Bu günümüzə örnək olan qəhrəmanlıq tariximiz
"Vətən hardan başlayır” sualı həmişə aktualdır. Aktualdırsa, deməli, bu suala çoxlu da cavablar verilir, onun ətrafında müzakirələr aparılır. Ən sadə və hamının qəbul etdiyi həqiqət bundan ibarətdir ki, Vətən başlanğıcını sənin evindən götürür. Bu evi qorumaq üçün bəzən müharibələrə qoşulmalı olursan. İstəməsən belə…
Bu günlərdə anadan olmasnın 94-cü il lliyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, Vətən müharibəsi bütün xalqın, ayrı-ayrılıqda hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir. Qarşıdakı düşməndir, səninlə eyni cəbhədə vuruşan dost. Sən ön cəbhəyə getməyə məhkum olan əsgərsən, arxa cəbhədəkilər də əsgər ailəsinin üzvləridir. Mən “imperealist maraqları bölüşmürəm” deyib yaxanı kənara çəkə bilməzsən, çünki imperiyalar həm də sənin, ailənin yaşadığı evin, gəzdiyin torpağın üstündə mübarizə aparırlar. Vəssalam.
Statistika təkcə rəqəmlər deyil
Bu il Azərbaycan da postsovet ölkəsi olaraq İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 71-ci il dönümünü qarşılayır. Bu müharibə haqqında çox şey danışmaq olar. Lazımdır da. Həm də ona görə ki, onun veteranları arasından bu günümüzədək gəlib çatan adamların sayı günü-gündən azalmaqdadır. Təsəvvür edin ki, 1941-ci ilin iyununda – Vətən müharibəsi başlayanda cəbhəyə yollanan adam bu gün yaşayırsa, riyazi məntiqlə onun yaşı 90-nı keçmiş olmalıdır. Yəni, ildən-ilə bizim o müharibəni öz gözləriylə görmüş adamların canlı söhbətlərini eşitmək ehtimallarımız sıfıra yaxınlaşır. Kədərli də olsa, reallıqdır...
İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşət li dövr idi. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları sadalamaq uzun zaman istəyir. İmkanlarımız daxilində həmin tarixə qısa ekskurs edək: Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun, 1941-ci il də başladı. Alman komandanlığı Bakı nefti nə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveys planının) həyata keçirilməsi faşistlərin “A” qru pu or du su na hə va lə edil miş di. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri, Azərbaycan əlahiddə rayonu idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb olundu. İkinci Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu sovet vətəndaşları, onların da 300 min nəfərindən çoxu azərbaycanlılar idi.
Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdi. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev xatırladırdı:
“Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.
İkinci Dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Azərbaycan təmin edirdi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”. Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Mahaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər.
İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən siyasi xadim Nikolay Baybakov deyirdi: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməyib. 40-cı il lərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”.
Vətən müharibəsi, yoxsa?..
Böyük Vətən müharibəsi barədə müzakirələr Azərbaycanın müstəqilliyə qovuşması ərəfəsində yenidən aktuallaşdı. Bu dəfə məsələyə, hətta müharibənin adına belə aqressiv yanaşanlar oldu. Arqument də bu idi ki, müharibə, vaxtilə Azərbaycanı işğal etmiş Sovet İttifaqı ilə faşist Almaniyası arasında gedib. Başqa sözlə desək, azərbaycanlılar özlərini yox, “böyük qardaşın” onlara “zorla sevdirmək istədikləri sovet vətənini” qoruyublar. Hətta belə bayağı söhbətlərdə oldu ki, guya faşist Almaniyası müharibəni qazansa, Azərbaycan daha çox ağ gün görəcək, daha sürət lə inkişaf edəcəkdi. Bu qaragüruh fonunda 1990-cı ilin Qanlı Yanvar faciəsini də xatırladanlar vardı. Müqayisə, əlbəttə, qüsurlu – müqayisə müstəviləri və tarixi şərait fərqli idi. Müstəqillik eyforiyası altında yaranmaqda olan bu münasibət nəticəsində Azərbaycannın keçdiyi bütün bir tarixi mərhələ kəsilib kənara atılırdı, Böyük Vətən müharibəsində verilən qurbanların ruhuna, müharibə iştirakçılarının göstərdikləri şücaətə, arxa cəbhədəkilərin fədakarlığına hörmətsizlik edilirdi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan, Azərbaycanda ictimai-siyasi vəziyyət dəyişəndən sonra Böyük Vətən müharibəsinin veteranlarına və ümumiyyətlə, İkinci Dünya müharibəsinin qəhrəmanlarına nümayiş etdirilən etinasızlıq və bəzən də hörmətsizlik halları aradan qaldırıldı. Heydər Əliyev tərəfindən 1995-ci il də imzalanan sərəncamla 9 may günü ölkəmizdə bayramlar sırasına daxil edildi.
Qəhrəmanlar unudulmur
28 iyun 1994-cü il ta rix də “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Heydər Əliyev tərəfindən imzalandı. Bu qanunla müharibə, əmək, silahlı qüvvələr, daxili işlər və milli təhlükəsizlik orqanları veteranlarının statusu müəyyənləşdirildi. Qanunun qüvvəyə minməsi ilə bağlı Ulu öndər Heydər Əliyev demişdi: “...Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbərin sanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.
Müharibə veteranları Prezident təqaüdünə layiq görülüblər. Ölkə başçısı İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısı kimi hər il 1941-1945-ci il lər Böyük Vətən müharibəsi əlilləri, iştirakçıları, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakarlıq göstərən şəxslərin vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalayır. Ötən il 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi Azərbaycanda təntənə ilə qeyd olundu.
Bu gün həyatda olan azsaylı Böyük Vətən müharibəsi veteranları dövlətin böyük qayğısı ilə əhatə olunublar. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müntəzəm olaraq tibbi reabilitasiya vasitələri və minik avtomobilləri ilə təmin edilir, sanator-kurort müalicələrə cəlb olunurlar.
Ölkəmizdə hər il İkinci Dünya müharibəsində həlak olmuş insanların xatirəsi ehtiramla yad edilir. Onların qəhrəmanlığı heç vaxt unudulmur. Bu gün Azərbaycan növbəti dəfə müharibə təhlükəsi ilə üz-üzədir. Ermənistan torpaqlarımızın 20 faizini işğal edib, üstəlik, düşmən tərəf hər gün atəşkəsi pozmaqda davam edir. Belə bir şəraitdə Böyük Vətən müharibəsi iştirakçılarının fədakarlıq tarixçələrini şərəflə vərəqləmək zərurəti daha da artır. Çünki onlar bütün bəşəriyyətə qəhrəmanlıq nümunəsi göstəriblər.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...