Fəlsəfi mətnlərin tərcümə problemləri – MÜZAKİRƏ

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihə həyata keçirir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Müzakirələr bir neçə panel üzrə keçirilir. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olur.

Artıq “Türk dilindən tərcümə lazımdırmı?”, “İkinci dildən tərcümə problemləri”, “Tərcümə mətinlərinin müqayisəli təhlili”, “Poeziya nümunələrinin tərcümə çətinlikləri” mövzularının müzakirəsi ilə tanış olmusunuz.

Budəfəki müzakirə mövzusu “Fəlsəfi mətnlərin tərcümə problemləri”dir. Bu panelin məruzəçiləri Qan Turalı, Əlisa Nicat, Qardaşxan Əzizxanlı və Nadir Qocabəylidir.

Müzakirəni oxucularımıza təqdim edirik.

Fərid Hüsyen: Mövzumuz “Fəlsəfi mətnlərin tərcümə problemi”dir. Biz istərdik fəlsəfi mətnlərin tərcüməsinin praktik tərəflərindən danışaq. Söhbətimizə Əlisa Nicatla başlayaq.

Əlisa Nicat: Fəlsəfi Mətnlər mürəkkəbdən sadəyə doğru gəlir. Məsələn, Nitsşe mənim üçün dünyada bir nömrəli filosofdur. Amma onun əsərlərini tərcümə etmək mümkün deyil. Sovet dövründə onun on cildliyini tapmışam. İnqilabdan əvvəl çap olunmuşdu. Onun pərəstişkarı olduğum üçün bir aylıq maaşımı vermişdim. 30 ildir o kitabları oxuyuram. Nitsşenin on cildliyindən seçmələr tərcümə etmişəm. Bu çox ağır işdir. Lebonun əsərlərini tərcümə ediblər. O əsərləri tərcümə etmək mümkündür. Amma eləsi var ki, onu oxumaq olar, amma başa düşmək çətindir. Aristotelin “Metafizika” əsərini İbn Sina, Fərabi yunan dilində oxuyurmuş. İbn Sina deyir ki, “Metafizika”nı nə qədər oxusam da qana bilmirəm. Bir gün bazardan keçəndə Fərabinin “Metafizikaya şərh” əsərini gördüm. Satıcı dedi 10 qızıladır. Aldım, oxudum və anladım ki, bu nədir. Fəlsəfi mətnlər həddindən artıq qəlizdir. Bizdən bir nəfər Aristotelin “Siyasət” əsərini tərcümə edib. Oxuyub gördüm çox zəifdir. Fəlsəfi mətnlərə geniş şərhlər yazıb sonra çap etdirmək lazımdır.

Sizə “Metafizika”dan etdiyim tərcümədən bir parça oxuyum: “Misdən girdə şar düzəlt. Onda gərək nədənsə ona bir şar göstərəsən ki, o da ona bənzədib düzəltsin. Çünki axı hələ şar anlayışı yoxdur. Gərək hansı formadasa bir şey olsun ki, həmin forma təsəvvür olunsun”. Bu Platona qarşı yazılmış cümlədir. Platon deyirdi ki, şar yoxkən ideyası var. Bu cümləni bir neçə aya tərcümə etmişəm.

Fərabi bir qonaqlığa gəlir, onu içəri buraxmırlar. Valinin onu tanıdığını, nə işlə məşğul olduğunu dedikdən sonra buraxırlar. Fərabi girir içəri və görür ki, bütün məclis toplanıb. Baxırlar ki, bir keçə papaqlı yolçu. İcazə alır və oturmaq istəyir. Validən soruşur ki, harada oturum? Vali də istehzayla cavab verir ki, özünə haranı layiq bilirsən, orada otur. Fərabi də baxır ki, valinin yanında boş yer var, əyanlardan kimsə gəlməyib. Asta-asta gəlib, valinin yanında oturur. Hamı təəccüblənir. Vali dönüb yanındakına, çox az adamın bildiyi dildə deyir ki, “Bu qanacaqsıza məclisin sonunda yerini göstərərsən”. Fərabi qalxır ayağa, deyir ya vali mən nə qanacaqsızlıq etmişəm? Hamı təəccüblənir ki, bu keçəpapaq bu dili hardan bildi? Fərabi valiyə tərəf dönüb deyir ki, “özümə layiq bildiyim yerdə oturmağı dediniz, mən də oturdum.” Vali də təəccüblənir: “Sən bu dili hardan bilirsən? Bu dili sarayda məndən başqa iki-üç əyan bilir”. Fərabi cavab verir ki, mən bu dildən başqa 70 dil bilirəm. Belə olanda vali susur və sözü Fərabiyə verir.

Belə insanlar olub və Aristoteli başa düşüb. İndi uşaq-muşaq götürüb elə dahilərin tərcümə etmək istəyir. Böyük, ağır fəlsəfəni hər yoldan keçən tərcümə edə bilməz. Tərcümə edilən filosofu dərk etmək lazımdır.

Fərid Hüseyn: Qardaşxan müəllim “Fikir antologiyası” seriyasının rəhbəri idiniz. Həmin kitabların tərcüməsi zamanı hansı problemlərlə rastlaşırdınız?

Qardaşxan Əzizxanlı: Söz öncəsi qeyd etmək istərdim ki, həqiqətən də, Azərbaycanda qərb filosoflarının tanınmasında Əlisa Nicatın bu sahədəki fəaliyyəti diqqətəlayiqdir. 90-cı illərdə belə bir söhbət də olmuşdu ki, Əlisa Nicat, hansısa fəlsəfə (deyəsən, “Dünya filosofları” ) kitabını çap etmək üçün evini satıb. Hətta, bu, yaddaşım aldatmırsa, Milli Məclis səviyyəsində səsləndirildi. Elə “Fikir antologiyası” seriyasının ərsəyə gəlməsində də onun təklifləri mühüm rol oynayıb, başlanğıcdan bu işdə birgə olmuşuq. İlk nəşrimiz olan Qustav le Bonun “Kütlə psixologiyası” əsərini də o təklif etmişdi və kitaba ön sözü də özü yazıb. Seriyamızın bütün xərclərini isə “Zəkioğlu” nəşriyyatının təsisçisi, fəlsəfəsevər bir insan olan Səxavət adlı dostum boynuna çəkmişdi ki, bu əməlinə görə ona minnətdarlıq etməliyəm, belə bir məqamda onu xatırlamaya bilmərəm.

İndiyədək sözügedən seriyadan 11 kitabda 14 müəllifin 17 əsərini əhatə etmişik. Qustav le Bonun “Kütlə psixologiyası”ndan başqa bura Heydər Hüseynovun “XIX əsr Azərbaycan  ictimai və siyasi fəlsəfi fikir tarixindən” (2006), Daniel Yerginin “Neft  fəlsəfəsi” (I cild, 2006), Uill Dürantın “Fəlsəfi hekayətlər” (2006), Qunnar Skirbekk və Nils Gilyenin “Fəlsəfə tarixi”(2007), Anri Jolinin ”Böyük adamların təbiəti”, Engelqardtın “Tərəqqi qəddarlığın təkamülü kimi”(2008), Fridrix Nitsşenin “Hakimiyyət əzmi”, “Yolçu və kölgəsi” (2008), Karl Yaspersin “Tarixin mənası və təyinatı “ (Tarixin mənbələri və məqsədi; Dövrün mənəvi durumu; Fəlsəfi inam, 2008), U-Tszinin “Hərb sənəti”, Sun-Tszının “Hərb sənəti haqqında traktat” və U-Tszının “Hərb sənəti haqqında traktat” (hər ikisi N.Konradın şərhi ilə, 2010), İmmanuil Kantın “Proleqomenlər” (“Xalis zəkanın tənqidi”, 2010), yenə le Bonun “Sosializm psixologiyası” (2011) kimi əsərləri daxildir.

Fərid bəy, siz çətinliklərimizlə maraqlandınız. Qoy əvvəlcə mən niyə fəlsəfəyə müraciət etməyimizin səbəbini deyim. Mistikaya qapılmaq olmasın, bir sıra alimlərin, astroloqların qənaətinə görə dünyanı meydana gələcək yeni din xilas edəcəkdir. Bu dini isə filosoflar yaradacaq. Bu din məhəbbət, idrak dini olacaq. Fəlsəfənin “din”i həqiqətdir.

O ki, qaldı çətinliklərimizə... bu yolda, demək olar ki, “asanlıqlarımız” olmayıb; yaxşı tərcüməçi axtarışı (vay o hala ki, yaxşısını tapmadığın sonradan bəlli olur), edilmiş tərcümənin nə vəziyyətdə olduğunu bilməkdən ötrü onu hər dəfə orijinalla tutuşdurmaq əziyyəti, redaktə, korrektə kimi gərgin əmək və məsuliyyət tələb edən işlər, nəhayət, kitabın tərtibat və çap mərhələsinə nəzarət, – kitabın tərcümə səviyyəsindən əlavə çap məhsulu tək keyfiyyətli olmasına cavabdehlik... Düşünürəm, entuziazm hesabına dörd-beş nəfərdən ibarət kiçik bir qrupla və cüzi vəsaitlə biz çətin sınaqdan yaxşı çıxmışıq.

Bəzən tərcüməçini də qınamaq olmur. Sartrın “Varlıq və heçlik”,-bu cür bir neçə məşhur əsəri biz tərcümə etdirmişik, ancaq maliyyəsizlikdən başqa nəşriyyatda çap olunmasına razılıq vermişik, təki Azərbaycan oxucusuna çatdırılsın,- Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” əsərlərində elə cümlə var ki,  əhifənin yarısını tutur, digər cümlə ilə səhifə bitir. Di gəl, öhdəsindən gəl...

Bu zəhmətə qatlaşmağımızın əvəzində əsl mükafatımız isə Səlahəddin Xəlilov, Hamlet İsaxanlı kimi aydınlarımızın bizə mənəvi dəstək vermələri, Tahir Aydınoğlunun “Xalq qəzeti”ndə, Əsəd Cahangirin “525-ci qəzet”də, Səlim Babullaoğlunun “Ədəbiyyat qəzeti”ndə, Zahir Əzəmətin vaxtı ilə “Alma” qəzetində nəşr etdiyimiz kitablara diqqət ayırmaları, qərb fəlsəfəsini dilimizdə danışdırmağın əhəmiyyətini dərk edən fəlsəfə adamlarının “siz bir fəlsəfə institutunun işini görürsünüz ” deyə bizi həvəsləndirmələri olub. Bütün bu tipli şeylər bizim üçün stimul olub.

Qan Turalı: Məncə, bir balaca məsələnin nəzəri tərəflərinə də diqqət çəkmək lazımdır. Mən Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirmişəm. Biz tələbə olanda birbaşa o fakültəni bitirən adamlar fəlsəfi əsərlərlə tanış ola bilmirdi. O əsərlər haqqında yazılan kitabları əldə edə bilirdik. Fəlsəfi əsərləri  tərcümə etmək üçün, fəlsəfəni çox gözəl bilmək lazımdır. Çünki bu bir ixtisas sahəsidir. Bu işləri sistemli görmək lazımdır. Fəlsəfə problemlərində əsas problem terminlər üzərindədir. Şüur sözünü çox tərcüməçilər qarışdırır. Fəlsəfədə şüur, kamal, idrak, ağıl başqa-başqa şeylərdir. Bunu adi bədii əsərlərdə yaza bilərik. Amma fəlsəfi əsərlərdə bunu düzgün şəkildə qeyd etmək lazımdır. Bunu bəzi əsərlərdə, tərcümələrdə qarışdırırlar. Ən vacib detal odur ki, ensiklopedik fəlsəfi lüğət hazırlanmalıdır. Hər bir sözün mənası düzgün verilməlidir. Təfəkkürün, idrakın nə olduğu dəqiq göstərilməlidir. Fizikada vahid anlayışlar, konkret terminlər var. var. Amma fəlsəfədə hər filosofun özünün anlayışlar sistemi var. Tərcüməçi hər bir anlayışı dəqiq bilməlidir. Təfəkkür nədir? Bu dəqiq göstərilməlidir ki, başqa tərcümədə idrak gedəndə insanlar qarışdırmasın. Transendental deyəndə biz Kantı başa düşürük. “Dünya ruhu” deyəndə Hegeli başa düşürük. Bu anlayışları onlar yardıb. “Formalar forması” deyəndə Aristoteli xatırlayırıq. Bu anlayışlar dəqiq şəkildə müəyyən olunmasa ümumi şəkildə bu işləri akademik səviyyədə görmək çox çətindir. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, fəlsəfə bədii ədəbiyyat kimi deyil. Bizdə gənclər fəlsəfə öyrənmək istəyir. Bir gənc üçün bu təkəbbürdür. Bunun bir sistemi var. Bədii əsərləri oxuyanda ilk olaraq “Karamazov qardaşları”ndan başlamırıq ki. Dostoyevskidən söhbət gedirsə “Netoçkanezvanova”, “Bəyaz gecələr” oxunmalıdır ilk olaraq. Tərcümələrdə də nəzərə alınmalıdır. Platonun tərcüməsi son dərəcə asan olmalıdır. Platon filosof şair olub. Onun yazdıqları ikiqatlıdır. Onun yazdıqları qəliz deyil. Amma mən Haydeggeri  dəfələrlə oxusam da çox çətin qavramışam. Sonra onun haqqında kitab oxudum. Məlum oldu ki, onu alman dilindən başqa dildə oxuyub anlamaq çətindir. O alman dili sistemi üzərində olub.

Əlisa Nicat: Fəlsəfənin tərcüməsi suyunun suyu deməkdir. Fəlsəfəni tərcümə edənlər, fəlsəfədən kitab yazanlar filosof deyil. Filosof Aristotel, Platon kimi fəlsəfi sistem yaradanlardır. Bizdə hamı iddialıdır ki, filosofam. Heydər Hüseynov filosofdur bəyəm? O tətqiqatçıdır. Fəlsəfə dilin ruhunda yaranır. Fəlsəfəni tərcümə etmək üçün ona qarşı məhəbbət olmalıdır. Əlli diplomla da filosof olmaq, fəlsəfi əsərləri tərcümə etmək mümkün deyil.

Fərid Hüseyn: Əlisa müəllim, deyirsiz ki, Aristotelin əsərini çevirmək mümkün deyil.

Əlisa Nicat: Çətindir.

Fərid Hüseyn: Sizcə bunun səbəbi nədir?

Əlisa Nicat: Fikirlər qəlizdir. Həddindən artıq qəlizdir.

Fərid Hüseyn: Başqa xalqlar edib axı...

Əlisa Nicat: Çox az xalq edib. Ərəblər böyük sivilizasiyadır.  Yunanlar kimi onların da sivilizasiyası böyükdür.

Qan Turalı: Mən düşünürəm ki, onu Azərbaycan dilinə tərcümə etmək çətin olmaz. Məncə bir abzas yazıb, şərh yazmaq lazımdır.

Əlisa Nicat: Məncə, də bu şəkildə etmək lazımdır. Bu iki dəfə rus dilinə tərcümə edilib. Bu çətin əsərdir. Hər sözünə, hər cümlənin hər sözünə şərh veriblər.

Qan Turalı: Aristotellə Nitsşeni də yanaşı qoymaq olmaz. Nitsşe daha kütləvidir.

Əlisa Nicat: Mən oxumağa başlayanda kimsə bir aforizm demişdi ondan. “Qəbiristanlıqları şəhərlərin yanında salmaq lazımdır”. Baxanlara dərs olmaq üçün. Bu mənə elə təsir etmişdi ki. 15 yaşım vardı. Nitsşe amansızdır. Aristotel İskəndərə gəzişə-gəzişə dörd il dərs deyir. İskəndər deyir ki, mənim atam Flip deyil, Aristoteldir. Hindistanda olanda eşidir ki, Aristotel həmin söhbətləri kitab edir. Ona məktub yazır. Yazır ki, “ustad, axı biz danışmışdıq ki, bu söhbətlər camaat üçün deyil. Bunu hamı oxuyacaq, anlayacaq”. Aristotel deyir ki, narahat olma mən onu elə dildə yazmışam ki, min nəfərdən biri oxuyub başa düşəcək. Onun ən şah fikri budur: “Həyatda elə nüsxələr olur ki, onlara qanunu tətbiq etmək olmaz”. Tutalım Qardaşxan onlardan biridir. O küçədən necə istəsə keçə bilər. O yazır ki, onlara başqalarına tətbiq edilən qanun tətbiq edilə bilməz. Mən düşünürdüm ki, məni tutsalar deyərəm ki, sənin məni mühakimə etməyə ixtiyarın yoxdur. “Məbəd”i, 1200 səhifəlik kitabımı göstərib deyərəm ki, bunu Azərbaycanda Akademiya edə bilməyib.

Qardaşxan Əzizxanlı: Fəlsəfi mətnlərin tərcüməsində irəliləyişə nail olmaq üçün ilk növbədə nəzəri problemlər həllini tapmalıdır. Məsələn, yaxşı olar ki, digər dillərdə olduğu kimi öz fəlsəfə ensiklopediyamızı hazırlayaq. Qoy tərcüməçilərimiz də fəlsəfi terminlərin mənasını, fəlsəfi cərəyanların mahiyyətini rahat öyrənib-bilsinlər.

Qan Turalı: Bizdə 1997-ci ildə çap olunub, amma çox keyfiyyətsizdir.

Qardaşxan Əzizxanlı: Bizdə fəlsəfi terminlərin izahlı lüğətinin, dünya filosoflarından kimin hansı fəlsəfı cərəyana mənsub olduğunu göstərən, onların fəlsəfi dünya görüşlərini qısaca da olsa şərh edən vəsaitin olmamasındandır ki, əksər tərcüməçilərin çətinə düşəndə oxları daşa dəyir, fəlsəfi mətnlərin tərcüməsində ciddi yanlışlıqlar baş verir. Nə qədər ki, bu cür çatışmazlıqlar aradan qaldırılmayıb, filosoflarımız tərcümə işini lazımi səviyyədə görə bilmədikləri kimi, ən tanınmış tərcüməçilərimiz də fəlsəfi bilgilərə malik olmadıqlarından eyni nəticəni göstərəcəklər.

Qan Turalı: Bir məsələni əlavə edim. Orta əsr Avropasında əsas fəlsəfi əsərlər latınca yazılıb. Kant, Leybnits latınca yazıb. Sonradan hər bir xalqın öz dilərində fəlsəfə yazması yarandı. Hər ölkənin öz fəlsəfi dili yarandı. Bizim dildə fəlsəfənin öyrənilməsi üçün, Azərbaycan dilində fəlsəfə yaranmalıdır. Tərcümə lazımlı məsələdir. Rusiyada fəlsəfə tərcümə olunandan sonra, filoflar yarandı. Berdiyayev kimi, dünyada orta səviyyəli hesab olunan filosofları var. Fəlsəfəmiz ancaq tərcümədən ibarətdir.

Əlisa Nicat: Filosof olmaq üçün gərək filosof doğulasan da.

Qan Turalı: Bizdə Asif Əfəndiyev vardı. Özünün sistemini yaradırdı.

Əlisa Nicat: Qoymadılar da yaşasın...

Qan Turalı: Asif Əfəndiyevin əsərlərində çox gözəl üslub, gözəl dil vardı.

Əlisa Nicat: Bizdə belə adamlara himayədarlıq yoxdur. Onlara dəstək olmur. Bir gənc filosofumuz vardı, Qəmbər. Yetmişinci ildə tutdular.

Qardaşxan Əzizxanlı: Digər bəyənməli işləri öz yerində, mən Asif Əfəndiyevin təqvimi milliləşdirməyini çox təqdir edirəm. Nə bilim, sentyabr, oktyabr və sair kimi mənşəcə yadların yerinə o, ana südümüz qədər canımıza yapışan adlar qoyub aylarımıza...

Qan Turalı: Mən yazmışdım ki, Asif Əfəndiyev filosofdursa, onu peyğəmbərləşdirməyin. Bizim peyğəmbərimiz çoxdur, filosofumuz isə yoxdur. Safruh da buna etiraz edirdi. Filosofu Ətağaya çeviriblər.

Əlisa Nicat: Nizami “Xəmsə”dəki əsərlərdən birini farsca yox, türkcə yazsaydı böyük məktəb yaranardı. Vaqifə qədər bizim dildə heç nə yoxdur. Olanlarda fars, ərəb, tərcümə edilməli. Çox böyük ziyandır.

Qan Turalı: Nəsimi, Füzuli var axı.

Əlisa Nicat: Onlar ərəb-fars tərkiblərindən çox yararlanıblar. Nizamin yaratdıqları var ortada. Firdovsi öz xalqını necə şişirdib. Rüstəm Zal isə çox qorxaq adam olub. Mən yazmışam ki, adi ərəb əsgəri onu qovub, tutub öldürüb. Nizami türkcə yazsaydı, mədəniyyət qol-budaq atıb böyüyərdi. Xalq farsca bilmir axı, bunu kim üçün yazırsan.

Qardaşxan Əzizxanlı: Qan Turalı maraqlı məsələyə toxundu. Deyir yazarlar olmasaydı, əsərlər yazılmasaydı, yəni öz ədəbiyyatımız yaranmasaydı, oxuyacaqlarımız ancaq tərcümə ədəbiyyatından ibarət olsaydı, görün nə olardı. Bu fikri fəlsəfə müstəvisinə keçirək, görək vəziyyət nə cürdür. Dünyadakı nəhəng fikir adamlarının qabağına çıxarmağa kimimiz, hansı filosofumuz var? Asif Əfəndiyev adı bir növ təsəlli yerimizdir. Yaxşı ki, heç olmasa, Niyazi Mehdini, Mail Yaqubu biz tanıyırıq. Ağalar Məmmədov “Aşma” perspektivində ümidvericidir. Məmməd Süleymanov şəxsiyyət olaraq diqqəti cəlb edir. Bunlar kimi beş-üç istedad olmasa, nə olardı?

Bizdə bir ədəbi mühit olduğu kimi fəlsəfi mühit də olmalıdır ki, nəhayətdə, gələcəkdə də olsa dünya çaplı öz filosoflarımız yetişsin. Bax, etdiyimiz tərcümələr də həmin mühitin yaranmasına kömək edir. Bu məsələdə, əlbəttə, digər şərtlər də aktuallıq daşıyır.

 

Aristotel deyirdi: “Ən böyük insan o kəs deyildir ki, bizi zorakılıq yolu ilə köləyə çevirir və bununla da bizim ehtiramımıza nail olur. Bu o kəsdir ki, bizim zəkamızı, ruhumuzu həqiqətin gücü ilə fəth edir”. Fəlsəfə isə həqiqətin ən öndə olan səngəridir.

Qalereya

DİGƏR MƏQALƏLƏR