Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi müdrikliyinizin, fədakarlıq və qəhrəmanlığınızın parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu günlərədək layiqincə yaşadılması sizin misilsiz xidmətinizdir.

Mədəniyyət salnaməmizə, ədəbi-ictimai və elmi fikir tariximizə öz istedadı və zəkasıyla yeni səhifələr yazmış maarifpərvər Azərbaycan xanımlarının yolunu siz bu gün də şərəflə davam etdirirsiniz. Nəsillərin varisliyini qoruyaraq ötən əsr boyunca sosial-mədəni fəaliyyətin genişləndirilməsi istiqamətindəki müvəffəqiyyətlərinizi müasir mərhələdə vətəndaş cəmiyyətinin təşəkkülü və əsaslarının möhkəmləndirilməsi prosesində yaxından iştirakınızla daha da zənginləşdirmisiniz. Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolunuz vardır.

Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız.

Bayramınız mübarək olsun!"

trend.az

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.