Page 26 - "Xəzər"
P. 26
Vensan divanda mənimlə yanaşı oturmuşdu. Ortaya pauza çökdü. Sonra Valter
Mirey Maksimoffa tərəf əyildi:

– Bu həmin o Gidir... sənə danışmışam onun barəsində...

Mirey də gülümsünüb dedi ki, tanışlıqdan çox bəxtiyardır. Məni isə, həmişəki
kimi, utancaqlıq tutdu. Ağzımı açmadım. Əgər düzgün anladımsa, üzbəüz əyləşmiş
adam Mirey Maksimoffun dostu idi, çoxdan fotoreportyor işləyirdi və onu tez-tez
ən təhlükəli yerlərə yollayırdılar. O, qaynar nöqtələrin hansındasa hətta
yaralanmışdı da. Onunla Gi Vensan Yelisey çöllərindəki kafelərin birində – bütün
fotoqrafların tez-tez toplaşdığı məkanda tanış olmuşdular.

Naharın əvvəlində Gi Vensan da susurdu. Mirey Maksimoff gərginliyi aradan
qaldırmaq üçün ona cürbəcür sadə suallar verirdi. O isə ya “hə”, ya da “yox” deyə
cavab verirdi. Valter barmağıyla məni göstərdi:

– Yaxşı, bəs bu cavan qız kimdir?

Gi Vensan çönüb, maraqla mənə baxdı.

– O, Liondan gəlib. Çox qəribə və kədərli bir hadisə gəlib başına, – Mirey
Maksimoff mənə xəlvətcə göz vuraraq dedi. Və sonra da onlara bakalavr imtahanı
verən qızın əhvalatını – lap çoxdan, hardasa, Landda baş vermiş öz əhvalatını
danışdı. Bir bazar səhəri saat yeddidə zəngini çalmayan saatdan... Qısası, onun
tərəfindən xoş bir şey idi – məni özünə o qədər yaxın bilirdi ki, əhvalatlarımız da
ümumi olmuşdu artıq...

Valter ucadan güldü.

– Bəxtiniz gətirib, – dedi. – Taleyin hökmü beləymiş, istəməyib ki, siz
imtahanınızı verəsiniz.

Nəsə özümü birtəhər hiss etdim. Mirey Maksimoff əlimdən tutdu.

– Ümidvaram ki, bir də eyni imtahanı verməyə cəhd göstərməzsiniz, elədirmi? –
deyə əlavə etdi. – Yalnız boşuna vaxtınız itəcək.

26
   21   22   23   24   25   26   27   28   29   30   31