Heydər Əliyev Azərbaycan dili haqqında
10 may – Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin doğum günüdür
Ümummilli lider Heydər Əliyevin Azərbaycan yazıçılarının X Qurultayındakı çıxışı
Bir neçə kəlmə də dil haqqında danışmaq istəyirəm. Çünki burada dil haqqında söhbət getdi. Görürsünüzmü, bu gün mən sizə nə qədər təriflər deyirəm. Heç bir tənqid yoxdur. Həmişə də tərifləyirəm. Siz buna layiqsiniz.
Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünaslarımızın, dilçi alimlərin böyük xidməti var. Bu gün danışdığımız dil 20-ci ildə danışılan dil deyil. Elədir, yoxsa yox? (Yerdən səs: “Bəli, tamamilə doğrudur”.)
Bəli, əsrin əvvəlindəki dil deyil. Amma ondan qat-qat mükəmməl dildir. Bu, bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq, millət ola bilməz. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Şərq ölkəsinin əsarəti altında olduğumuz zaman da, sovet imperiyasının tərkibində olduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın, xüsusən, bizim söz ustalarının, ədəbiyyatçıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin ən böyük nailiyyətidir. Doğrudur, vaxt var idi ki, biz dilimizi bugünkü kimi işlədə bilmirdik. Onun da səbəbləri məlumdur.
Yadımdadır, ilk dəfə Yazıçılar İttifaqının qurultayında mən Azərbaycan dilində nitq söyləyəndən sonra tənəffüsə çıxdıq. Hamı gəlib məni təbrik edirdi. Ona görə ki, mən orada birinci növbədə Azərbaycan dilində danışdım. Dedim ki, əziz qardaşlar, axı burada elə bir şücaət yoxdur. Bu, bizim öz dilimizdir. Mən bunu anladım. Çünki dövlət adamları Azərbaycan dilində danışmamışdılar. Bu dil məişət dili olmuşdu və bir də ədəbiyyatın dili olmuşdu. Amma dövlət dili olmamışdı.
Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. Biz o illərdə çalışdıq ki, dilimiz inkişaf etsin. Bu sahədə çox çalışdıq. Baxmayaraq ki, elə bir dövlətdə yaşayırdıq ki, hakim dil rus dili idi. Ancaq biz dilimizi inkişaf etdirdik və siz, sizin əsərləriniz, ədəbiyyat olmasaydı, şübhəsiz ki, dilimiz bu cür inkişaf edə bilməzdi.
İndi bizim çox gözəl dilimiz var. Burada professor Hacıyev çıxış edərək türk yazarlarının qurultayından bir xatirəni yada saldı. Bilirsiniz, bu hadisə məni sevindirdi. Çünki biz dil haqqında müzakirə apararkən professor Hacıyev belə mövqedə idi ki, dilimizin adı başqa cür olmalıdır. Biz isə qəbul etdik ki, Azərbaycan dili olmalıdır. Amma onun sözləri məni ona görə sevindirdi ki, bizim Türkiyədən gələn alimimiz, dostumuz dilimizin qiymətini verə bilibdir. İş onda deyil ki, bunu mən danışıram, sən danışırsan, o biri danışır. İş ondadır ki, dilimizin qiymətini verə bilibdir. Həqiqətən, bizimlə dost, qardaş ölkədə – Türkiyədə də dilimizi – Azərbaycan dilini çox sevirlər. Azərbaycanda mövcud olan Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir.
İndi baxın, dövlətin bütün sahələrində sırf Azərbaycan dilində danışırıq və lazım olan bütün xüsusi terminləri də Azərbaycan dilində ifadə edirik. Azərbaycan dili respublikamızda artıq öz yerini tutubdur. Xarici ölkələrin nümayəndələri də bizim dili bilməyərək, sadəcə onu eşidərək, dəfələrlə mənə deyiblər ki, sizin nə qədər gözəl diliniz var! Doğrudan da, bu belədir. Bəlkə də, biz özümüz dilimizin gözəlliyini bir o qədər dərk edə bilmirik. Azərbaycan dili çox gözəl dildir!
Bilirsiniz, mən bunu dəfələrlə demişəm və bu gün də deyirəm: biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur. O ki qaldı reklamlara və şəhərdə başqa dillərdə olan yazılara, yaxud da respublikamızda hansısa kolleclərdə ingilis dilində dərs keçirilir – bunların hamısına baxmaq lazımdır. Ancaq bu məsələdən bir o qədər də narahat olmaq lazım deyil. Siz ingilis dilində dərs keçilən kolleclərin sayını götürsəniz və bizim Azərbaycan dilində dərs keçilən məktəblərin sayı ilə müqayisə etsəniz görərsiniz ki, bu kolleclər azlıq təşkil edir. Amma mən bu barədə mübahisə etmək istəmirəm. Bir halda ki burada belə bir fikir söylənilibdir, buna diqqət yetirmək lazımdır. Reklam və məktəb məsələlərinə diqqət yetirmək lazımdır.
Ancaq biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır. Və bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Mütləq öyrənməlidirlər. Biz artıq dünyaya qovuşmuşuqsa, Dünya Birliyinə daxil olmuşuqsa, gərək insanlarımız bir neçə dil bilsinlər – ingilis dilini də bilsinlər, rus dilini də bilsinlər, fransız dilini də bilsinlər. Bunu yasaq etmək olmaz, bunun qarşısını almaq lazım deyil. Amma birinci öz ana dilini bilməlidirlər. Bəli, Azərbaycanda indi də insanlar var ki, əsasən rus dilində danışırlar, Azərbaycan dilində danışmırlar. Bizim dövlət orqanlarında da belələri var. Mən dəfələrlə xəbərdarlıq etmişəm ki, Azərbaycan dilini öyrənin, öyrənməsəniz işdən çıxaracağam.
Professor Hacıyev mənə deyir ki, siz Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin işçilərini məcbur edin, onlar Azərbaycan dilini öyrənsinlər. Amma sizə deyim ki, onlar artıq öyrənirlər. Xarici ölkələrin respublikamızda olan səfirləri artıq Azərbaycan dilini öyrənirlər. Onlar mənimlə görüşəndə çalışırlar Azərbaycan dilində danışsınlar. Mən də bunlara çox sevinirəm. Hətta Rusiyanın səfiri cənab Bloxin də burada oturubdur – o, Azərbaycan dilini öyrənir, özü də çox yaxşı öyrənir.
Budur bizim müstəqilliyimizin nəticəsi. Vaxtilə buraya, mərkəzdən Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsinə rus millətindən olan adamlar gəlirdi. Mən onlara Azərbaycan dilini öyrədə bilmirdim. Onlara neçə dəfə deyirdim ki, Azərbaycan dilini öyrənin, ancaq öyrənmək istəmirdilər. Amma bu gün Rusiyanın səfiri öyrənir, Amerikanın səfiri öyrənir. Bunların hamısı böyük hadisədir, nailiyyətdir.
O ki qaldı şirkətlərdə hansı dildə danışmaq məsələsinə – bəli, onlar öz işlərini aparmaq üçün o dilləri bilən adamları işə qəbul edirlər. Amma deyə bilmərəm ki, sən öz işini niyə ingilis dilində aparırsan, Azərbaycan dilində apar. O öz şirkəti ilə yazışma aparır, başqa sənədlər var və s. Bunu öz dilində aparmalıdır. Eyni zamanda sizə deyə bilərəm ki, o şirkətlərin nümayəndələri mənə yazdıqları məktubları iki dildə – həm öz dillərində, həm də Azərbaycan dilində yazırlar. Yəni onların çox yaxşı tərcüməçiləri var. Mən hərdən fikir verirəm – çox dəqiq tərcümə edirlər. Onlar məktubu mənə iki dildə göndərirlər və bəzən də özləri mənə təklif edirlər ki, dərhal bunu oxuya bilim.
Beləliklə, görürsünüz, dil məsələsi ilə əlaqədar nə qədər məsələlər meydana çıxır. Ancaq yenə də ən əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün də Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun!
Prezident sarayı, 30 dekabr 1997-ci il
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...