Güclü ordu dövlətçiliyin qarantıdır
Azərbaycan Silahlı Qüvvələri ildən-ilə güclənir, möhkəmlənir, işğal altında olan torpaqlarımızı azad etmək üçün döyüş hazırlığını daim inkişaf etdirir. Həm də ölkə və ordu rəhbərliyi XXI əsrin müharibələrində aparıcı rolu texnologiya və biliyin oynadığını nəzərə alır. Azərbaycan son illərdə ən yeni döyüş və nəqliyyat vertolyotları, döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri, zirehli texnika, ən müasir artilleriya sistemlərini əldə edib. Ordumuzun Ali Baş Komandanı keçirilən son hərbi paradda qeyd edib ki, burada Azərbaycan ordusunun malik olduğu silahların kiçik bir hissəsi nümayiş etdirilir.
Prezident İlham Əliyev öz çıxışında generalitet və ordu qarşısında çox aydın məsələlər qoyur: "Azərbaycan müharibə şəraitində yaşayır. Müharibənin yalnız birinci mərhələsi başa çatıb. Azərbaycan ordusu istənilən vaxt işğal edilmiş torpaqları azad etməyə hazır olmalıdır".
Ali Baş Komandan əmindir ki, Azərbaycan ordusu onun qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır. İlham Əliyev ordunun döyüş ruhunu qaldırmaq üçün tez-tez hərbçilərlə şəxsən ünsiyyət saxlayır.
Prezident İlham Əliyev əminliyini ifadə edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. "Azərbaycan dövləti və xalqı öz torpaqlarında heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək".
Bununla belə, Dağlıq Qarabağ münaqişəsinin ən sürətli şəkildə həlli yeganə məqsəd deyil. Birincisi, ən yaxşı dünya şirkətlərinin köməyi ilə müasir maddi baza formalaşdırılır, xarici təchizatçılardan asılılıq azaldılır. İkincisi, yeni iş yerləri yaradılır və bu da milli iqtisadiyyatın inkişafına pozitiv təsir göstərir. Nəhayət, ölkənin hərbi-ixracat potensialı güclənir, Azərbaycan istehsal etdiyi silahları dünya bazarına çıxarır. Rəsmi Bakı hesab edir ki, bütün bunlar ölkəyə Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təminatında daha fəal rol oynamağa imkan verir.
İlk addımlar
Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. 1918-ci ildən etibarən Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək və bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı.
Belə bir şəraitdə ölkənin ərazi birliyini, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi.
1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının Istiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinetdə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi.
Bakının azad edilməsi
Görülən tədbirlərin nəticəsində iyun ayının 27-30-da başlanan döyüşlərdə bolşevik-daşnak qüvvələri darmadağın edildi və Qafqaz İslam Ordusu Bakıya tərəf hərəkətə başladı. Qafqaz İslam Ordusu 1918-ci ilin sentyabr ayının 15-də Bakı şəhərini tutdu və Azərbaycan Demokratik Respublikası hökumətinin paytaxta köçməsi üçün şərait yaratdı. Qafqaz İslam Ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizlədi, şəhəri Azərbaycan Demokratik Respublikasının rəsmi paytaxtına çevirdi, Azərbaycanı təhlükədən xilas etdi, bütün ölkəyə nəzarəti hökumətin sərəncamına verdi.
Bakının azad edilməsi uğrunda müxtəlif düşmən qüvvələrin birləşmiş qoşun hissələri ilə vuruşlarda min nəfər türk əsgər və zabiti, beş min yerli əhali həlak oldu. Bakıda hakimiyyət Azərbaycan Demokratik Respublikasına verilsə də Qarabağda daşnak erməni təhlükəsi davam etməkdə idi. Bu bölgədə xalq hakimiyyətinin mövqeyini möhkəmləndirmək üçün Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərildi.
Lakin ordu Türkiyənin Birinci Dünya müharibəsində məğlubiyyəti və Bakıya ingilis qoşunlarının daxil olması ilə əlaqədar 1918-ci ilin noyabr ayının 17-də Azərbaycanı tərk etməli oldu.
Ordu quruculuğu
Türk ordusu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət yarandı, xarici təzyiqlər artdı, hərbi müdaxilə təhlükəsi çoxaldı. Çıxış yolu ordu quruculuğu sahəsində təcili tədbirlər görməkdə idi.
Başlanan ordu quruculuğu və müdafiə tədbirləri böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət qazanmış general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədilə hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Hələ hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, həmin vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Xosrov bəy Sultanov icra edib. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil İ.Ziyadxanov olub. Nazirlər Kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi.
1918-ci ilin iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası pullu hərbi mükəlləfiyyət tətbiq etdi. 1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlılar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu quruculuğuna başlandı. O vaxt Orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi, yəni hərbi məhkəmə fəaliyyət göstərirdi.
15 yanvar 1919-cu ildə müvafiq idarə və şöbələri birləşdirən nazirliyin geniş səlahiyyətli baş qərargahı yaradıldı və general Süleyman bəy Sulkeviç onun rəisi təyin edildi. Qərargahın yanında xüsusi mətbəə, hərbi məhkəmə və hərbi prokuror nəzarəti, hərbi nazirin yanında hərbi şura təsis edildi. Gözlənilən təhlükələri nəzərə alaraq 1919-cu ilin iyun ayında Dövlət Müdafiə Komitəsi yaradıldı.
Cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat batalyonu və "yardım alayı" - Milis polku yaradıldı. Azərbaycan Demokratik Respublikasının Parlamentini mühafizə etmək məqsədi ilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi. Xəzər hərbi donanmanı yenidən qurdu, "Qars" və "Ərdahan" adlı gəmiləri, "Astrabad", "Araz" və "Nargin" adlı qayıqları, onun sərəncamına verdi.
Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməli, qeyrətini çəkməli idi.
Erməni daşnakları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə 1920-ci ilin mart ayının 22-də Əsgəran keçidini bağladılar və Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Bu təhlükəli vəziyyəti aradan qaldırmaq və daşnaklara dərs vermək üçün Azərbaycan Demokratik Respublikası hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi. Lakin Sovet Rusiyasının Azərbaycana müdaxiləsi bu uğurları və ordu quruculuğunu yarıda qoydu.
Yeni ordu quruculuğu
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsi daim ön plana çəkilib. Ümummilli lider hələ 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olub. O vaxt SSRİ-də bu tip yalnız iki - Naximov və Suvorov adına hərbi məktəblər olduğundan, üçüncüsünün Azərbaycanda yaradılmasının böyük əhəmiyyəti vardı. Bu gün yüksək rütbəli zabitlər, generallardan bir çoxu həmin təhsil ocağının məzunlarıdır. Bununla kifayətlənməyən Ulu Öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü.
Heydər Əliyevin ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini verib.
Ümummilli lider 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra da ordu quruculuğu siyasətini davam etdirib. Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçılardan təmizlənməsi Azərbaycan ordusunun keyfiyyətini və döyüş bacarığını yüksəltdi. O dövrdən başlayaraq Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsi, Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb.
Ulu Öndərimizin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşulub, 2008-ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanıb. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yeniliklərini mənimsəyirlər. 1997-ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçib və ordu birləşmələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verirlər. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən orduları ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub.
Hazırladı: NƏRİMAN
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...