Page 29 - "Xəzər"
P. 29
əlikcə gəzməyə çıxanlar böyrümüzdən təntənəylə keçirdi. Uşaqlar böyüklərdən
daim dala qalır, onlar da balacaları adlarıyla çağırırdılar – bəziləri ağlamsınaraq,
digərləri amiranə; səslər tədricən uzaqlaşırdı. Kimsə bir neçə dəfə çağırdı: Gi! Və
mən birdən xatırladım ki, yanımdakının da adı Gidir. Amma o heç gözünü də
qırpmadı. Onda hələ bilmirdim ki, onun əsl adı deyilmiş bu.

– Əslində, mən özümə iş axtarıram, – utana-utana dilləndim və birdən tələsik,
sözləri qıra-qıra başladım ona həqiqətin bir qismini danışmağa: – Liondan
gəlmişəm, indi Mirey Maksimoffun yanında yaşayıram və Parisdə iş axtarıram...

– Bəs valideynləriniz? Onlar bu barədə nə fikirləşirlər?

Məni bu sual utandırdı bir az. Lionu tərk edərkən valideynlərim heç yadıma
düşməmişdi. Deməzdim ki, onlara qarşı biganə idim, sadəcə olaraq, çoxdan
uzaqlaşmışdım onlardan. Amma gələcək barədə planlarımda mütləq onların da yeri
olurdu, bircə, qoy həyatım müəyyənləşsin, hər səhər içimə dolub incidən bu
aramsızlıqdan yaxa qurtarım... Elə ki, hər şey aydınlaşdı, sabitləşdi,
görüşməyimizə yenə sevinəcəkdim.

– Onlar mənə heç nəylə kömək edə bilməzlər, – cavab verdim.

Pre-Katelan yaxınlığında bir az da gəzdik. Xiyabanlar yavaş-yavaş kimsəsizləşir,
meşə cığırlarına dönürdü. O dedi ki, geri qayıtmaq vaxtıdır, yoxsa azarıq. Nə iş
gördüyünü soruşdum. Elə bir maraqlı iş deyil, Fransayla İsveçrə arasında gedib-
gəlir. Onun şərikləri vardı, birlikdə Parisdə hansısa agentliyi işlədirdilər. Danışmalı
bir şeyi olmayan, adamı darıxdıran ən adi işlərdən biri. Axşama yaxın Bulon
meşəsinin çay salonlarından birinə girdik. Bayaqdan gölün sahilini gəzən ailələr
masaların arxasında oturmuşdu. Digər masalarda isə ahıl qadınlar ucadan söhbət
edirdilər. O, ətrafındakı adamları maraqla süzürdü. Mən fikirləşdim: bəlkə elə o da
mənim kimi belə yerə ilk dəfədir gəlir?

– Qəribədir, – nəhayət, dilləndi. – Burdakı müştərilərin hamısı qaragül dərisindən
manto geyinib.

29
   24   25   26   27   28   29   30   31   32   33   34