanıb hamını ağuşuna alardı, axı onun bir adı Vətən, bir adı da Anadır. Axı onun bir borcu da qorumaqdır. Amma həmin gecə kimsə qoruya bilmədi bu şəhərin adamlarını...
...Qonşunun həyətinə mərmi düşəndə ev necə silkələndisə, qeyri-ixtiyari üçü də qapıya yüyürdü. Göydən od töküldüyünü görüb geri qayıtmağa məcbur oldular. Ana çığıra-çığıra əlini üzünə atıb, dırnaqları ilə ətini qopardırdı. Yolduğu çəngə-çəngə saçlar az sonra düşdüyü xalçanın üstündə mərmi partlayanda yanacaqdı, amma yanıq tüklərin qoxusu oda bürünmüş şəhərin qarışmış iylərinin arasından keçib Simurq quşuna çatmayacaqdı. Ələmdar kişi arvadının üstünə qışqırıb onu sakitləşdirməyə çalışır, Elbrus isə çaşqınlıqla otaqda o baş-bu başa qaçırdı. Bu vaxt qonşuları Elman qapını açıb özünü içəri saldı: "Evinizi Allah tiksin, ermənilər mağazaya çatıb. Niyə qaçmırsınız?"
Mağaza ilə evlərinin arası cəmi iki yüz metr idi. Adamlar evlərindən başıaçıq, ayaqyalın çıxıb şəhər poçtunun qabağına yığışmışdılar. Şəhərdən çıxmağın yolları haqqında qızğın mübahisə gedirdi:
- Pərakəndəlik olmaz. Əsgəran yolu daha etibarlıdır, gəlin sözümə qulaq asın. Mən o yolu yaxşı tanıyıram, bir-birimizə kömək edib, Ağdama rahat çata bilərik.
- Bu havada, özü də gecənin qaranlığında o yolu tapmaq çətin olacaq. Məncə, ən etibarlı yol Şellidən keçir. Kimsə təşvişə düşməsin.
- Camaat, risk edə bilmərik. Bu cəhənnəmdən bizi ancaq Abdalgülablı yolu çıxarda bilər. Kim mənimlə razıdırsa, arxamca gəlsin.
Fikirlər damarı qaçmış süd üzü kimiydi, haça-haça, parça-parça. Fikir ayrılığı xocalıları pərən-pərən saldı. Elbrusgil Abdalgülablı yoluna üz tutdular.
İndi desəm ki, yolboyu baş verən hadisələrdən cild-cild kitablar yazmaq olar, yəqin, düşünəcəksiniz ki...
And olsun öpüb gözünüzün üstünə qoyduğunuz mən çörəyə, o dağların başından, o dərələrin dibindən hələ də ana fəryadı eşidilir gecələr.
...Aşağıda, dərənin dibində bir ana hayqırırdı. Qarlı sıldırımdan ayağı sürüşüb yuvarlanmışdı ora. Buzlu daş-kəsək üz-gözünü cırmış, qolunu-qıçını qırmışdı. Oğlu bağıraraq anasını çağırır, əlçatmaz, ünyetməz dərənin dibinə düşməyə yol axtarırdı.
-Ay oğul, gəlmə, onsuz da yaralıyam, səni and verirəm əzizlərimizin qəbrinə, səni ad verirəm, doğmalarımızın ruhuna, qurban olum, oğul, düşmə, mən onsuz da ölürəm...
Oğul sanki dəli olmuşdu, başına-başına döyür, az qalırdı özünü dağın başından ata. Birdən ana oğlunun harayına hay vermədi. Oğlu səsi batana, heydən düşənə qədər bağırıb anasını çağırdı. Anadan səs çıxmadı. Oğul ağlaya-ağlaya adamların qoyub getdiyi ayaq izləri ilə qaçmağa üz tutdu. O, oğlu dərəyə onun dalınca gəlməsin, onu ölmüş bilsin deyə bağırtısına cavab verməyən ananı qurda-quşa təhvil verib qaçırdı. Xeyli uzaqlaşandan sonra oğulun qulağına səs gəldi. Elə bil kimsə bərkdən "ay Allah" deyib nalə çəkdi. Amma yəqin ki, bu, onun anası deyildi, axı ana ölmüşdü...
Elbrus bir əli ilə anasının, digəri ilə bibisi Güleyşənin əlindən tutub onları qara bata-bata, yıxılıb-duraraq dağın döşünə sarı dartırdı. Birdən Güleyşənin ayağı sürüşdü və qadın dağın ətəyinə sarı yumalandı. Anası yıxılmasın deyə, onu yerdə oturdub özünü bibisinin arxasınca dərənin dibinə atdı.
Güleyşə yıxıldığı yerdən qalxa bilmirdi. Elbrus bibisinin qolundan tutub qaldırdı. Onu belinə alıb yenidən dağın döşünə sarı qalxmağa başladı. Amma Elbrus belə çox gedə bilməzdi, yorğun idi. Bibisini yerə qoyub əlindən tutdu, ayaqlarını buzlu daşların sürüşkən üzünə dirəyib var gücü ilə arxasınca dartmağa başladı. Yaşlı qadın yeriyə bilmirdi, tez-tez qıçları dizdən qatlanırdı. Çox getməmişdilər. Güleyşənin ayağı yenə burxuldu, Elbrus bibisini qoyub gedə bilməzdi. Ələmdar kişi isə iflic keçirmiş qardaşı Qədimi daşıyırdı. O da hündürboylu, yekəpər adam idi. Soyuq hava hamını taqətdən salmışdı.
Fevralın 26-sı idi. Axşam düşmüşdü. Elbrusda bir tüfəng var idi. Başqa bir neçə nəfər də özü ilə silah götürmüşdü. Gəldikləri cığırdan beş-altı metr yuxarıda bir kaha var idi. Elbrus, kənd sakinləri olan Yaqub kişi, Hətəm, qadınlar, axısqa türklərindən daha beş-altı gənc oğlan kahaya gecələməyə qalxdılar. Qurşağa qədər qarın içində qalmaqdansa soyuq kahada daldalanmaq daha təhlükəsiz idi. Qadınlar astadan ağlayır, ac uşaqlarını aldatmaq üçün bəhanələr uydururdular. Bu vaxt yaxınlıqdan səslər eşidildi. Boyunlarını uzadıb kahanın aşağısından keçən cığıra sarı boylandılar. Erməni hərbçiləri qabaqlarına 20-dən çox qadını qatıb aparırdılar. Hətəm Elbrusa bir qumbara vermişdi.
Hətəm Bərdədən idi, ipək fabrikində mühəndis işləyirdi, amma cəbhəyə könüllü olaraq gəlmişdi və müdafiə batalyonunda qərargah rəisi təyin edilmişdi:
-Elbrus, sən qumbaranı tullayarsan, mən də avtomatdan atacam.
Hətəm kahanın üstünə qalxanda ermənilər bura yaxınlaşırdılar. Elbrus qumbaranı hazır tutub kahadakılara əli ilə aşağı əyilmələri üçün işarə elədi. Qadınlar Elbrusu atışmadan çəkindirmək üçün dil tökürdülər, qorxurdular ki, ermənilər onların harada gizləndiklərini görüb öldürərlər. Analar öz uşaqlarına görə qorxurdular. Bu zaman Elbrusun əlindən qumbaranı almaq üçün bir qadın onunla əlbəyaxaya oldu və müvazinətini itirən Elbrusun ayağı sürüşdü, o, sıldırımın başında olan kahadan yıxıldı, üzüaşağı düz erməni hərbçisinin uzunboğazları yanında dayanana qədər yumalandı. Avtomatın qundağından endirilən zərbələr ona başını qaldırmağa macal vermədi.
Kahanı da güllə atəşinə tutdular. Axısqa türklərindən olan bir neçə gənc əllərini qaldırıb təslim olmaq istədi. Amma kim idi onlara rəhm edən? Odlu güllələr onların şaxtadan donmuş canlarını isitdi.
...Erməni faşistləri kahadakıları da əsirlərə qatıb yollarına davam etdilər. Hətəmin aqibəti haqqında sonralar Elbrusa danışdılar. Şuşadan olan bir erməni görmüşdü ki, kahanın üstünə əli silahlı bir nəfər qalxıb döyüş vəziyyətini alır. Hətəmi elə yerindəcə güllələmişdilər.
Ermənilər it kimi Yaqub dayını dövrəyə alıb döydülər. O elin hörmətli ağsaqqalı idi. Onun döyülməyini Elbrus özünə sığışdıra bilmədi, atılıb Yaqub dayıya kömək etmək istəyəndə, avtomatın qundağı ilə geri itələdilər.
Yaqub dayı Elbrusa bağırdı:
- Rədd ol burdan, otur yerində, mənə yaxın gəlmə....
Yaqub dayı o qədər səbirli, müdrik adam idi ki, sanki belə vəziyyətlə dəfələrlə rastlaşmışdı. Elə bil ömrü-günü əsirlikdə keçmişdi kişinin. İstəmirdi ki, ona görə kiminsə həyatı təhlükə altında olsun.
Gecə uzun, hava şaxtalı idi. Xocalının ağbirçəyi, ağsaqqalı, cavanı, uşağı bir dəstə qatilin qabağına düşüb əsirliyə gedirdi.
Meşədən çıxmaq üçün heç bir cığır tapmayan dəstə elə meşədəcə gecələməli oldu. Baş-başa verib bir-birinin nəfəsi ilə isinməyə çalışan əsirlərin sayı səhər azaldı, 10-dan çox qadın, uşaq, qoca donmuşdu. Az sonra yorğun, donmuş, yaralanmış, qorxmuş, heydən düşmüş, taqəti kəsilmiş bir dəstə adam üzü Naxçivanikə tərəf yol aldı...
Naxçivanikə çatan kimi əsirləri bir yerə yığıb üst-başlarını yoxladılar. Onlardan bir neçəsi erməni hərbçilərin diqqətini çəkdi:
- Siz azərbaycanlılar kimi danışmırsınız. Nə millətisiniz?
-Biz axısqa türkləriyik.
-Lap yaxşı, bizə elə siz lazımsınız...
Vaxt itirmədən, artıq sual vermədən onları güllələdilər.
Elbrus Rusiyanın Xabarovsk vilayətində atasının əsgərlik çəkdiyi hərbi hissədə xidmət etmişdi. Qayıdanda özü ilə yaxşı çəkmə gətirmişdi. İndi əsirlikdə bir erməni o çəkmələrə görə Elbrusa rahatlıq vermirdi. Onun həyasızlığına dözə bilməyən Elbrus erməni komandirinə şikayət etmək üçün fürsət gözləyirdi. Nəhayət, sözünü deyə bildi:
- Mənim sizə şikayətim var. Dünyanın heç bir yerində əsirlərlə bu cür davranmırlar. Döyülürük, təhqir olunuruq, amma əşyalarımızı almağa ixtiyarınız yoxdur. Rəhbərlik etdiyiniz hərbi polkun əsgəri çəkmələrimi istəyir.
- Hardansan?
- Xocalıdan.
- Səni kim gətirib?
Başı ilə yanındakı ermənini göstərdi.
- O.
Komandir üzünü Elbrusun işarə verdiyi adama tutub dedi:
- Gəl sən bu oğlanı ver mənə.
- Neynirsən onu?
Komandir Elbrusa baxıb bic-bic güldü:
- Bu hərif beynəlxalq hüquqdan çox danışır, onun dilini kəsmək istəyirəm.
Qarabağ müharibəsinin şahidləri, iştirakçıları deyir ki, törədilən vəhşiliklər Qarabağ ermənilərindən daha çox, gəlmə ermənilərin əməlləri idi. Elbrusun başı ilə göstərdiyi erməni hərbçisi Valeri uzun müddət Şuşada yaşamışdı. Azərbaycanın çörəyini yemişdi. Əsirləri Naxçivanikə gətirəndə yolda xeyli söhbət etmişdi Elbrusla. Atası-anası kimdir, harada oxuyub, qonşusu kim olub? Ortaq tanışlıqları yaranmışdı, həm də hər ikisi gənc idi axı. Valeri bilirdi ki, komandir dedisə, Elbrusun dilini mütləq kəsəcək:
- Cənab komandir, mən Dəhrazdanam, siz isə Naxçivanikdən. Mən əsiri öz komandirimə təhvil verməliyəm. Bəs məndən soruşmazlar ki, hanı sənin gətirdiyin əsirlər? Xahiş edirəm, məni üzrlü hesab edin. Onu sizə verə bilməyəcəyəm.
Beləliklə, Elbrusu daha 5-6 nəfərlə birlikdə Dəhraz kəndinə gətirdilər. Anası Xədicə, bibisi Güleyşə, Yaqub dayı, əmisi qızının qaynı Nadir, bir də əmisi qızının yaşyarımlıq oğlu da burada idi. Onları Dəhrazda 30-40 metr uzunluqda olan xeyir-şər evinə yığdılar. Elbrus gördü ki, əmisinin qayınatası Məhəmməd dayı, əmisi, atası da ordadır. Məhəmməd dayı Elbrusu görən kimi boynunu qucaqlayıb ağladı:
- Zəhra bibini düz ağzından vurdular, meşədə qoyub gəldim.
300 nəfərə yaxın əsirə, yeməyə quru buğda, çiy kartof verirdilər. O da hamıya çatmırdı.
Səhər erməni hərbçiləri iri taxta qapıları açdılar:
- Çıxın! Sizi dəyişməyə aparırıq.
Seçib 19 nəfəri ayırdılar.
-Siz qalırsız! O birilər çıxsın!
Beləcə, 19 nəfər qalası oldu. Elbrus, atası, Məmməd həkim, əmisi Qədim, Məhəmməd dayı, Qənaət dayı...
Fevralın 27-də onları üstüaçıq "KamAZ"-da Xocalıya gətirdilər. Şəhərdə maşını başqa erməni hərbçiləri saxladılar. Komandirləri vəhşicəsinə bağırdı:
-Hamınız düşün! Yerə uzanın! Əllər boyun ardına!
Elbrusun əmisi Qədimin bir ayağı iflic olduğundan maşından düşə bilmirdi. Elbrus çiynini əmisinin ayağına dayaq edib onu endirdi. Bir erməni Elbrusun hərəkətlərini diqqətlə izləyirdi:
-Sən milissən?
Mülkü paltarda olan Elbrus milis olduğunu inkar elədi. Bilirdi ki, həqiqəti öyrənsələr yerindəcə güllələnəcək. Hərbçi bir qədər aralıda dayanmış "Jiquli" markalı qırmızı "01"dən bir topa hərbi bilet gətirdi. Elbrus Xankəndi milis idarəsində işləyirdi. Hərbi biletlərin hamısı kadrlar şöbəsində qalmışdı. Qaçaqaç düşəndə şöbənin rəisi İmanov biletləri götürə bilməmişdi.
- Starşina Abbasov Elbrus. Xocalı şöbəsi, bölük komandiri. Post patrul. Sənsən?
- Hə.
Elbrusun qulağının dalından avtomatın qundağı ilə necə vurdularsa, başı maşının dəmirinə dəydi və o, yerə yıxıldı. Başına, belinə, qarnına, ayaqlarına, qollarına dəyən təpik zərbələrindən huşunu itirdi. Ayılanda gördü ki, qollarından tutub onu qırmızı "Jiquli"yə sürüyürlər.
-Bunu aparın, Anjela xalanın oğlunun qəbirinin üstündə başını kəsin.
Anjelanın oğlu Şuşadan atılan qrad mərmisinə tuş gəlmişdi.
Elbrusun atası Ələmdar kişi özünü irəli atıb "məni aparın, öldürün, oğlumu buraxın siz Allah" dedi. Kişini avtomatın qundağı ilə vurub yerə yıxdılar, o isə yenidən qalxıb nalə çəkdi. Əsirlərə yük maşınına minmək əmri verdilər. Elbrusu isə dartıb "Jiquli"yə basdılar.
Xankəndində Şaumyanın heykəlinin yanında maşını saxladılar. Skamyada oturmuş erməni qadınları kartof soyurdular. Hərbçilərdən biri yaxınlaşıb nəsə danışmağa başladı. Elbrus o qədər döyülmüşdü ki, dialoqu çox çətinliklə anlayırdı:
-Türk görmək istəyirsiniz?
-Hanı?
-Hardadı?
Erməni qadınları heç də kişilərdən geri qalmırmış. İşlərini buraxıb maşına sarı qaçdılar. Qapını açıb gah yumruq, gah da təpikləri ilə Elbrusun onsuz da döyülməkdən qançır olmuş bədəninə o ki var vurdular. Qadınlardan birinin ürəyi soyumayıb, yanındakı hərbçinin avtomatını aldı və Elbrusun sol gözünün altına zərbə endirdi. Elbrusa elə gəldi ki, kor oldu...
Maşın bağ-bağçalı həyətə girdi. Hava artıq qaralmışdı. Uzun dəhlizlərlə irəliləyib otağa keçdilər. Erməni zabitləri məclis qurmuşdu. Elbrusu gətirən adam onu qapının ağzında qoyub masaya yaxınlaşdı, əyilib ermənilərdən birinə nəsə deyəndən sonra Elbrusa irəli gəlməsini işarə elədi. Süfrəyə üç-dörd metr qalmış ona diziüstə çökməyə əmr elədi. Masada oturan ermənilər ona baxıb gülüşür, amma bu gülüşün arxasında sonsuz nifrət və ikrahın dayandığı açıq hiss olunurdu.
-Hardansan?
-Xocalıdan.
-Acsan?
-Hə.
Toyuğun budunun ətini yeyib, sümüyünü Elbrusa atdılar. Sümük Elbrusdan yarım metr qabağa düşdü. Başını qaldırıb gözucu sümüyə baxdı. Elbrusun tərpənmədiyini görüb başının üstündə dayanan erməniyə göstəriş verdi: "Rədd eləyin onu burdan".
Əsiri bazarın alt tərəfində yerləşən məhəlləyə gətirdilər. Evin ikinci mərtəbəsi yox idi, görünür, mərmi dağıtmışdı. Onu həyətin ortasındakı tut ağacının altında oturtdular. Ağ saçlı, qara geyimli (Ceyhun Mirzəyevin çəkdiyi "Fəryad" filmindəki Xorenin arvadının tam oxşarı) arıq bir qadın binanın qapısından çıxıb Elbrusa tərəf gəlməyə başladı. Qadın elə zəhmlə gəlirdi ki, Elbrus özündən asılı olmayaraq ayağa qalxdı:
-Hardansan?
-Xocalıdan.
-Mənim oğlumu niyə öldürmüsən?
Elbrusun cavabı yox idi. Qadın ona iki şillə vurdu, üzünə tüpürüb ağlaya-ağlaya ordan uzaqlaşdı.
Hərbçilərdən biri arxadan ona səsləndi:
-Anjela xala, nə edək, onun başını kəsək?
Qadın çevrilib Elbrusa baxdı:
-Lazım deyil.
Erməni hərbçiləri Elbrusu Şuşa yolunun üstündəki qum karxanasına gətirdilər.
-Ara, gəl sənə hərbi paltar geyindirək, əlinə də bir silah verək, sonra da şəklini çəkib göndərək Xalq Cəbhəsinə. Bizim orda əsirlərimiz var, bəlkə səni onlarla dəyişmək istəyələr.
-Mən şəkil-zad çəkdirən deyiləm, öldürmək istəyirsinizsə, öldürün. Sizin havanıza oynayan deyiləm.
Onsuz da canından bezmişdi. Elbrusu o qədər döydülər ki... Bədəninə dəyən zərbələrin ağrısını artıq hiss eləmirdi. Çətinliklə nəfəs alan Elbrus yalnız bunu eşitdi: "Aparın güllələyin".
Onu bir "UAZ" markalı maşına mindirdilər. Gəlib çatdıqları yer, Xankəndində ermənilərin məskunlaşdığı ilk kənd idi.
Tarixi mənbələrə görə, o vaxt Şuşa qalasını tikdirən Mehdiqulu xan İrəvandan gəlmiş yüz erməni bənnasından soruşur ki, "Bu işinizin əvəzində nə istəyirsiniz?" Erməni ustalar Şuşanın girəcəyindəki kənddə yaşamaq üçün icazə istəyirlər. Sonradan bu kənd Ərminavan adlanır.
Xankəndindən Şuşaya qalxan yola tikinti materialları tökmüşdülər, görünür, orda nəsə tikməyə hazırlaşırdılar. Elburusu arxadan itələdilər:
- Get o tikinti materiallarının yanında dayan.
Elbrusu ona göstərilən yerə, qarın üstündə ayaq izlərinin açdığı bir cığır aparırdı. Arada ayaqlarını yerdəki qarın izinin üstünə qoyur, sonra da təmiz qarın üstü ilə gedərək izi genişləndirirdi. Birdən ağlına nə gəldisə, dayandı. Beton hasarların yanına çatanda qarın üstünə sıçramış qan ləkələrini görüb ürəyində dedi: "Hə, sonum gəldi".
Hasardan yarım metr qabaqda dayanıb erməni hərbçilərinə tərəf çevrildi. Onlardan biri Elbrusu nişan alıb atəş açdı. Elbrus yerə yıxıldı. Düşündü ki, yaranın yeri hələ isti olduğundan ağrını hiss etmir. Əvvəllər Xocalıda postda iki dəfə yaralanmışdı, güllə ağrısının nə olduğunu yaxşı bilirdi. Erməni hərbçiləri əllərini əllərinə vurub gülüşəndə başa düşdü ki, hələ onu öldürmək fikirləri yoxdur.
-Nədi, ara, qorxursan?
Erməni hərbçiləri bir-birləri ilə zarafatlaşaraq siqaret tüstülətməyə hazırlaşırdılar. Əllərini ciblərində gəzdirib kibrit axtardılar. Nəhayət, birinin cibindən kibrit çıxdı. O, bir çöp çıxardıb yandırmağa çalışdı, alınmadı. Sonra ikincini çıxartdı, yenə yanmadı. Sonra beşincini, altıncını götürüb qutunun kənarına sürtdü və yanmadığını görüb söyüş söydü. Bütün bunları kənardan izləyən Elbrus isə hər şeyin tezliklə bitməsini istəyirdi, ürəyində "olub qurtaraydı kaş", deyirdi. Bu vaxt hərbi geyimdə olan bir saqqalı qara bata-bata onlara yaxınlaşdı. Elbrus onu dərhal tanıdı. Diş həkimi idi. 1985-ci ildə onun iki dişini çəkmişdi. Bir dəfə diş poliklinikasının yanındakı "Qarun" restoranında yemək də yemişdilər birlikdə. Adı Valeri idi. Yerevandan təyinatla gəlmişdi. Amma indi hərbçi idi, kapitan rütbəsini daşıyırdı. Həkim arxasını Elbrusa sarı çevirib hərbçilərlə danışmağa başladı. Elbrusun nitqi tutulduğundan Valerini çağıra bilmirdi.
Hərbçilər Valeriyə nə dedisə, o, gözucu Elbrusa nəzər salıb, yenidən hərbçilərə sarı döndü. Amma sonra nə düşündüsə, qayıdıb Elbrusa bir də baxdı. Valerinin hərbçilərlə qısa dialoqundan sonra, deyəsən, mübahisə yaranmışdı - onlar başlarını bulayıb etiraz etdilər. Bu zaman Valeri hərbi qaydada təzim edib kimliyini bildirəndə vəziyyət dəyişdi - qarşı tərəfdəkilər maşına minib uzaqlaşdılar. Elbrus onun kapitan olduğunu təbii ki, sonradan bildi. Valeri Elbrusa tərəf gəldi. Rusca soruşdu:
- Elbrus, sənsən?
- Mənəm...
Yol Xankəndinə qalxırdı. Valeri istəsəydi həmin an Elbrusu azad edərdi və bunu heç kim bilməzdi. Amma eləmədi. Ola bilsin bayaqkı hərbçilərin bu haqda kiməsə xəbər verəcəyindən ehtiyatlanırdı, bəlkə də səbəb başqa idi.
- Elbrus, mən səni nə azad edə, nə də evimə apara bilərəm. Mən hərbçiyəm. Məni güllələyərlər. Yaxınlıqda bir hərbi qərargah var, orda yaxın dostum var. Səni aparıb dostuma tapşıraram. Bundan artığını eləyə bilməyəcəm.
Hərbi qərargahın yerləşdiyi bina əvvəllər əqli cəhətdən qüsurlu uşaqlar üçün peşə məktəbi idi. Valeri Elbrusu dostunun yanına gətirib tapşırdı.
Sonra Elbrusu əsirlər olan zirzəmiyə saldılar. Yarıqaranlıq zirzəmidə o, avtobus sürücüsü Həsən dayını tanıdı. O da qolundan yaralanmışdı. Hüseyn dayını da gözü seçdi. Bir az aralıda Şahruz adlı bir nəfər uzanmışdı. Dediyinə görə, Martuninin Qaradağlı kəndindən idi. Fevralın 11-dən əsir düşmüşdü.
Axşam sakit ötüşdü. Səhər də əsirlərə dəyib-dolaşan olmadı. Biri gün, martın 2-də, axşamçağı erməni hərbçisi içəri girdi və Yusiflə Elbrusa işarə elədi ki, bayıra çıxsınlar. Onlar qapıdan çıxıb hərbçilərin otağına girdilər. Masanın üstündə yemək var idi. Bir nömrəli avtobazanın müdiri, erməni əsilli Maksim Mirzəyev də burada idi. Elbrus Xankəndində işləyəndə ondan bir neçə dəfə icarəyə avtomobil götürmüşdü. İndi o, mayor idi. Maksim Elbrusdan soruşdu:
-Hardansan?
-Xocalıdan.
-Deyirlər Əlif Hacıyev, Elman Məmmədov şəhəri hamıdan tez tərk edib, düzdü?
-Yox, elə deyil. Onlar da camaatla bir yerdə çıxdı şəhərdən. Bilmirəm heç çıxa bildilərmi?
-Bəybələd kişini tanıyırdın? Bəs Qənaəti?
Maksim avtobazada sürücü işləyən azərbaycanlıların adlarını sadaladı.
-Elbrus, "Qarabağ da bizimdi" mahnısı yadındadır? Onu oxuya bilərsən?
-Səsim yoxdur.
-İndi səsini çıxararıq, ara, vur!
Elbrusun arxasında gənc erməni hərbçiləri dayanmışdılar. Onun sol böyrəyindən təpiklə necə vurdularsa, gözləri qaraldı. Üç metr dərinlikdə olan zirzəminin armaturları çıxmış pilləkənləri ilə aşağı-yuxarı sürüdülər.
Ertəsi gün Hüseyn dayı, Şahruz, Yusif və Elbrusu rayon milis idarəsinə apardılar. Kameralar azərbaycanlılarla dolu idi. Şahruzla Elbrusu əvvəlcə növbətçi otağına salıb yarıçılpaq soyundurdular. Polis dəyənəyi ilə huşlarını itirənəcən kürəklərinə vurdular.
Onların kamerası üçüncü mərtəbədə idi. Yer beton, pəncərələrin də şüşəsi sınıq. Buz bağlamış dəmir barmaqlıqlara toxunan olsaydı əli yapışardı. Sutka ərzində bir dilim çörək, üç-dörd gündən bir isə su verirdilər. Amma işgəncələrin arası kəsilmirdi.
Bir gün qonşu kamerada tanış öskürək səsi gəldi. Kameralardan mütamadi qarışıq səslər gəlsə də, heç nə aydınlaşdırmaq olmurdu.
-Şahruz, o öskürən mənim əmimdir.
Elbrus ağzını dəmir qapının açar yerinə tutub var gücü ilə qışqırdı:
-Qədim əmi, Qədim əmi...
-Kimsən?
-Qədim əmi, mənəm, Elbrus.
-Səsinə qurban olum, nəfəsinə qurban olum.
Aradan daha bir həftə keçdi. Bir gün rəis müavini Elbrusdan soruşdu:
-Xocalıda olanda nə işin yiyəsiydin?
-Bakıda institutda oxuyurdum.
-Valideynlərin hardadır? Atanı soruşuram?
-Buralarda olmalıdır.
Rəis müavini sonra Elbrusun yanından çıxıb atası Ələmdar kişinin kamerasına getdi:
-Sənin oğlun var?
-Bir oğlum var idi, aparıb öldürdünüz.
-Oğlunu sənə göstərsəm, mənə nə verərsən?
-Nəyim var Xocalıda qaldı. Bir canım qalıb, oğlumu göstər, onu qurban verim sənə.
-Mən qatil-filan deyiləm. Axşam səni oğlunla görüşdürəcəm, - rəis müavini əlini atanın çiyninə qoyub qapıdan çıxdı.
Axşam yenə gəldi:
-Xocalılar bir kameraya, Martunidən, Qaradağlıdan olanlar başqa kameraya.
Elbrus, atası, əmisi, eyni kamerada idi artıq.
Elbrus sonradan deyəcəkdi: "Əslində onların mənimlə eyni kamerada olmağından əzab çəkirdim. Əzizlərimi bu cür görmək mənə ağır gəlirdi. Qan düşməni olan qohum-qonşunu bir "sən öl" sözünə barışdıran el ağsaqqalları, ağbirçəklər kameralarda, qarğıdan, qamışdan tikilmiş qoyun damlarının küncündə sahibsiz öldülər, meyitləri ortada qaldı. Mənim üçün ən böyük faciə idi.
Aprel ayının əvvəllərində Elbrusun atası Azərbaycana təhvil verilməli idi. İndi Elbrus Yaqub dayı ilə qalmışdı. Bu ahıl adam Elbrusa mənəvi dəstək olurdu. Bir gün Elbrus söhbət əsnasında dedi:
-Yaqub dayı, mən öləcəm.
-Niyə, bala? Qoy, atan ölsün, əmin ölsün, mən ölüm. Sən niyə ölürsən?
-Yaqub dayı, mən dərddən öləcəm.
Aprel ayının 19-da Elbrusu dəyişmək üçün kameradan çıxartdılar. Amma həmin gün Elbrus üçün uğursuz oldu. Onu Qərib Şahbazyanın qardaşı ilə dəyişmək istəyirdilər. Elbrus ratsiya ilə yalvarırdı:
- Qəribin qardaşını tapın, mənimlə dəyişsinlər.
- Qəribin də, qardaşının da... məni söydürmə. Kiminlə istəsək, onunla da dəyişəcəyik.
Elbrusun yanında dayanan Qərib bütün danışıqları eşidirdi. Ratsiyanı Elbrusdan alıb bağırdı:
- Qulağını aç yaxşı eşit. Qardaşımı tapıb gətirməsən, Elbrusun başını öz əlimlə kəsəcəm.
Elbrusu Əsgəran qalası səmtə gətirdikləri qırmızı "Niva"ya oturdub geri qaytardılar.
Təbiət oyanmışdı. Hər yer yamyaşıl idi. Maşın Xocalının içindən keçirdi. Bahar xaraba qalmış şəhərə yaraşmırdı. Yolda maşını saxladılar. Yamacda iki qadın dayanmışdı. Yanlarındakı uşlaqlar ora-bura qaçışırdı, bir kişi isə otluğun üstündə elə uzanmışdı ki, sanki ölmüşdü. Elbrus Kəlbəcər rayonunun Ağdavan kəndinin işğal olunduğundan xəbərsiz idi. Sürücü Verdi ilə erməni yaraqlı Samvel siqaret çəkirdilər. Verdi Elbrusa yaxınlaşdı:
-Hardansan?
- Burdan, Xocalıdan.
- Əslin-kökün hardandır?
-Əslim Kəlbəcərdəndir. Amma Xocalıda doğulmuşam.
Verdi yamacdakı qadınlara tərəf getdi. Onlarla Elbrusa sarı baxıb nəsə danışdı. Elbrusun saqqalı qurşağa qədər uzanmışdı, üz-gözü qançır, gözlərinin altı şiş idi... Ayaqları da tutulmuşdu. Onu Əsgəran qalasına dəyişməyə aparanda qucaqlarında gətirib maşına mindirmişdilər. Elbrus gördü ki, bir gəlin maşına yaxınlaşır. Qadın Elbrusu görəndə içini çəkdi:
-Aman Allah...
Elbrus ləhcədən onun azərbaycanlı olduğunu anladı:
-Bacı, mən də azərbaycanlıyam, qorxma.
-Dedi, sən Kəlbəcərdənsən. Mən də ordanam. Əsir düşmüşdük. İndi bizi dəyişməyə aparacaqlar.
Bunu eşidəndə Elbrusun başı gicəlləndi, gözləri qaraldı. Başını maşının pəncərəsinə söykəyib bir qədər susdu və özünü ələ almağa çalışdı. Qohumlarının çoxu Kəlbəcərdə idi.
-Bütün rayon gedib?
-Yox, ancaq Ağdavan kəndi.
-Qardaş, yeməkdən, sudan nə gətirim sənə?
-Su. Varsa su ver mənə...
...Həbsxananın qapısını rəis özü açdı:
-Bəs bunu dəyişmədilər?
-Yox, alınmadı.
-Salın onu karserə, gəbərsin orda.
Karserin qapısı üzünə bağlandı. Günlərlə işığa həsrət qaldı, dilinə nə çörək dəydi, nə də su. Gecənin düşdüyünü, səhərin açıldığını səslərdən bilirdi. Karser elə darısqal idi ki, uzanmaq mümkün deyildi. Amma digər həbsxanalardan fərqli olaraq, bura bir az isti idi. Həm yazın nəfəsi duyulurdu, həm də burada şüşələri qırılmış pəncərələr yox idi. Bu vəziyyətdə olmasının üstündən nə qədər müddət keçdiyini heç cür hiss edə bilmirdi.
-Ara, sən hələ ölməmisən?- erməni yaraqlı gözlərinə inanmadı. - Çıx.
Elbrus əllərini yerə dayayıb qalxmağa çalışdı, amma qalxa bilmədi.
Elbrusu sürüyə-sürüyə bayıra çıxartdılar. Günün şüaları altı gün zülmət qaranlıqda qalmış Elbrusun gözlərini sanki kor elədi. Bayırda bir qadın, bir cavan oğlan, üç-dörd yaraqlı var idi. Həbsxananın rəisi də var-gəl edirdi. Qadın Elbrusu görəndə heyrətə gəldi:
-Budur?
-Hə.
-Yox, lazım deyil. Bu ayaq üstə ölüb ki...
Həbsxananın rəisi qadını kənara çəkib qulağına nəsə pıçıldadı. Bu qadının əri Gəncədə həbsxanada saxlanılırdı.
Elbrusu həmin qadının evinə gətirdilər. İyirmi gün onların evində qaldı. Qadının qayınanası, qayınatası, övladı da burda yaşayırdı. Elbrusun saçını, üzünü qırxdılar, yaralarına məlhəm qoydular. Yeməyini də kəsmirdilər. Bütün bunları öz doğmalarını azad etmək üçün edirdilər. Amma dolanışıqları ağır idi. Çörək zavodları işləmirdi. Mayın 3-4-ü Şuşadan atmağa başladılar. Ermənilərlə birlikdə Elbrus da qorunmaq üçün zirzəmiyə düşdü. Aşağı düşəndə gördüklərindən heyrətə gəldi. Döşəmələr mərmərdən idi. Erməni qadınlar zəif şam işığında hərbi paltar tikirdilər.
May ayının 18-də Laçın işğal edilən gün Elbrus azad olundu. Onu Əskəran postuna gətirdilər. Elbrusu iki hərbçiylə dəyişdilər. Biri evində qaldığı ailənin oğlu, digəri də Dovşanlı kəndindən Mersik adında bir erməni idi. Elbrusu Ağdamın Ətyeməz adlı ərazisinə gətirdilər. Maşından düşən kimi, Xocalı sakinləri onu əhatəyə aldılar. Ölüsünü soruşan kim, əsirlər barədə məlumat almaq istəyən kim.
- Ay oğul!...
Elbrus bu doğma səsi tanıdı. Dayısı idi. Özünü ağlamaqdan zorla saxladı. Kişi də möhkəm adam idi, özünü toxtaq tutdu. Bir-birlərinə sarıldılar. Sonra yaxınlıqdakı yeməkxanaya girdilər.
-Nə var yeməyə?
-Yemək qurtarıb, amma yumurta soyutması var.
-Eybi yox, nə var yığ stolun üstünə.
Nahardan sonra Elbrusun əmisigilə getdilər. Ev Qərvəndin mərkəzində yerləşirdi. Dayısı maşından düşəndə Elbrusa gözləməyi tapşırdı. Dayısı Ağdama təsadüfən gəlmişdi. Səhər bacısıgilə gəlib yuxusunu danışmışdı:
-Bu gecə yuxuda dişim qanayıb.
-Qan qovuşmaqdı. Sən Allah bu gün Ağdama get, bəlkə Elbrusdan xəbər oldu.
Kaş o vaxt bir videokamera olaydı, Elbrusun ailəsi ilə görüş səhnəsi çəkiləydi. Dayısı maşından düşəndə Elbrus onun sözünə qulaq asmayıb arxasınca gəldi. Elə bil ayaqları açılmışdı. Özünü hasara çatdırıb divara söykəndi. Darvaza açılanda 13 yaşlı bacısını görüb qəhərləndi. Dayısı bacısı qızı ilə görüşdü:
-Qızım, necəsən?
-Belə də, dayı.
-Yaxşı ol, qızım. Elbrus, gəl içəri.
Elbrusu görəndə bacısı dəli kimi qışqırmaq istədi, amma səsi çıxmadı. Bu boyda dərdə, həsrətə səsmi dözər, səsmi qalar?
Elbrus o günləri belə xatırlayır: "Elə bir faciə yaşadıq ki, ölsək qəbrimizin üstündə bitən ot da dil açıb dillənəcək. Həyat davam edir, deyib-gülürük. Toyumuz da olur, yasımız da. Amma o günlər bir an da olsun yadımdan çıxmır. Xocalı faciəsindən sonra yuxudan avtomat səslərinə oyanırdım, anasının əlindən çıxıb uçuruma yuvarlanan uşaqların çığırtısına səksənirdim. Sonra bir müddət müalicə olundum. Danışdıqlarımız yaşadıqlarımızın hamısı deyil, əlbəttə ki! Kaş, yazmaq istedadım olaydı...
Feyziyyə Soltanmurad
aydinyol.az
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...