140 yaşlı Azərbaycan mətbuatı - "Əkinçi"dən başlayan çətin və şərəfli yol
"Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm"
Heydər ƏLİYEV, Ümummilli lider
İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 140 yaşı tamam olur. Bu, əslində, tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev mətbuatımızın 140 illik yubileyinin ümummilli səviyyədə qeyd olunması ilə bağlı xüsusi sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb:
"Bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şərait yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran mühüm vəzifələrdir". Prezident İlham Əliyevin imzaladığı bu sərəncamın özü Azərbaycanda mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirilməlidir.
Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən, maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.
1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin əxbarı" adlı azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdu. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər, sözün əsl mənasında, hələ qəzet adlandırıla bilməzdi.
Milli mətbuatımızın bünövrəsi 1875-ci il, iyulun 22-də "Əkinçi" qəzetinin ilk sayının nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli ədibləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər.
1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərildiyinə baxmayaraq, ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan çıxmayıb. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olub. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlayıb. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdu. Rusdilli qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də, buna nail ola bilməyiblər.
1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olub.
Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə çapını dayandırıb. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxarıb.
XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olub. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olub. Qəzetdə dünyəvi elmlər, Ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi.
Artıq "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı.
Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il, aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. "Molla Nəsdəddin" jurnalı 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib, 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Mütərəqqi ideyalar carçısı olan "Molla Nəsrəddin" müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Bütün təqib və təzyiqlərə baxmayaraq, "Molla Nəsrəddin"in haqq səsi çox keçmədən Qafqazın hüdudlarını aşıb Rusiyada, türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi. Jurnalın Mərkəzi Asiyada, Krımda, İrəvan, Kazan, Ufa, Həştərxan, Orenburq, Təbriz, Tehran, Ərzurum, İstanbul, Qahirə, Bombey, Kəlküttə və sair şəhərlərdə çoxlu oxucusu var idi.
Bu dövr Azərbaycanda uşaq və valideynlər üçün "Dəbistan", "Rəhbər", "Məktəb" kimi jurnalların buraxılması ilə də əlamətdar idi. Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olub. Əsrin əvvəllərində Azərbaycanda çıxan dövri mətbuat orqanları, sözsüz ki, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşdu. Azərbaycanın 1918-ci il, mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolu olmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy Hacıbəyov tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir. Əslində, Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi. Təəssüf ki, bu mərhələnin ömrü az oldu.
XX əsrin 70 ildən artıq dövrü sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf edir. Bu dövrün də xüsusi yeri var. Məhz bu illərdə qəzet və jurnalların şəbəkəsi genişlənib, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşib, jurnalistikanın çeşidli növləri meydana çıxıb. Mətbuat daha çox partiyalı, sinfi olsa da, vətənpərvər jurnalistlərimiz öz qələmlərini daim xalqın xidmətində işlədib və bu yolda bəzən təqiblərə məruz qalıblar.
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, Ulu öndər hələ dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərdə, xüsusən də, Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən, mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi.
Heydər Əliyev sovet dövründə olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar Ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.
Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənib.
İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan, qəzet və jurnalların sayı durmadan artır. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın.
1998-ci ilin avqust ayının 6-da Prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi.
Prezident İlham Əliyevin 31 iyul, 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq, 22 may, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı - qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaq. Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.
Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 8 ümumrespublika yayımçısı, 1 peyk yayımçısı, 14 regional yayımçı televiziya yayımı, 13 şirkət kabel şəbəkəli televiziya yayımı, 13 şirkət isə radio yayımı ilə məşğuldur. Bu isə o deməkdir ki, Azərbaycan, televiziya və radio yayımçılarının əhalinin ümumi sayına nisbətində də dünyanın bir çox ölkələrindən öndədir.
Bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır.
Hazırladı: NƏRİMAN
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...