Nadir Əbdürrəhmanovun rənglər dünyası
Təsviri sənətimizin inkişaf tarixinə nəzər yetirdikdə neçə-neçə rəssamımızın özünəməxsus dəst-xəttə malik olduğunu, özünün fərdi yaradıcılıq üslubunu formalaşdıra bildiyini görə bilərik. Təbiidir ki, bütün bunlara nail olmaq o qədər də asan deyil. Azərbaycan təsviri sənətində özünün yaradıcılıq dəst-xəttinə malik olan, yaradıcılığı bədii estetik keyfiyyətlərlə zəngin olan sənətkarlarından biri də xalq rəssamı Nadir Əbdürrəhmanovdur (1925-2008).
Nadir Qənbər oğlu Əbdürrəhmanov 1925-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunda dünyaya göz açıb. N.Əbdürrəhmanovun doğulub boya-başa çatdığı rayonun təbiəti onda erkən yaşlarından rəssamlığa maraq oyadıb. N.Əbdürrəhmanov ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1941-1944), sonra isə İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1947-1953) alıb. Orada ona görkəmli fırça ustaları - A.Mılnikov və V.Oreşnikov rəssamlıq sənətinin incəliklərini tədris edib. Xatırlatmaq yerinə düşər ki, rəssam ilk ali təhsilini incəsənət istiqaməti üzrə deyil, tibb ixtisası üzrə alıb. Belə ki, o, əvvəlcə Azərbaycan Dövlət Tibb İnstitutunda (1944-1947) oxuyub. Lakin rəssamlığa olan sonsuz marağı onu heç zaman rənglərə vurğunluğundan ayıra bilməyib.
N.Əbdürrəhmanov Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin sədri (1961-1970) və SSRİ Rəssamlar İttifaqının katibi (1963-1973) kimi nüfuzlu vəzifələrdə çalışıb. O, həmçinin 1960-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1964-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssam bir çox xarici ölkələrdə - Fransa, İtaliya, Norveç, Bolqarıstan, Şimali Koreya, İraq, Əfqanıstan və s. yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın ölkəmizlə yanaşı xarici ölkələrdə də dəfələrlə əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Sənətkarın müxtəlif mövzulu bədii yaradıcılıq nümunələri dünyanın bir sıra nüfuzlu muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
N.Əbdürrəhmanovun yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, onun daha çox lirik mövzulara müraciətini, mövzunun özünəməxsus bədii şərhini, kolorit həllinin zənginliyini və dekorativliyini göstərmək olar.
Rəssam, yaradıcılığının ilkin dövrlərində süjetli tabloların yaradılmasına daha çox üstünlük verib. O, yaratdığı süjetli tablolarda da mənzərə janrının imkanlarından yaradıcılıqla istifadə edib. N.Əbdürrəhmanovun belə işlərinə misal olaraq "Bakının görünüşü" (1954), "Sənaye mənzərəsi" (1954), "Yaylaqda" (1957) və s. əsərlərini göstərmək olar. Rəssamın həmin tablolarına nəzər yetirdikdə ciddi işlənilmə və klassik rəssamlıq ənənələrinə sadiqlik özünü qabarıq büruzə verir.
N.Əbdürrəhmanovun 1960-cı ildə cənub rayonlarına - Lənkərana və Lerikə səfəri yaradıcılığında dönüş nöqtəsi olub, desək, yanılmarıq. Belə ki, bu bölgələrin əsrarəngiz təbiəti, təbii gözəllikləri, insanlarının əməksevərliyi, zəngin etnoqrafik xüsusiyyətləri və adət-ənənələri rəssamın xüsusi diqqətini çəkmiş, görünən ən incə məqamları həssas rəssam fırçasının qüdrəti ilə poetik ruhlu tablolarda əks olunmuşdur. "Çəltikbecərənlər" (1960), "Dağlarda qürub" (1963), "Lerik. Bahar" (1964) əsərlərində rəssam klassik təsviri sənət ənənələrindən yaradıcı şəkildə istifadə edərək sonda yüksək bədii təsir gücünə malik tablolar yaratmışdır.
"Çəltikbecərənlər" adlı əsərində kompozisiya bir qədər kəsilmiş formada təqdim olunub və obrazlar iri miqyasda işlənilib. Bu metod təsvir olunan predmetlərin ən incə detallarınadək əks olunduğunu və eyni zamanda rəssamın ustalıq məharətini göstərir. Surətlərin səmimi və gərgin hərəkətləri, eləcə də əsərin kolorit həlli ustalıqla tapılıb. Narıncı, boz və göy rəng keçidləri, tablonun ümumi harmoniyası seyrçinin diqqətindən yayınmır və insana xoş təsir bağışlayır. Sadalanan xüsusiyyətləri eyni zamanda rəssamın "Dağlarda qürub" əsərinə də şamil etmək olar.
N.Əbdürrəhmanovun cənub bölgələrinə həsr edilmiş çoxsaylı əsərlərini silsilə kimi də qəbul etmək olar. Demək olar ki, rəssam yaradıcılığının bütün dövrlərində cənub bölgələrindən aldığı təəssüratla bu cür bədii əhəmiyyətli tablolar yaratmışdır. Rəssamın belə əsərlərinə nümunə olaraq "Sevimli naxışlar" (1967), "Talışlar" (1967), "Talış qızı" (1970), "Dağlarda bahar" (1970), "Qız portreti" (1971), "Talış qızları" (1971) və s. əsərlərini qeyd etmək olar.
"Sevimli naxışlar" əsərini rəssamın ən uğurlu yaradıcılıq nümunələrindən hesab etmək olar. O, kompozisiyada xalça toxuyan üç qadının yaddaqalan obrazını kətanda canlandırıb. Obrazların rəngbərəng ip topalarını sarıdıqları və yunların rənglənməsi səhnəsi olduqca təbii görünür. Surətlərin ritmik hərəkətləri və tablonun əlvan kolorit həlli yüksək bədii təsir qüvvəsinə malikdir. Bu yerdə mövzunun etnoqrafik ənənələrə bağlılığını da vurğulamaq yerinə düşər. "Talış qızı" əsərində də rəssam yenə toxuculuqla məşğul olan qızın ümumiləşdirilmiş obrazını yaradıb.
Göründüyü kimi, talışların həyat tərzi və milli xüsusiyyətləri rəssamın diqqətini cəlb edib. "Talış qızları" əsərində rəssam gənc qızları bulaq başından qayıtdıqları zaman təsvir edib. Obrazların mənalı baxışları, çöhrələrindən oxunan əməksevərlik onların ifadəli duruşlarında da hiss olunur. Tablonun kolorit həlli əsərin bədii emosional təsir qüvvəsini daha da artırıb. Çəhrayı, qızılı və tünd rəng keçidlərinin əlaqələndirilməsi isə tablonun dinamikliyini qüvvətləndirir.
"Dağlarda bahar" əsərində rəssam dağlarda yaşayan, orada özlərinin gündəlik qayğıları ilə məşğul olan insanların əməyinin romantikasını əlvan rəng palitrasının təkraredilməz boyaları ilə kətanda əks etdirib. Rəssam digər, "Dağ adamları" adlı əsərində insanları köç məqamında təsvir etmişdir. Mürəkkəb kompozisiya quruluşuna malik tabloda insanların atlar üzərində qərarlaşaraq hərəkət etdikləri səhnə, əsl yaradıcı ustalıqla və təkraredilməz ifadə vasitələri ilə yaradılmışdır. Öndə təsvir edilmiş qadının qucağında quzunu tutması və sol əli ilə atın yəhərindən çəkdiyi səhnə olduqca cəlbedici görünür və tamaşaçıda həyəcanlı hisslər yaradır.
Yuxarıda qeyd etdik ki, N.Əbdürrəhmanov bir çox ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub və orada rəssamın fərdi sərgisi təşkil olunub. Bu mənada Moskva (1960, 1976), Koreya (1958) və İraqda (1978) rəssamın fərdi sərgilərinin keçirildiyini qeyd etmək olar. Rəssamın xarici ölkələrə həsr etdiyi əsərləri sırasında "Yeni Koreya" (1959), "Burqas limanı" (1961), "Dağlar. Yuqoslaviya" (1964), "Venesiya. Körpü" (1966), "Berqen. Norveç" (1966), "Bağdad" (1972), "Mosulda küçə" (1972), "Əfqan" (1971), "Əfqanlar" (1972) və digərlərinin adlarını çəkmək olar. Rəssamın sadalanan əsərlərinin hər birinə yüksək bədii sənət metodu ilə işlənilmə xüsusiyyətləri xasdır. Rəssamın İraq və Əfqanıstan seriyasına daxil olan əsərləri özünün bədii ifadə vasitələrinə - kompozisiya və kolorit həllinə, məna və məzmun xüsusiyyətlərinə görə daha çox diqqəti cəlb edir.
N.Əbdürrəhmanov bədii yaradıcılıqla yanaşı həm də davamlı olaraq pedaqoji fəaliyyətlə də məşğul olub. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənətin incəliklərini tələbələrə tədris etmiş və sonuncu tədris ocağında yaradıcılıq emalatxanasının rəhbəri və professoru olmuşdur. Onun yetişdirdiyi rəssamlar arasında yüksək fəxri adlara layiq görülmüş yaradıcı şəxslər də az deyil.
Həmişə ali sənət amallarına sadiq qalaraq yaddaqalan əsərlər yaradan sənətkarımızın əməyi dövlətimiz və xalqımız tərəfindən layiqincə qiymətləndirilib. Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin sərəncamı ilə N.Əbdürrəhmanov Azərbaycan Respublikasının "Şöhrət" ordeninə layiq görülmüşdür. Yaradıcı insanlara xüsusi dövlət qayğısı bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan incəsənətinin inkişafına və tərəqqisinə layiqli töhfələr bəxş etmiş Nadir Əbdürrəhmanov kimi sənətkarların xatirəsi onu tanıyanların və sənət adamlarının yaddaşında həmişə yaşayır.
Əsəd QULİYEV,
sənətşünas
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...