QIZ QALASI

Səkkiz mərtəbəli abidənin doqquzuncu qatı

Qız qalasının ən hündür hissəsində dayanıb şəhərə baxan insanları demək olar, hər gün görürük. Həmin nöqtədə dayanmaq üçün qalanın daxilindəki səkkiz mərtəbəni adlayan ziyarətçilərin çoxu əslində böyük sirrin səkkiz qatını geridə qoyduqlarından xəbərsizdilər. 28 metrlik qalanın bütün qatları necə deyərlər, tarixin o biri üzündəki sirlərin qorunduğu xəzinədir. Dairəvi formada olan və get-gedə darlaşan qatlar neçə illərdir ki, qalaya gələn ziyarətçilərə həmin sirləri açmaq istəyir. Çox zaman milli yaddaşımızın dirilik düsturunu özündə gizləyən daşlara qulaq verməmişik, elə dar dəhliz, ensiz pillələrlə qalanın açıq hissəsinə çıxıb şəhərimizə tamaşa etmişik. Amma səkkiz mərtəbəli sirrin doqquzuncu mərtəbəsindən baxdığımız şəhərin, onun sakinlərinin yaddaşının həmin səkkiz mərtəbədə, oradakı hər daş parçasında olduğunun fərqinə varmamışıq.

Bələdçimiz Nərmin Vəliyevanın köməyi ilə bu adəti pozmağa çalışdıq. İçəri qədəm qoyan kimi 1964-cü ildən muzey kimi fəaliyyət göstərən, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınan Qız qalasında hərəkət etməyin özünün sirr dumanına bürünmək olduğunu anladıq. Bələdçimiz öncə qalanın tarixi barədə vacib faktı qeyd etdi:

"Qız qalasına diqqətlə baxanda onun iki fərqli hissədən ibarət olduğunu görə bilərik. Həmin hissələr fərqli tikinti materiallarından hazırlanıb. Çünki qalanın özü iki mərhələdə inşa edilib. Alt hissəsi e.a. VIII-VII əsrlərdə - şumerlər dövründə tikilib. Dini prinsiplərə əsaslanıb, ilkin görkəmi içiboş, silindrvari olub. Daxili divarlar boyunca yuxarı qalxan pilləkənlər yonulub".

Ümumiyyətlə, qalanın yaşının XII əsrdən hesablanması kökündən yanlışdır. Qala bu əsrdə memar Məsud Davudoğlu tərəfindən ucaldılıb və inşası başa çatdırılıb. Abidənin üst hissəsini tamamlayan Məsud Davudoğlu ora kufi xətti ilə "Qülleyi-Məsud" sözlərini yazıb. Məsud Davudoğlu qalanı düşmən hücumundan müdafiə olunmaq məqsədilə ucaldıb. Lakin XII əsr müsəlman intibahının memarı olan Məsud abidədə Şərqin memarlıq sirlərini da əks etdirib. Belə ki, nəhəng qaya üzərində tikilən qalanın yuxarıdan baxaraq 9 rəqəmi şəklində görünməsinə xüsusi diqqət yetirilib. Burada söhbət təbii ki, tikilinin mütləq hansısa rəqəmə oxşamasından getmir. 9 rəqəmi sadəcə, bir formadır ki, tikinti zamanı tətbiq edilən memarlıq sirləri öz başlanğıcını buradan götürür. Qalanın tək doqquz rəqəminə yox, həm də butaya oxşamasına səy göstərilib.

Bələdçimiz Nərmin xanımın müşaiyəti ilə ilk qata qədəm qoyuruq. Hər mərtəbə özündə nəyisə ehtiva edir, hərəsinin özünəməxsus mistik aurası var. Nağıllarda hər qapını açdıqca yeni-yeni möcüzələrlə rastlaşan qəhrəmanlar kimi, biz də, Qız qalasının hər mərtəbəsində hansısa sehrlə üzləşəcəyimizi düşünürük. Birinci mərtəbədə burada ötən əsrin əvvəllərində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan əşyalar, dulusçuluq alətləri saxlanılır. Bələdçi deyir, pilləkən ona görə qoyulmayıb ki, qalanı fəth edərək, birinci mərtəbəyə gələn düşmənin ikinci mərtəbəyə çıxış imkanı olmasın. O dövrdə qalada müdafiə olunanlar yalnız kəndir vasitəsilə ikinci mərtəbədən aşağı enərmiş.

 Qız qalasının unikallığını təsdiqləyən faktlardan biri də onu başqa mühafizə tikililəri ilə birləşdirən yeraltı yollara malik olmasıdır. Bir çox alimlərin, xüsusən də Sara Aşurbəylinin tədqiqatlarında Qız qalasını Ramana, Mərdəkan qalaları ilə birləşdirən xüsusi yeraltı yollardan söhbət açılır. Amma Nərmin xanım deyir ki, hazırda, bu barədə, ümumiyyətlə, araşdırma aparılmır.

İkinci qatda qalanın hansı funksiyalar üçün inşa olunduğunu göstərən elektron tablolar yerləşdirilib. 2014-cü ildə restovrasiya olunan qaladakı çoxsaylı virtual tablolardan, bəlkə də, ən əhəmiyyətliləri bu qatdadır. Üç elektron tablo Qız qalasının üç funksiyasını yüksək effektli görüntülər vasitəsilə ziyarətçilərə çatdırır. Birinci tabloda abidənin zərdüştilərin ibadət yeri olmasını əks etdirən animasiyalar göstərilir. Qalanın zərdüştlük abidəsi olma faktı XIX əsrin rus hərbçi-mühəndis xəritələrində də öz təsdiqini tapır. Onlar Qız qalasını "Xunsar" adlandırıblar ki, bu da "Ansar Günəş" və ya "Günəş qəsri" mənasını verir.

Tablodakı effektlər Qız qalasının Günəşə sitayiş edən insanların müqəddəs məkanı olmasına işarə edir. Bəzi alimlərin fikrincə, qaladakı xeyli element ulduzların və Günəşin birillik siklini müşahidə etmək üçün nəzərdə tutulub və qədim insanların həyatında mühüm rol oynayıb.

İkinci tabloda Qız qalasının müdafiə məqsədli tikili olmasını təsdiqləyən animasiyalar nümayiş olunur. 1964-cü ildən bəri muzey kimi fəaliyyət göstərən Qız qalası əsasən hərbi məqsədli tikili kimi tanıdılıb. Həqiqətən də, Qız qalası uzun müddət yerli əhalini düşmən hücumlarından qoruyub. Qalanın strukturu, divarların qalınlığı, xüsusi kanalizasiya sistemi, bu gün də suyu qurumayan quyu, ən nəhayət, qala haqqında saysız əfsanələr də bu faktı təsdiqləyir.

Həmçinin 1960-cı illərin əvvəllərində qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan silah qalıqları və taxta parçaları da onun hərbi məqsədlə istifadəsini təsdiqləyir. Həmin taxta qalıqlarını laboratoriyada incələyən zaman məlum olub ki, qalada həddindən artıq qalın və hündür tirlərdən istifadə edilib.

Rəsədxana

Amma Qız qalasının rəsədxana kimi fəaliyyəti çox vaxt diqqətdən kənarda qalıb. Üçüncü tabloda abidənin rəsədxana kimi istifadəsini təsdiqləyən görüntülər var. 2008-ci ilin 22 dekabrında alimlər Qız qalasında müşahidə apararkən qəribə halla rastlaşıblar: tikilinin səkkiz pəncərəsindən yuxarıdakı dördü elə yerləşib ki, dekabrın 22-də, yəni qış gündönümündə Günəşin şüaları bu pəncərələrdən düşərək qalanın içini işıqlandırır. Güman edilir ki, məhz qışın bu ən qısa günündə kahinlər günün yeni dövretməsi üçün ayinlər icra ediblər. Günəş işığının həmin hissədən ildə cəmi bir dəfə Qız qalasına daxil olması həqiqətən də heyrətamiz faktdır.

Diqqətlə üçüncü virtual tabloya baxırıq. Xüsusi animasiyada Qız qalasında Günəşə və səma cisimlərinə tamaşa edərək, ölçmə işləri aparan münəccim görünür. Bələdçimizin qeydləri burada tam yerinə düşür: "Qız qalası həm də Günəşin bir il ərzində fırlanmasını müşahidə etmək məqsədi ilə inşa edilib. Gecələr qaladan səmanı seyr edərmişlər. Qalanın pəncərələrindən üfüqün ən parlaq ulduzlarını, məsələn, Veqa bürcündəki Lira, Əqrəb bürcündəki Antares, Böyük Ayı bürcündəki Sirius ulduzlarını görmək olardı".

Bəzi versiyalara görə, Qalanın dördüncü mərtəbəsindən damına qədər yerləşən pəncərələri Günəşin trayektoriyasını təkrar edərək, xüsusi qövs yaradır. Eyni zamanda pəncərələr günəşin çıxmasına və qış gündönümünə istiqamətlənib. Astrofiziki tədqiqatlar göstərir ki, qış gündönümündə günəş şüaları pəncərələrdən içəri dolaraq, bütün Qız qalasını işıqlandırır.

Sirr qatları

Növbəti mərtəbələrə qədəm qoyuruq. Üçüncü mərtəbədə ziyarətçiləri ən çox heyrətləndirən məqam su quyusudur. Quyu yalnız birinci və üçüncü mərtəbələrdə görünür. Quyunun ikinci deyil, birbaşa üçüncü mərtəbədə görünməsi memarlıq sirridir. Quyuda indi də su var. Xarici ölkə laboratoriyalarında aparılan tədqiqatlara əsasən, oradakı suyun kimyəvi tərkibi təmizdir və istifadəyə yararlıdır. Quyudakı şirin suyun Xəzərin duzlu suyuna qarışmaması da möcüzədir.

Beşinci mərtəbə Qız qalasının "əfsanələr hücrəsi" adlanır. Burada Qız qalası ilə bağlı xeyli əfsanə kitab formasında hazırlanan virtual elektron tabloya yerləşdirilib. Turistlər həmin "kitab"a toxunmaqla səhifələri dəyişə və istənilən "Qız qalası" əfsanəsi ilə tanış ola bilirlər. Altıncı mərtəbə əsasən qalanın müdafiə funksiyasını əks etdirən eksponatlardan ibarətdir. Bu eksponatların əksəriyyəti soyuq silahlardır. Qonşu lövhələrdə isə alman rəssamlarının hazırladığı köhnə Bakının müdafiə sisteminin nümayiş olunduğu virtual ekran var.

Növbəti dayanacağımız isə qalanın yeddinci qatıdır. Bu gün ziyarətçilərə, turistlərə, bəlkə də, ən çox təqdim olunmalı hissə elə buradır. Burada hansısa bir eksponata rast gəlmirik, sadəcə, qalanın restovrasiyasından sonra bu qata bir neçə virtual lövhə qoyulub və onlar Qız qalasının unikallığını, əsl mahiyyətini özündə çox gözəl əks etdirir. Bələdçinin sözlərinə görə, vacib bilgilərin işıqlandığı virtual lövhələr bir qrup mütəxəssis qrupu tərəfindən hazırlanıb. Bu lövhələr həqiqətən də Qız qalasının əsl memarlıq möcüzəsi olduğunu bildirən əsas faktlardır:

"Qədim zamanlardan bəri Abşeron yarımadasının sakinləri od və suya ehtiramla yanaşaraq, Günəşə və Aya sitayiş ediblər. 1960-cı ildə aparılan tədqiqatlar zamanı abidənin ətrafında od səcdəgahının qalıqları tapılıb. Tapıntıya əsaslanaraq Qız qalasının məhz bu səcdəgah üzərində inşa edildiyini demək olar".

Başqa lövhəyə diqqət edək:

"Qız qalasının yuxarıdan görünüşü Günəşi və odu bildirən, Azərbaycanda çox yayılan buta formasındadır".

Doqquzuncu mərtəbə

Sonda bütün ziyarətçilər kimi biz də doqquzuncu mərtəbəyə qalxdıq. Sirlər üzərindən Bakıya baxmaq həqiqətən də möhtəşəm idi...

 

Elmin NURİ

 

 

DİGƏR MƏQALƏLƏR