Tərcümə Mərkəzinin Elmi Şurasının növbəti toplantısı
Mayın 7-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi Şurasının növbəti toplantısı baş tutub. Toplantıda "Ölkənin ali təhsil ocaqlarında tərcüməçilik ixtisasının tədrisi" mövzusunda müzakirələr aparılıb. Tədbirdə Mərkəzin Elmi Şurasının sədri, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Şuranın üzvləri - Azərbaycanın Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ali Təhsil İdarəsinin müdiri Natiq Əliyev, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyev və başqaları iştirak ediblər.
İclası giriş sözü ilə Tərcümə Mərkəzinin direktoru, Şuranın sədri Afaq Məsud açıb:
- Əvvəla Tərcümə Mərkəzinin, tərcümənin təhsil sahəsinə diqqət ayırması məsələsinə aydınlıq gətirmək istəyirəm. Mərkəzin Əsasnaməsində ölkə üzrə dil və tərcümənin təkmilləşdirilməsi, təşkili və tənzimlənməsi işinə nəzarətlə yanaşı müəyyən edilmiş ümdə vəzifələrindən biri də, tərcümənin təhsil mərhələsindən başlayaraq təşkilinin təmin edilməsi, yüksək səviyyəli peşəkar kadrların hazırlanması işinin təşkilidir. Bilirsiniz ki, bu gün Mərkəz ölkənin bütün sahələri üzrə həyata keçirilən dil və tərcümə işinə nəzarətlə yanaşı, ölkədə və xaricdə fəaliyyət göstərən tərcüməçilərin Məlumat Bazasını, yəni Reyestrini hazırlayır. Bununla bağlı böyük ürək ağrısıla bildirməliyəm ki, mənzərə heç də ürəkaçan deyil. Reyestr qeydiyyatına salınmaq üçün müvafiq testlərdən keçirilən yüzlərlə tərcüməçidən çox az qismi siyahıya daxil edilir. Təəssüflə qeyd etmək istəyirəm ki, bu adamların arasında, tərcümənin ali təhsili üzrə dərs deyən müəllimlər də var. Bu gün Mərkəzin dövlət qurumlarında, onların beynəlxalq müstəvidə apardığı yazışmalar və saytlar üzrə apardığı yoxlamalar mövcud vəziyyətin, yumşaq desək, heç də ürəkaçan olmadığını bildirir. Azərbaycan dilində tərtib edilən və tərcümə olunan mətn və materiallarda külli miqdarda qrammatik, orfoqrafik xətalara rast gəlinir, dil və üslub qüsurları aşkar olunur. Mətnlər ümumiyyətlə, düzgün Azərbaycan dilində tərtib edilmir, ədəbi dil normalarının pozulması, ifadə və məzmun xətaları sənədin, mətnin anlaşılmasına əngəllər yaradır. Bu qüsurlar tərcümədə özün daha qabarıq biruzə verir. Mövcud mənzərənin kökləri, səbəbləri araşdırılarkən, bu problemin təhsil mərhələsindən qaynaqlandığı, dil və tərcümə ixtisası üzrə tədrisin müvafiq norma və tələblərə uyğun şəkildə qurulmadığı məsələsi ortaya çıxır. Tərcümə ixtisası üzrə ali məktəblərə daxil olan qabiliyyətli, səriştəli tələbələrin təhsilini yarımçıq kəsib, daha mükəmməl səviyyədə davam etdirmək üçün 1-2-ci kursdan xarici ölkələrə üz tutması və bir daha geriyə qayıtmaması halları artıq kütləvi xarakter alıb.
Bu, ölkənin dil və tərcümə sferasına ciddi zərbə vurmaqla yanaşı, bu sahənin dirçəldilməsinə əngəllər yaradan təhlükəli tendensiyadır ki, qarşısı təxirəsalınmaz surətdə alınmalıdır. Bu xoşagəlməz tərcüməçi axınının səbəblərini araşdırmaq məqsədi ilə Mərkəzin müvafiq ali təhsil ocaqlarında tərcüməçilik peşəsinin tədrisi məsələlərinə dair apardığı araşdırmalar zamanı bir sıra boşluqlar aşkarlanıb. Tərcüməçilik ixtisasını seçən bir çox tələbənin bu peşəyə tam laqeydliyi, təhsilini, yalnız ali savad diplomu almaq məqsədi ilə davam etdirməsi, tərcüməçilik peşəsinə dərindən yiyələnmək istəyən çalışqan tələbələrin isə, bu ixtisası, tərcümə praktikasına ayrılan hədsiz az dərs saatı ucbatından mükəmməl səviyyədə mənimsəyə bilməməsi məqamları aşkar olunub. Beynəlxalq təcrübəyə görə tərcüməçilik praktikası artıq təhsilin birinci kursundan başlayaraq, sonuncu kursunadək davam etdirilirsə də, tərcüməçi ixtisası üzrə diplom, yalnız magistr pilləsində verilir. Bizdə isə tərcüməçilik tədrisi, dil öyrədilməsi ilə əvəz edilir. Tərcüməçilik isə, bildiyimiz kimi, təkcə dil bilgisi deyil. Bu, spesefik sahələr üzrə müvafiq bilik, terminoloji baza, dil və ifadə bacarığı tələb edn çətin, məsul bir sahədir. Aşkar olunan digər bəlamız, bu sahədə çalışan professor-müəllim heyətinin aşağı səviyyədə olmasıdır ki, bu məsələyə də əncam çəkiməlidir. Müəllimlər testdn keçirilməli, xarici ölkələrə ixtisasartırma kurslarına göndərilməlidir. Düşünürəm, ölkədən tərcüməçi kadrı axınının ümdə səbəblərindən biri də, məhz budur.
Tərcümə tədrisində sinxron tərcümə ixtisası üzrə təhsil pilləsinin olmaması, tərcümənin bu ən aktual sahəsinin işləməməsi təhsilin bu sahəsində yaşanan acınacaqlı durumun növbəti mənzərəsidir. Bu gün beynəlxalq konfranslar, simpoziumlar, idman yarışları mərkəzinə çevrilmiş ölkəmizin müxtəlif dillər üzrə çevik, peşəkar sinxron tərcüməçilərə daha çox ehtiyacı var və düşünürəm ki, bu ixtisas üzrə müvafiq bazanın yaradılması da həlli təxirəsalınmaz məsələlərdəndir. Tədris olunan dillərin sayının artırılması məsələsi də gündəmdədir. Bu qəbildən İsveç dilinin əhəmiyyətini xüsusilə vurğulamaq istərdim. Digər məqam, tərcüməçi ixtisası üzrə ikinci dilin tədris olunması və ixtisas diplomunun verilməsi məsələsidir ki, bizim təhsildə, hələ də tətbiq olunmur. Tərcümə tədrisində aşkar olunan digər əsaslı boşluq, bilavasitə, dil sahəsi üzrə ixtisaslaşan tələbələrə Azərbaycan dili və ədəbiyyatı fənninin müvafiq keyfiyyətdə və həcmdə keçirilməməsidir. Hər hansı əcnəbi dil üzrə ixtisaslaşmış tərcüməçinin öz ana dilini mükəmməl səviyyədə bilməməsi, tərcümə prosesində bu dildən lazımi şəkildə istifadə etlməməsi, onun peşəkarlığına kölgə salır. Bu sahədə də ciddi islahatların aparılması, tərcüməçilik təhsilində Azərbaycan dili və ədəbiyyatı fənninin mükəmməl tədrisinin təşkili təmin edilməlidir. Tərcümənin mənimsənilməsi üzrə müvafiq dərsliklərin, fundamental ədəbiyyatların yoxluğu da, tərcümə tədrisində rast gəlinən əsas çatışmazlıqlar sırasındadır. Mərkəzin sorğusu əsasında Azərbaycan dilinə tərcümə olunması vacib bilinən dərsliklər və digər ədəbiyyatlar sırasında da, bu kitablara çox az rast gəlinir.
Bu toplantıda iştirak edən universitet rəhbərlərinə müraciət edir, tərcümə təhsili üzrə vacib bilinən dərsliklərin və digər ədəbiyyatların siyahısını Mərkəzə təqdim etmələrini xahiş edirəm. Və çox təəssüf edirəm ki, bütövlükdə ölkənin tərcümə və yazı imicini formalaşdıran tərcümə tədrisinin problemləri kimi vacib əhəmiyyətli bu müzakirədə Təhsil nazirliyindən heç kim iştirak etmir. Sözü Şura üzvlərinə verməzdən əvvəl deməliyəm ki, dil və tərcümə müstəvisində yaşanan mövcud ağır durum, ölkənin çiçəklənməkdə, abadlaşıb qurulmaqda olan ümumi mənzərəsinə yaraşmır. Sokratın məşhur bir kəlamını yada salıram: «Danış, səni görüm». Ölkənin «danışığı» onun beynəlxalq aləmlə ünsiyyət qurmaqda, müxtəlif səviyyəli əlaqələr, münasibətlər yaratmaqda birbaşa vasitəçi olan dili və tərcüməsidir. Bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatların aparılması, tərcümənin təhsil mərhələsindən başlayaraq yenidən, beynəlxalq standartlara uyğun şəkildə qurulması hamımızın, hər şeydən əvvəl müqəddəs vətəndaşlıq borcudur.
Səməd Seyidov tərcümə tədrisinin təkmilləşdirilməsinə mane olan səbəblərdən danışıb:
- Bugünkü mövzunu bu şəkildə qoyduğunuza, belə bir müzakirəni təşkil edib bizi dəvət etdiyinizə görə sizə öz minnətdarlığımı bildirirəm. Qaldırılan məsələlərin hamısı həyati əhəmiyyət kəsb edir. Tərcümə ixtisası hər bir ölkənin, müstəqil dövlətin ən vacib, öndə gedən sahələrindən biridir. Məhz dil vasitəsilə müstəqil ölkə özünü digər ölkələrə təqdim edir. Bu prosesi həyata keçirənlər isə tərcüməçilərdir.
Tərcümə peşəsinin səviyyəsinin Azərbaycan ali məktəblərində inkişafı öz-özlüyündə mümkün deyil. Çünki bu ixtisasın inkişafı bütövlükdə təhsil sisteminin daxilində aparılan islahatlarla birbaşa bağlıdır. Universitet içərisində tərcümə ixtisasının inkişaı, yalnız tədris prosesinin tam yeni əsaslarla təşkili ilə mümkün ola bilər. Doğru buyurdunuz ki, tərcümə ixtisası və tərcüməçilərin hazırlanması, ilk öncə praktika ilə bağlı məsələdir. Mövcud praktika özünü doğrultmur. Dünya təcrübəsinə görə, bakalavr pilləsində tərcüməçilik ixtisası yoxdur. Tərcüməçi kimi yetişmək üçün tələbə magistratura təhsili almalı, müəyyən sertifikat, yaxud lisenziya ilə təmin olunmalıdır. Bizdə isə əksinə, tərcüməçi vərdişləri bakalavriatda formalaşdırılır. Magistratura sistemində islahatların aparılması vacibdir. Çünki hazırda biz magistraturada peşəni dərinləşdirməklə yox, ümumiləşdirməklə məşğuluq. İxtisaslaşma anlayışı da dəyişməlidir. Bildiyiniz kimi, məktəbi yenicə bitirmiş şagirdin birbaşa öz peşəsini seçmək imkanı çox azdır. Birinci kursa qəbul olunan uşaqlar arasında sorğu keçirən zaman da, bu ixtisası öz istəyilə seçənlərin faizi çox aşağıdır. Mövcud təhsil sistemimizdə də ixtisas dəyişmə çox müşkül məsələyə çevrilib. Məsələn, Amerikada universitetə qəbul və ixtisaslaşma ayrı-ayrı proseslərdir. Tələbə ixtisas seçimini bəzən 3-cü kursda edir.
İkinci dilin tədrisi məsələsinə də toxunmaq istərdim. Dünyada ingilis dilli tərcüməçisi anlayışı yoxdur. AŞPA tərcüməçilik institutu dünyanın ən güclü tərcüməçilik institutlarından biridir.
Bu illər ərzində orada yalnız ingilis dili üzrə ixtisaslaşan tərcüməçi görməmişəm. İkinci dilin tədrisi məsələsi gündəmə gəlsə, dövlətin standartları, tələbləri də gündəmə gələcək. Tədris planı, kurikulumlarla bağlı da ciddi islahat aparılmalıdır. Magistratura pilləsi əksər ölkələrdə bir il olduğu halda, biz iki ilə tədris planını başa çatdıra bilmirik. Çünki bu iki ildə biz peşə öyrətmirik, sadəcə standartları yerinə yetiririk.Sinxron tərcüməyə gəldikdə, bu, tamamilə fərqli sahədir. Sinxron tərcümə üzrə avadanlıqlar da almaq, lazımi şərait də yaratmaq olar, ancaq sinxron tərcüməçi hazırlamaq üçün planlı iş aparılmalıdır. Peşəkar mütəxəssislər formalaşmalı, xüsusi psixoloji qabiliyyəti olan, dil vərdişlərinə sahib insanlar bu işə cəlb olunmalıdır. Tərcüməçilikdən fərqli olaraq, sinxron tərcümə, yəni konfrans tərcüməsi xüsusi investisiya tələb edən sahədir.
Bu sahədə kompleks şəkildə Təhsil Nazirliyi ilə birgə islahatlar aparılmalı, ortaq məxrəc tapılmalıdır. Bu sahədə ciddi islahatların aparılması mütləq vacibdir. Bu yaxınlarda Strasburq Universiteti ilə memorandum imzalamışıq. Strasburqdan gələn mütəxəssislər bizim magistraturanın tədrisl proqramına baxanda təəccübləndilər. Dedilər ki, siz tələbələri standartlara uyğunlaşdırırsınız, yoxsa tərcüməçi yetişdirmək istəyirsiniz? Bu sahədə əsaslı, köklü islahatlar aparılmalı, universitetlərə bu məsələdə qismən də olsa müstəqillik verilməlidir.
Tərcümə və tərcüməçilik ixtisasıyla bağlı ədəbiyyatların tərtibi, bu sahəyə dair beynəlxalq təhsil sistemində istifadə olunan fundamental əsərlərin, dərsliklərin düzgün seçimi, Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsi, tərcüməçilik peşəsinin tədrisi üzrə orijinal dərsliklərin hazırlanması məsələsi də vacibdir.
Vilayət Quliyev dünya təcrübəsindən faydalanmağın vacibliyini qeyd edib:
- İş elə gətirib ki, son 15 ildə mən daha çox məmur olmuşam. Azərbaycan dilinin dövlət idarələrində işlənməsinin indiki vəziyyəti məndə sadəcə təəssüf doğurur. Məsələn, səfirliklərin, Xarici İşlər Nazirliyinin fəaliyyətinə nəzər salaq. Nazirliyə işə qəbul olunanlar müxtəlif ali təhsil müəssisələrinin məzunlarıdır. Təhsil prosesində onların Azərbaycan dilini, mədəniyyətini, tarixini dərindən mənimsəməsinə diqqət yetirilmir. Azərbaycan dilində təmiz danışmaq və yazmaq vərdişləri də qənaətbəxş deyil.
Gənc əməkdaş səfirliyə gəlir, səfirliyin işi, müxtəlif informasiyaların tərtibi, nazirlik və dövlət idarələrinə göndərilməsindən ibarətdir. Baxırsan ki, sənədlər elə əcaib dildə yazılır ki, burada iki yol qalır: ya gözünü yumub imzalamalısan, ya da təzədən özün yazmalısan. Təəssüfedici mənzərədir ki, biz hələ də normal, işlək, praktiki dil formalaşdıra bilməmişik. Tarixi anologiya aparmaq istərdim. 1919-cu ildə Cumhuriyyətin birinci ildönümündə parlament qarşısında çıxış edən Xoyski və Mehmandarov öz dillərində təmiz danışa bilmədikləri üçün dəfələrlə parlamentarilərdən üzr istəyiblər. Mehmandarovdan bunu tələb etmək də olmazdı. On yaşında hərbi gimnaziyaya verilmişdi, ömrünün böyük bir hissəsini Rusiyada yaşamışdı. İndi, yenidən bu məsələyə qayıtmaq ürək ağrıdır.
Çıxış yolu budur ki, bu sahənin dirçəlddilməsi, vacib islahatlarn aparılması üçün Təhsil Nazirliyi, Dillər Universiteti və Tərcümə Mərkəzi sıx əməkdaşlıq etməli, ixtisasartırma, dil kursları, yazı qabiliyyəti aşılayan kurslar təşkil olunmalıdır. Gənc məmurlar bu kurslarda iştirak etməlidirlər ki, dövlət sənədlərini müvaıfiq səviyyədə hazırlaya bilsinlər.
Afaq xanım, uzun illərdir uzaqda olsam da tərcümə sahəsində necə çətin şəraitdə işlədiyinizi bilirəm. Şükürlər olsun ki, hökumət radikal addım atmaq qərarına gəlib. Bilirəm ki, bu gün Tərcümə Mərkəzi Azərbaycanda ideoloji fikrin mühim mərkəzlərindən biridir. Bir çox məsələ öz həllini məhz burada tapacaq. Bizim də borcumuz əlimizdən gələn dəstəyi əsirgəməməkdir.
Tərcüməçilik xüsusi istedad tələb edir. Fransız dilini son dərəcə gözəl bilən insan Hüqonu, ingilis dilini mükəmməl bilən insan isə Şekspiri tərcümə edə bilməz. Bunun üçün söz duyumu, bədii istedad olmalıdır. Beş ildir Macarıstandayam, həm nazirliyin toplantılarında, həm yazılı şəkildə məktublarımda bildirmişəm ki, macar dilində ən azı məmur tərcüməçilər hazırlanmalıdır. On ildən çoxdur səfirlik açmışıq, macar dilini bilən bir nəfər olsun yoxdur. Ramil Səfərovun ekstradisiyası zamanı macar mətbuatında nə qədər yazılar getdi, onları izləyə bilmirdik. Bəzən məxfi danışıqlar aparmaq lazım gələndə, bunu ukraynalı tərcüməçilər vasitəsilə həyata keçirirdik. Tərcümə sahəsində yaşanan bu problem çox vaxt dövlət maraqlarının yerinə yetirilməsinə də mane olur.
Hamlet İsaxanlı ixtisaslı müəllim kadrlarının çatışmazlığı məsələsinə toxunub:
- Tərcüməçilik tədrisinin bu günkü gündə ən böyük problemi - müəllim çatışmazlığıdır. Müəllimlərin böyük əksəriyyəti peşəkar tərcüməçilər deyil. Tərcüməçi ixtisasını bitiriblər, amma ciddi tərcüməylə məşğul olmayıblar. Ciddi tərcümə praktikaları, bu sahədə kitabları, məqalələri yoxdur. Parodoksal vəziyyət yaranıb: müəllim peşəkar tərcüməçi deyil, ancaq tərcümə ixtisası öyrədir. Fikrimcə, layihə əsaslı təhsil sistemi qurulmalıdır. Məsələn, müəllim gəlir, özüylə bir layihə gətirir. "Bu gün bu dərsi keçəciyik, amma dərslə yanaşı Heminqueyin 5 əsərini də çevirəcəyik" deyir. Bizdə bu sayaq, layihə əsaslı təhsil yoxdur, çünki bu təhsili doğruldacaq müəllim heyəti yoxdur. İkinci xarici dilin tədrisi və dərəcələrin verilməsi məsələsi də böyük problemdir.
Xəzər Universitetində biz bir Qərb, bir Şərq dili tədris edirdik. Bir qədər sonra Təhsil Nazirliyində məsələ dayandırıldı. Deyildi ki, tədris edə bilərsiniz, ancaq ikinci dil üzrə diplom verilməyəcək. Bu zaman tələbələr də həvəsdən düşdü. Azərbaycan dilinin düzgün işlədilməsi məsələsinə gəlincə, Tərcümə Mərkəzi bunun üçün xüsusi bir model formalaşdırmalı, dövlət qulluğuna qəbulda yazı üzrə yoxlamaların aparılmasını təşkil etməlidir. Digər dillərin tədrisi məsələsi barədə bunu deyə bilərəm ki, universitetimizdə altı Avropa, üç Yaxın, üç Uzaq Şərq dili tədris olunur. Şərq dilləri, xüsusən də Çin dilinin önəmi böyükdür.
Erasmus-Mundus və Mövlana proqramları vasitəsilə Avropa və Türkiyədən müəllimlər gəlir, burada 3 həftəlik təlimlər keçirlər. Məncə tələbələri xarici ölkələrə göndərməkdənsə, müəllimlərin bura dəvət olunması daha məqsədəuyğundur.
Vilayət Hacıyev:
- Burda qaldırılan bütün məsələlər, əlbəttə ki, həyatı əhəmiyyətlidir. Lakin biz, sanki labirintdəyik, inkişaf və islahat istəyirik, ancaq özümüz bu islahatların qarşısını alan qanunlar qəbul edirik. Tərcüməçi hazırlığına əngəllər törədirik. Tələbə bal sistemi ilə universitetə gəlir, sonradan məlum olur ki, o bu fakültəyə elə belə, ali məktəb diplomu üçün gəlib. Qanunlar isə deyir ki, tələbə ixtisasını dəyişə bilməz, hara qəbul olunubsa, orada da oxumalıdır. Lakin biz bilirik ki, beynəlxalq praktikada bu məsələ tamamilə ayrı cür həll olunur. Məsələn,Türkiyə Hacettepe Universitetində dillə bağlı fakültərələ ümumi qəbul olur, ixtisaslaşma isə, yalnız 1-ci kursdan sonra aparılır. İkinci dilə gəlincə, Təhsil Nazirliyi ikinci dil üzrə diplom verilməsinə icazə vermir. Bu səbəbdən də tələbələr, tədris olunan ikinci dilə soyuq yanaşır. İki sinxron tərcümə kabinəmiz var, ancaq mütəxəssis çatışmazlığı yaşayırıq. Bu sahədə istedadı olan tələbələri xaricə göndərmək, dünya praktikasından faydalanmaq lazımdır.
Cəfər Cəfərov:
- Bizim Universitetdə tərcümə ixtisası üzrə tədris üç dildə aparılır. Tələbələrin ingilis və rus dilini bilməsi məcburidir. Şuranın ötən dəfəki müzakirəsində bu məsələlərə qismən toxunmuşduq. O müzakirələrdə də dərsliklər üzərində xeyli dayandıq. Məncə, əsas güc dünya praktikasında istifadə olunan dərsliklərə verilməlidir. Tələbələrin xaricə göndərilməsi işin bir tərəfi, müəllimlərin dəvəti, nəşri vacib dərsliklərin tərcüməsi digər tərəfidir. Kitablar tərcümə olunmalıdır, sahələr üzrə dərsliklərin tərcüməsi həyati məsələyə çevrilib. İldə neçə kitab nəşr oluna bilər, bunu əhəmiyyət dərəcəsinə görə müəyyənləşdirmək lazımdır, ən fundamental əsərlər seçilməlidir. Sinxron tərcümə üzrə mütəxəssis hazırlanmasına dövlət vəsait ayırmalı, xaricdən mütəxəssislər dəvət olunmalıdır.
Paşa Əlioğlu ərəb və fars dili üzrə peşəkar kadr çatışmazlığından danışıb:
Bilirsiniz ki, Əlyazmal İnstitutunun arxivində ölkənin qədim tarixi, mədəniyyəti, coğrafi ərazilərinə dair qiymətli materiallar xəzinəsi yatır. Əlyazma üzərində iş aparmaq heç bir ali məktəbdə tədris olunmur. Və ərəb, fars dilini bilən hər adam orta əsr mətninin oxuya bilməz. Bu mütəxəssislər Əlyazmalar İnstitutunda illərlə işləyib, öz üzərlərində çalışıb, öyrənib nəyəsə nail olurlar. Bu çətinliyə çoxları dözmür və qaçırlar. İndi belə söhbət gedir ki, bu sahə üzrə magistratura pilləsi açılacaq və bu pillə akademiyaların tərkibində fəaliyyət göstərəcək. Lakin bu tədrisi həyata keçirə bilənlər məhz Əlyazmalar İnstitutunun təcrübəli mütəxəssisləridir. Odur ki, əlyazmalar üzrə mütəxəssis hazırlayacaq magistratura bu institutun tərkibində olmalıdır. Bu problem də nəzərə alınmalıdır.
Natiq Əliyev:
Bu günkü informasiya müharibəsi dövründə tərcümənin rolu, əlbəttə ki, danılmazdır. Tədris proqramları, dərslik və mütəxəssis problemləri, tərcüməçilərə lisenziya və ya sertifikatların verilməsi və sair həlli vacib işlərdir. Bu məsələdə qismən nizam yaratmaq üçün tərcüməçi hazırlayan universitetlər xarici ali təhsil ocaqları ilə birgə pilot layihələr həyata keçirə bilərlər.
Müsabiqə və ya imtahan vasitəsilə xüsusi istedadlar, tərcüməçi qrupları yaradıla bilər. Bu il magistratutada 72 yerə, müsabiqədə iştirak edən cəmi 26 nəfər sənəd verib. Tərcüməçilər üçün heç bir test yoxdur, bu imtahan müxtəlif mövzularda mətnlərin tərcüməsi üzrə keçirilir. Tərcümə ixtisasına qəbulun ümumi aparılması düzgün deyil. İngilis dili üzrə tərcüməçi ixtisası yerləri tutulur, digər dillərə sənəd verənlərin qəbul balı onlardan kəskin şəkildə fərqlənir. Mərkəz bu işdə təşəbbüs göstərə bilər.
İclasın sonunda Mərkəzin direktoru Afaq Məsud tərcümə sahəsində, həmçinin, bu sahənin tədrisi mərhələsində yaşanan mövcud vəziyyətin aradan qaldırılmasıyla bağlı Dövlət Proqramının hazırlandığı barədə məlumat verərək, Şura üzvlərindən və qonaqlardan, icasda səsləndirilən fikir və tövsiyyələrini, həmçinin, tərcüməçilik təhsilində kəskin çatışmazlığı bilinən dərslik və ədəbiyyatların siyahılarını yazılı şəkildə Mərkəzə təqdim etmələrini xahiş etdi.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...