9 noyabr – Dövlət Bayrağı Günüdür
Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında əksini tapır. Bu mənada Azərbaycan Respublikasının bayrağı, gerbi və himni dövlətimizin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunub. 1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra həmin bayraqdan imtina edilib.
Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti “Dövlət bayrağı haqqında” qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət bayrağı statusunu verib. 1991-ci il oktyabrın 18-də müvafiq konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul edib.
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.
Rənglərin rəmzi mənasına gəldikdə isə mavi rəng – Azərbaycan xalqının türk mənşəli olduğunu, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir.
2007-ci il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalanıb. Prezidentin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
Dövlət Bayrağı Meydanının açılışı və Dövlət bayrağının təntənəli qaldırılması 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilib. Mərasimdə ölkə ictimaiyyətinin nümayəndələri və xarici ölkə səfirləri iştirak ediblər.
Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları nümayişlənir. Burada həmçinin XVII–XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiya broşürləri, poçt markaları, pul nişanlarının nümunələri, orden və medallar var.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...