Orfoqrafiya lüğətinin tərtibində hansı qaydalardan istifadə edilməlidir?

Orfoqrafiya lüğətinin tərtibində hansı qaydalardan istifadə edilməlidir?

Noyabrın 26-da ARNK yanında Tərcümə Mərkəzində hazırlanan yeni "İşlək orfoqrafiya lüğəti"nin işçi qrupunun növbəti iclası keçirilib. İclasda lüğətin birinci bölümünün - "A" hərfi ilə başlanan sözlər üzərində aparılmış işlərin yekunu müzakirə edilib.

Nəşrin işçi qrupunun üzvləri: Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, BDU-nun Azərbaycan dili və ədəbiyyatı tədrisi kafedrasının dosenti Mətanət Abdullayeva, Mərkəzin dil mütəxəssisləri Güldəstə Nəsibova, Bəhlul Seyfəddinoğlu və İlqar Əlfi məsələyə dair fikir və mülahizələrini bildiriblər.

A.Məsud: - Qarşımızda duran ən vacib məsələ, həm də budur ki, öhdəmizə götürdüyümüz bu ağır və məsuliyyətli işi səliqə ilə aparaq. Yəni Mərkəz tərəfindən lüğətdə yer alması vacib bilinən sözlərin dilçilərimiz tərəfindən ayarlanması, dilimizdə çox işlənsə də, hansı səbəbdənsə, lüğətlərə daxil edilməmiş sözlərin, həmçinin hazırda bədii ədəbiyyatlardan seçib topladığımız qədim Azərbaycan sözlərinin yerləşdirilməsi, yeni lüğətin tərtib qaydalarının hızırlanması və sair bu kimi əməliyyatları mükəmməl şəkildə, tələsmədən, həm də ləngimədən, itkisiz və xətasız həyata keçirməliyik. Hörmətli dilçi alimlərimiz Nəriman müəllim və Mətanət xanım göndərdiyimiz "A" hərfi bölümü üzrə ilkin işi aparıblar.

N. Seyidəliyev: Dilimizdə işlənməyən, mənşəyi və mənası bəlli olmayan sözlər, həmçinin şəhər adları yeni lüğətə salınmamalıdır. Şəhər, ölkə və adam adlarına lüğətin sonunda yer vermək olar, sözlərin təkrarçılığına, hallandırılmasına da ehtiyac yoxdur. Dialekt sözlər üçün ayrıca lüğət hazırlanmalıdır.

B. Seyfəddinoğlu: Biz təklif edirik ki, hazırladığımız variantı Dilçilik İnstitutunun mütəxəssislərinə təqdim edək, onlar da prosesin necə aparıldığı ilə tanış olsunlar. Daha sonra razılaşdıqları və razılaşmadıqları məqamları qeyd etsinlər, yenidən bir araya gəlib ümumi müzakirə aparaq.

M. Abdullayeva: Bu prosesi, əlifbadakı hərfləri bölərək də aparmaq olar. Yaxud eyni hərf üzrə sözlər əlli-əlli, yüz-yüz - baxır həmin hərfə dair neçə söz var - bölüşdürməklə işi sürətləndirmək mümkündür.

İ. Əlfi: Rusiyada lüğətçilik sahəsində belə bir təcrübə var. Onlar əvvəlcə tərtib edilən lüğətin hansı orealı əhatə edəcəyini müəyyənləşdirirlər. Rus dilində 170 000-lik iri, 100 000-lik normal həcmli, həmçinin 30 000 sözdən ibarət yalnız işlək sözlərin toplandığı lüğətlər var. Yəni biz, burada ortaq fikrə gəlməliyik ki, həcm baxımından böyük, yoxsa ortahəcmli orfoqrafiya lüğəti hazırlanacaq və o, təxminən neçə sözdən ibarət olmalıdır?

A. Məsud: Unutmayaq ki, yeni lüğət hazırlanan zaman təkcə yararsız sözlər çıxarılmır, həmçinin yazılışı səhv olan sözlərdə də düzəlişlər edilir. Məsələn, "varı" şəkilçisi ilə düzələn sözlər. Hamıya məlumdur ki, bu şəkilçi fars mənşəlidir və düzgün yazılış forması "vari"dir. Yəqin ki, ahəng qanunu nəzərə alınaraq, bu şəkilçinin "varı" kimi verilməsi qərara gəlinib. Lakin uzun illər dilimizdə "qövsvari", "zəncirvari" kimi işlətdiyimiz bu sözlərin süni şəkildə hansısa qrammatik qaydalar üzrə dəyişdirilməsinə nə ehtiyac var? Bu kimi hallarla bağlı lüğətin işlənmə qaydası hazırlanmalıdır.

İ. Əlfi: Prosesi belə də apara bilərik. Əgər məqsədəuyğundursa, lüğətdə gördüyümüz problemləri sözlükdə tənzimləməmişdən əvvəl, "Aydın yol" qəzetində müzakirəyə çıxaraq. Fikirlərimizi ilk öncə məqalə, təhlil, araşdırma formasında dərc etdirərək, bütün ictimaiyyətə çatdıraq, həmçinin dilçilərin ixtiyarına verək və gələn təklifləri də diqqətdə saxlayaq, məqsədəuyğun olanları dəyərləndirək.

M. Abdullayeva: Onu da qeyd edək ki, bu problemlərin həlli dərsliklərə və TQDK-nın da tərtib etdiyi imtahan suallarına birbaşa təsir edəcək.

Q. Məhərrəmli: Mən xırda bir nüansa toxunmaq istəyirəm, Dilçilik İnstitutunda bu sahədə sistemli, operativ iş aparacaq bəlli bir iş mexanizmi yoxdur. Bu məsələ qalxandan sonra Tofiq müəllim də orada problemə münasibətini bildirdi. O, bu təşəbbüsünüzü yüksək qiymətləndirir və sizinlə işləməyi çox istəyir. Mən düşünürəm ki, bəzi məsələlərin elmi əsası olmalıdır. Məsələn, alınma şəkilçilərin ahəng qanununa uyğunlaşdırılması necə olacaq, "iyyət" bir, ya iki "y" ilə yazılmalıdır, "varı", yoxsa "vari" yazmalıyıq? Hər şeyin əsası qaydadır. Qayda-qanun müəyyənləşməlidir, yanaşma meyarları müəyyənləşməlidir. Xüsusi adlar, şəkilçilərin necə işlənəcəyi müəyyənləşdirilməlidir. Əvvəlki lüğətlərdə verilmiş dil qaydaları yenidən araşdırılmalıdır. O qaydaların təkmilləşdirilməsi və müasirləşən dilimizin yeni tələblərinə uyğun əlavələrin edilməsi vacibdir.

A. Məsud: Dil inkişaf edir, leksikonumuza yeni sözlər daxil olur. Biz də hesab edirik ki, dil qaydalarına yenidən baxılmalıdır. Bununla bağlı ayrıca toplantı keçirməyi, bu işə lüğət tərtibi üzrə xüsusi təcrübəsi olan peşəkar mütəxəssislər cəlb etməyi nəzərdə tuturuq.

Sonda işçi qrupunun üzvləri lüğətin ilk hərfində yer alan çətin anlaşılan və səhv yazılmış sözlərin ümumi müzakirəsinə keçdilər. Anlaşılmayan və heç bir məna ifadə etməyən sözlərin çıxarılması, bəzi sözlərin səhifə sonluğunda izahının verilməsi, müəyyən sözlərin müvafiq mötərizələrdə və sözlərin yanında qrammatik izahının yazılması ilə bağlı təkliflər irəli sürüldü. Qərara alındı ki, işin akademik səviyyədə və məhsuldar təşkili üçün, paralel olaraq, dil qaydaları hazırlansın.

 

 

Qalereya

VƏ DİGƏR...