31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsrin ən faciəli və dəhşətli səhifələrindəndir.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905–1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistan ərazisində yerləşən Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə yeksan olunub, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları onun mahiyyətinin açılmasına, düzgün hüquqi-siyasi qiymət verilməsinə maneələr törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, bununla da özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən isə əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Ermənilər evlərə od vuraraq, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdaraq Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart hadisələri xüsusi araşdırılıb. Hakimiyyətdə olduqları 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin davamına imkan vermədi.

Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin yanvar ayında 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bizimlə söhbətdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının davamlı olduğuna diqqət çəkib:

Erməni millətçiləri tarixin demək olar ki, müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Azərbaycanda ilk kütləvi qırğınlar 1905-ci ildə baş verib. Bu, əsl soyqırımı idi. Əliyalın xalqa qarşı erməniləri silahlandırdılar və XIX əsrin sonlarında Qsmanlı imperiyasında qırğınlara rəvac verən ermənilər, bu vəhşi əməllərini 1905-ci ildən başlayaraq Azərbaycanda davam etdirdilər”.

Dilavər Əzimlinin fikrincə, mart soyqırımı ilə bağlı həm Azərbaycanda, həm də xarici ölkələrdə kifayət qədər faktlar, maddi sübutlar var. Onlar vasitəsi ilə erməni vəhşiliyini bütün dünyaya bəyan etmək, bu millətin əsl xislətini göstərmək olar: “Azərbaycan yalnız 31 Mart soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliklərə deyil, həm də erməniləri himayə edən, onların bu əməllərini həyata keçirmələrinə şərait yaradan güclərin də kimliyinə aydınlıq gətirməlidir”.

 

Sevinc Fədai

 

 

 

 

DİGƏR MƏQALƏLƏR