Page 49 - "Xəzər"
P. 49
“...yoxsa, göylərdə və yerdə gizlin olanı Aşkar Edən, gizlədiklərimizi Görən,
tapdıqlarımızdan Agah Olan Allaha itaət etməzdilər”. Yəni, sizlərdə görünən olanlardan
da, sizlərdən xəbərsiz qəlblərinizin dərinliklərində gizlədilənlərdən də.

Allah daim bəndəsinin ruhunda olan, onun özünün xəbərsiz olduğu sirləri Üzə Çıxarar.
Həkim öz xəstəliyindən bixəbər olan xəstəyə baxıb, onun xəstəliyini görən kimi, Allah da Öz
məxluqatının qəlbinin dərinliklərində gizlədilənlərdən məlumatlıdır. Peyğəmbər (Allah onu
şad eləsin!): “Özünü tanıyan Allahını tanıyar”, – deyəndə bunu nəzərdə tutub.

Lakin hər insan öz qəlbini tanımaz. Hərçənd ki, bu “qəlb” dediyimiz, əslində, onun
özüdü ki var.

Beləliklə, Allah zaman-zaman insan qəlbinin gizlinlərini üzə çıxarar. Bunu gördükcə,
insan öz qəlbi barədə, əvvəllər bilmədiklərini anlamağa başlayar. Odur ki, bir çoxları: “Mömin
qəlbindən ən axırda Ağasına (Allahına) olan sevgisi çıxar”, – deyirlər.

Həmin bu sevgi – qəlbdən çıxan məqam aşkar olar və o kəslər İlahiyyatı sevməyə
başlayar. Lakin bu sevgi adi insan sevgisinə bənzəməz. “Onlar Onu (Allahı) o səbəbdən sevər
ki, Onu (Allahı), Onun (Allahın) dili ilə desək, öz gözləri və qulaqlarıyla (həmçinin, digər
imkanları və bədən üzvləri ilə) hiss edərlər”.

Bu halı keçirdikləri səbəbindən, onlar ibadəti də Allaha görə sevərlər. Bu, həmin o
kəslərdi ki, Allahın dünyadan əvvəl də var olduğundan, bütün yaradılanların isə Onun qulu
olduğundan agahdırlar. Və nə aşkarda, nə də qalan bütün mənalarda qulsuz ağa yoxdur.

Ağa Öz qulunu ali sevgiylə Sevər. O səbəbdən ki, Onun ağalığının dəlili, Onun quludu.

Şah üçün şahlıqdan qiymətli olanı yoxdu. O səbəbdən ki, onun şahlığının sübutu –
şahlıqdı.

“Ən axırda möminlərin qəlbindən Ağasına olan sevgi çıxar” ifadəsini onlar məhz bu
cür anlayarlar. Bu, o deməkdi ki, onlar bu sevgini, yalnız duyduqdan sonra dərk edərlər. Əks
halda, bu sevgi onları tərk edər və onlar daha ilahiyyatı sevməzlər. Axı ilahiyyatı sevmədən,
onu nə anlamaq, nə də duymaq mümkündü! Bu isə Allahın yaratdıqlarının məzmunu və
mahiyyəti, budu. Peyğəmbər (Allah onu şad eləsin!) demişkən:

“Allah Adəmi Öz Simasında Yaratdı” (Hərçənd ki, bunu müxtəlif cür izah edirlər).

Beləliklə, bunu bil və yadında saxla. Hakimiyyət özünü, buyruğunun icrasıyla təsdiq
edər. Onun (Allahın) Buyruğu qədər tez, deyilən an icra olunanı yoxdu.

“O nə İstəyərsə, tək bircə dəfə: “Ol!” Deməyi kifayət edər və o olar” (Quran).

Odur ki, bil: canı və qanıyla Allahın olan bəndənin səlahiyyəti çox böyükdü. O bəndə
dəyişmədən, özü olaraq qaldıqca, bunu özü də hiss edər (görər) ki, o, həqiqətən, Allahın Yer
üzündə təcəssümüdü və anlayar ki, bu, misilsiz bir oxşarlıqdı. O bəndə ağadı. Hamıdan
Qüdrətli, Böyük Allah isə müstəsna Ağadı. Həm də Həqiqi Yeganədi.

49
   44   45   46   47   48   49   50   51   52   53   54