8 Mart - Beynəlxalq Qadınlar Günü
Məlum olduğu kimi, dünya qadın hərəkatının tarixi 1857-ci ildən – Nyu-York qadınlarının 12 saatlıq iş gününə etirazı ilə başlayıb.
1910-cu ildə isə alman siyasətçisi, qadın hüquqları müdafiəçisi Klara Setkin qadın sosialistlərin Kopenhagendə keçirilən II konfransında qadınların öz tələblərini irəli sürməsi üçün müəyyən bir günün təyin olunması çağırışıyla çıxış edərək, 8 mart tarixinin dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub.
Bəs bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da təntənə ilə qeyd edilən 8 Mart Beynəlxalq Qadınlar Gününün təşəbbüskarı Klara Setkin kimdir?
Qeyd edək ki, inqilabçı qadının şəxsiyyəti, ictimai-siyasi mövqeyi tarixçilər və bioqraflar tərəfindən heç də birmənalı qarşılanmayıb, bu mövzu tarix boyu müxtəlif fərziyyələr və mübahisələr doğurub.
Klara 1857-ci ildə Saksoniyada, çoxuşaqlı ailədə doğulub. Artıq beş yaşında qızcığazın kumiri – orta əsrlər inkvizisiyasının qurbanı olmuş çex ilahiyyatçısı, mütəfəkkir-ideoloq Yan Qus idi. Doqquz yaşında isə o, Şekspirin və Homerin əsərlərini əzbərdən deyirdi...
Klarada bu fitri istedadı duymuş Leypsiq Pedaqoji Gimnaziyasının sahibəsi Avqusta Şmidt onun ödənişsiz təhsil almasına imkan yaradır. O dövrdə belə bir imtiyaz nadir uşaqlara verilirdi. Sahibə əmin idi ki, Klara pedaqogika sahəsinin nadir nümayəndələrindən olacaq.
Amma Tanrı bu qıza başqa tale yazmışdı...
Sosial-demokratların məxfi iclaslarından birində gələcək həyat yoldaşı – rus mühacir Osip Setkinlə tanışlıq Klaranın təsəvvürlərini, dünyaya baxışını tamamilə dəyişir. Dünyaya iki övlad gətirən Klara inqilab nəzəriyyələrinə yiyələnərək siyasi olimpin görkəmli fiqurlarından birinə çevrilir. 1989-cu ildə təşkil olunan beynəlxalq konqresdəki məşhur çıxışında o, qadın hüquqlarının qorunmasını mühüm bir məsələ kimi ortaya çıxarır. Klara redaktoru olduğu “Hlyayhayt” jurnalında fəhlə qadınların hüquqlarının müdafiəsinə qalxır, tez-tez fabrik və zavodlara, yoxsul insanlara baş çəkir, insan, qadın hüquq və azadlıqları mövzusunda minlərlə məqalə qələmə alır, mitinqlər və yürüşlər təşkil edir.
1915-ci ildə Klara saxta bir ittihamla – Vətənə xəyanət ittihamıyla həbs edilir, lakin xalqın təzyiqi ilə azadlığa buraxılırsa da, nə həbsxana həyatı, nə təzyiq və təqiblər onu amalından, məqsədindən döndərə bilmir.
1932-ci ildə Almaniyada hakimiyyətə gələn Hitler rejimi bütün solçu partiyaların fəaliyyətinə qadağa qoyduğundan Klara SSRİ-yə mühacirət etməyi qərara alır və yorulmaz siyasi-ictimai fəaliyyətini orada davam etdirir.
Həyatının son dövrünü SSRİ-də yaşayan və artıq gözləri tamamilə tutulan inqilabçı qadın 1933-cü ildə Moskvada vəfat edir, adı isə 8 Mart Beynəlxalq Qadınlar Gününün təşəbbüskarı və dünyanın ilk feminist qadınlarından biri kimi tarixə əbədi həkk olunur.
Klara Setkin məhrumiyyətlər dolu, ağır, əzablı bir həyat yaşadı, 8 Mart isə 100 ildən çoxdur ki, dünyanın bayram əhval-ruhiyyəli günü kimi qeyd edilir, bütün dünya qadınları bu günü gül-çiçək və sevinclə qarşılayır.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...