Qriboyedov ermənilərin Qarabağa yerləşdirilməsi haqqında
Bu il polyak əsilli tanınmış rus dramaturqu, yazıçısı və diplomatı Aleksandr Sergeyeviç Qriboyedovun (1795–1829) faciəvi ölümündən 190 il keçir. Qriboyedov 1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilib və burada iki il işləyib. 1821-ci ildə İrandan qayıtdıqdan sonra Qafqaz qoşunlarının komandanı general A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilib.
1826-cı ildə çar hakimiyyəti tərəfindən dekabristlərin işi üzrə həbs edilən Qriboyedov günahı sübuta yetirilmədiyindən azadlığa buraxılıb və yenidən Qafqaza qayıdaraq diplomat vəzifəsində çalışıb. 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında fəal iştirak edib. Bundan sonra İranda Rusiyanın rəsmi səfiri təyin edilən Qriboyedov elə həmin il Tehranda səfirlik binasında qətlə yetirilib və meyiti Tiflisə aparılıb.
Məlum olduğu kimi, o, İran ermənilərinin Qarabağa yerləşdirilməsi prosesinin əsas iştirakçılarından olub. Daim tarixi saxtalaşdırmağa cəhd göstərən ermənilərin nankorluğu bu rus diplomatına münasibətdə də bir daha sübut olundu. Belə ki, bu günlərdə Rusiyada faşist Nijdenin barelyefinin götürülməsinə etiraz əlaməti olaraq Qriboyedovun İrəvandakı heykəli təhqir edilib.
Aleksandr Qriboyedovun ermənilərin Azərbaycan torpaqlarına köçürülmə prosesi barədə general-feldmarşal qraf Paskeviçə yazdığı məktubunu təqdim edirik.
Sizə ermənilərin Azərbaycana köçürülməsi zamanı tətbiq edilən üsullar və onların indi bu vilayətlərdə yerləşdirilməsi barədə mənim vasitəmlə daha mötəbər məlumat verilməlidir.
Həmin məsələ ilə əlaqədar məndə olan dəqiq məlumata görə, polkovnik Lazarev özünü bu mühacirliyin əsas təşviqedicisi sayıb və bizə məlum olduğu kimi, öz fikrini kifayət qədər açıq, lakin əsassız detallarla izah edib. Çünki bununla bağlı ermənilərin heç bir anlayışı yox idi – onlar yalnız Rusiyaya etibar etməklə və onun qanunları ilə idarə olunmaq arzusu ilə hərəkət edirdilər.
Traktat onlara bunun üçün tam hüquq verirdi. Köçürülmə zamanı knyaz Arqutinski, Qamazov daha fəal idilər, tabeliklərindəki digər zabitlər isə artıq onların diktəsi altında hərəkət edirdilər. Polkovnik Lazarev yalnız olduqca yersiz bəyannamələr uydurmaq, nizami erməni könüllü qoşunlarını formalaşdırmaq, Qarabağı və digər vilayətləri öz tabeliyinə daxil etmək barədə düşünürdü. Amma oralarda çoxdan yaradılmış təsisatlara xüsusi səlahiyyət verilə bilməzdi. Knyaz Arqutinski bir neçə dəfə yaramaz rəftarı, lovğalığı, faydasızlığı barədə ona irad bildirib. Polkovnik Lazarev bütün digər işləri də bu cür həyata keçirib və onlar barədə geniş danışmağa dəyməz. Yalnız bunu əlavə etmək lazımdır ki, o, düşüncəsiz adam olsa da, dövlət vəsaitini xəlvəti mənimsəmək və qəsdən zərər vurmaq niyyəti yoxdur.
Belə ki, Urmiyadan gələn ermənilərə pul müavinətləri paylananda bir çox problemlər ortaya çıxsa da, vəsaitdən sui-istifadə halları olmamışdı. Düzdür, yoxsullara az, varlılara çox pul verilmişdi. Bu da ona görə baş vermişdi ki, qoşunlarımız həmin əyaləti tələsik tərk etmişdilər. Bu səbəbdən də düzgün paylanmayan pul gəlmələrə az kömək etdi. Bu, yeri gəlmişkən, həmin vəsaitlə bağlı mənə məlum olan yeganə faktdır.
- Ermənilərin çox hissəsi Qarabağdakı müsəlman mülkədarların torpaqlarında məskunlaşdırılıb. Əslində, bu proses yayda həyata keçirilməliydi. Torpaq sahibləri olan müsəlmanların çox hissəsi köç düşərgələrində başqa dindən olan yad gəlmələrlə az əlaqə saxlayıb.
- Odun tədarük edilməyib və ermənilərin rahat və etibarlı yerləşdirilməsi üçün münasib yerlər ayrılmayıb. Bütün bunlar vaxtında olmalıydı. Bu nöqsanı aradan qaldırmaq artıq gecdir. Köçürülənlərin yeri darısqal olduğundan onlar müsəlmanları sıxışdırırlar və onlar da haqlı narazılıq edirlər.
- Dövlətin maliyyə yardımları tamamilə səriştəsiz şəkildə həyata keçirilib. Ehtiyacı olanların sayı və kimə nə qədər vəsait lazım olması barədə düzgün məlumat olmadan, dilənçilər kimi, hərəyə bir-iki rubl paylanıb. Birdəfəlik verilən 25 rubl müxtəlif vaxtlarda hissə-hissə verilən məbləğdən on dəfə əhəmiyyətlidir. Heç bir səmərəli tədbir, məsələn, əhalinin tədarükü, habelə gələn ilin əkini üçün buğda alınması və digər bu kimi tədbirlər görülməyib.
Sizə komitənin səmərəsiz hərəkətlərini bildirməklə yanaşı, ədalət naminə qeyd etməliyəm ki, əgər orada qabiliyyətli adamlar otursaydılar belə, onlar da böyük çətinliklərlə üzləşərdilər. Vilayət idarəsində hətta Arazın o tayındakı torpaqların və kəndlərin təxmini siyahısı belə yoxdur. Arazın bu tayındakı mahallardakı sakinlərin də sayı məlum deyil. Evlərdən isə danışmağa dəyməz – nəyin kimə məxsus olduğunu heç kəs bilmir. Odur ki komitə istifadə etməli olduğu lazımi məlumatları heç yerdən ala bilməyib. Buranın vilayət rəisi deyir ki, o, yeni gəlmiş ermənilərin əksəriyyətini sonradan Arazın o tayına köçürmək istəyir, lakin ermənilər Sizdən onlara əvvəl yerləşdirildikləri yerlərdə qalmağa icazə verməsini xahiş edib. Sizin razılığınızı alıblar. Bununla belə, vilayət rəisi podpolkovnik, knyaz Arqutinski həmin tədbirin görülməsinin mümkünlüyünə hələ də ümidini itirmir. Həmin məmur özünün idarəetmə bacarığına və sədaqətinə görə rəhbərliyin tam etimadına layiqdir.
Yeni köçürülənlərə yardım üçün 30 min rubl gümüş və 2 min qızıl əşrəfi təyin edilib və bundan ciddi şəkildə istifadə olunacaq. Əgər Siz ən yaxın vaxtlarda həmin məsələ ilə əlaqədar vəsaiti ikiqat artırmaq barədə qərar versə, gəlmələrin rifahı büsbütün sabitləşər. Yardım tələb edənlərin sayını öz-özlüyümüzdə təsəvvür edək. Sonradan onların hamısı xəzinəyə vergi ödəyəcək. Bilmirəm, Sizə həmin məsələ məhz bu nöqteyi-nəzərdənmi təqdim edilib və siz onu bəyənəcəksinizmi?
Yardımın xəzinədən heç bir xərc tələb etməyən daha mühüm bir mənbəyi sərdar mal-qarası ola bilər ki, hazırda onların sayı 30 min başa yaxındır. Bu mal-qara sərdar tərəfindən vaxtilə sakinlərə vergi öhdəliyi kimi, saxlamaq üçün paylanıb. Sərdar da öz növbəsində sahibkar kimi onlardan yağ, yun və başqa şeylər alır. Həmin mal-qaranın mövcudluğu barədə çoxlarından eşitmişəm, vilayət idarə heyətinin üzvləri Petrikovdan və Mendoksdan eşitdiklərim isə qənaətimi qətiləşdirib. Həmin sərdar təsərrüfatının işini davam etdirmək xəzinə üçün səmərəli deyil və bizim inzibati üsul-idarəmizə uyğun gəlmir. Bununla belə, həmin mal-qaranın gəlmələrə paylanması onların təsərrüfatını hissolunacaq dərəcədə genişləndirər və yaxşılaşdırar.
Vilayət rəisinin tərcüməçisi Mirzə Tatus buralarda məşhur fırıldaqçı kimi tanınır, lakin ona bu işlə əlaqədar heç bir tapşırıq verilməyib. Onun qardaşı olan Sürməli mahalının rəisini də burada hamı yaramaz bir şəxs kimi tanıyır. İndi onun barəsində sözgəlişi xatırladıram, çünki köçürülmə prosesi zamanı o da heç nəyə qarışmayıb.
Hal-hazırda köçkünlərin yerləşdirilməsinə rəhbərlik edənlərin, xüsusilə knyaz Arqutinskinin səylərindən çox şey gözləmək olar. Yəqin ki, o öz sələfi mayor Vladimirovun səhvlərini təkrarlamayacaq.
Eyni zamanda onunla etdiklərimizə müsəlmanları necə inandıra biləcəyimiz barədə çox düşünürük. Onları mövcud çətinliklərlə barışdırıb necə inandıraq ki, bu, uzun müddət davam etməyəcək, ermənilərin ilk dəfə məskunlaşdırıldıqları torpaqları həmişəlik zəbt edəcəkləri barədə müsəlmanların narahatlığını necə aradan qaldıraq? Bu barədə polismeysterə, idarə heyəti üzvlərinə və burada mənim yanımda olmuş xanlara da demişəm.
Əgər Siz bura bir neçə məmur göndərilməsini Tiflis dövlət ekspedisiyasına tapşırsa, böyük xeyirxahlıq etmiş olar. Burada iş görməli olan bir nəfər də – hətta mirzə, tərcüməçi belə yoxdur. Belə düşünürəm ki, bunun üçün Tiflisdəki erməni məktəbindən bir neçə müəllim gətirmək olar.
Yenə də köçürülənlər məsələsinə qayıdaraq hesab edirəm ki, onlar bizim Gürcüstan ermənilərindən – xəzinəyə heç bir fayda verməyən alverçilərdən xeyli faydalıdırlar. Belə ki, İrandan bura köçürülənlərin böyük əksəriyyəti usta və əkinçilərdən ibarətdir.
1828-ci il
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...