Page 23 - "Xəzər"
P. 23
arı həftə sonu Monfor-le-Amoriyə, ya da Dovilə özünün amerikan maşınında
aparırmış. Qiyamət günlər imiş... Odur ki, nigarançılıq üçün heç bir əsas yoxdur. O
qadın öz mənzilini məmnuniyyətlə onun ixtiyarına buraxıb. Bu yerdə cəsarətimi
toplayıb dedim ki, məni, hər halda, öz gələcəyim çox düşündürür. Parisdə işsiz nə
edəcəyəm? O, təxminən bir dəqiqə üzümə baxdı. Sonra dilləndi:

– Bilirsən, Parisə gələndə mən də qorxurdum. Amma hər şey gec-tez öz yerini
tapır. Sən indi heç başa da düşmürsən ki, bütün həyatının hələ qabaqda olması nə
boyda xoşbəxtlikdir. Bir də ki, mən sənə kömək edəcəyəm. Mənim Parisdə tanışım
çoxdur. Olmasa, mənimlə İspaniyaya da gedə bilərsən.

Burda mən sakitləşdim. Hiss edirdim ki, yaxşılığımı istəyir. Deməli, mən, sadəcə
olaraq, ona etibar etməliyəm, onda bütün həyatım gözəl olacaq. Bir axşam necə
oldusa, teatra, Paskal adlı bir qızın necə oynadığına baxmağa getdik. Pyesdəki
hadisələr bizim günlərdə, xəyali bir ölkədə yerləşən qəsrdə baş verirdi: qar
çovğunu kübar cəmiyyətin bir neçə nümayəndəsini qəfil yaxalayır. Onların hamısı
qara məxmərdən ağ yaxalıqlı paltar geyinmişdilər; qadınlar paja, kişilər mehtərə
bənzəyirdi. Hərdən klavesin musiqisi səslənirdi. Geniş salondakı qəndillərdə
şamlar yanır, qədim mebellər otaqları bəzəyir, künc-bucaqda hörümçək toru gözə
dəyirdi, amma burada telefon da vardı, qonaqlar isə incə bir ədayla siqaret çəkir,
viski içir, gözəl şeylərdən danışırdılar... Biz küçəyə çıxanda yağış çisələyirdi.
Mirey Maksimoffla onun dostlarından birinin maşınına oturub restorana getdik;
orda bizi başqa tanışlar gözləyirdi, gecənin sonunda isə həmin o qız – Paskal da
gəldi. Onu təxminən qırx yaşlarında, çox ucaboy, qısa saçları kirpi tikanı kimi
duran bir kişi müşayiət edirdi. Kinorejissor idi, onun ciddi, donuq sifəti skeletin
kəlləsini xatırladırdı. O, Paskalı filmə çəkməyə hazırlaşırdı – masa arxasında
oturanların hamısı elə həmin filmdən danışırdılar. Rejissor onun məzmununu nəql
edirdi, mən də çox şeyi başa düşmürdüm, çünki söhbətinə tez-tez cürbəcür elmi
sözlər qatırdı. Filmin mövzusu gah Portuqaliyadakı hansısa evdə, gah xizək
kurortundakı kiçik dağ evində, gah da Burqundiya qəsrlərindən birində toplaşan bir
neçə cütlüyün başına gələnlər haqda idi; qadınlar (hamısı bir nəfər kimi gözəl idi)

23
   18   19   20   21   22   23   24   25   26   27   28