Akademik İsa Həbibbəyli: "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginləşməsində Afaq Məsudun xüsusi rolu var"
İyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda yazıçı, dramaturq, Əməkdar İncəsənət Xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının həqiqi üzvü, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun 60 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yubiley münasibətilə Afaq Məsudu təbrik edib, onun şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüb. Afaq Məsud yaradıcılığının hər zaman oxucuların maraq dairəsində qaldığı, onun qeyri-adiliyi, müasirliyi əsərlərində əks etdirən bir yazıçı kimi tanındığı vurğulanıb. Eyni zamanda, yaradıcılığı ilə bu günümüzü dərindən əks etdirən Afaq Məsudun gənc nəsil tərəfindən klassik kimi qəbul olunduğu bildirilib.
İ.Həbibbəyli vurğulayıb ki, Afaq Məsudun müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginləşməsində xüsusi rolu var. Yazıçının nəsrindəki lirizm, əsərlərindəki özünəməxsusluq onun ədəbiyyatdakı obrazını müəyyənləşdirir. O, Afaq Məsudun tərcüməçilik fəaliyyətindən, eləcə də Azərbaycan ədəbiyyatı və elminin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, Afaq Məsud milli modernist ədəbiyyatın ən parlaq simalarından biridir.
Tədbirdə, həmçinin akademik Nizami Cəfərovun “Afaq Məsud dünyası” monoqrafiyası təqdim edilib. Kitab üç hissədən ibarətdir: “Afaq Məsudun hekayə dünyası”, “Afaq Məsudun roman dünyası” və “Afaq Məsudun dramaturgiya dünyası”. Afaq Məsudun müasir bədii düşüncədə fərdiliyi, bu özəlliyin meydana gətirdiyi bədii məziyyətlər monoqrafiyada ustalıqla araşdırılır.
İ.Həbibbəyli universal akademik təfəkkürə malik olan N.Cəfərovun monoqrafiyasında qələmini ədəbiyyatın müxtəlif janrlarında sınayan yazıçının həyat və yaradıcılığının önəmli səhifələrinin əks olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Afaq Məsudun milli modernizm ədəbiyyatının gəlişməsində rolu”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı “Afaq Məsud yaradıcılığının tənqidi dərkində Nizami Cəfərovun monoqrafiyasının yeri”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “Afaq Məsud hekayəsi və ədəbi tənqid “mövzularında məruzələrlə çıxış edib, əsərin məziyyətlərindən danışıblar.
Tədbirdə akademik İ.Həbibbəyli dünya miqyasında özünü təsdiq etmiş yazıçıya Nizami adına Ədəbiyyat İnstitutunun son nəşrlərini hədiyyə edib.
Qalereya
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...