Page 243 - "Xəzər"
P. 243
Sahib hamama keçir. Saşa içilməyən badəni stolun üstünə qoyur. Əsəbi halda otaqda var-gəl edir.
İqor əlini salfetlə silə-silə qayıdıb gəlir.

Q a d ı n: Sən yarım saatlığa getmişdin, amma bütün gecəni qeyb oldun! Üstəlik də, telefonsuz.
S a h i b: Unutmuşdum. Olur…
Q a d ı n: Amma səndə olmur. Bilə-bilə telefonu unutmusan ki, sənə zəng eləyə bilməyim. Özü də çiçək-
zad dalınca gedib eləməmisən!
S a h i b: Hə, başladı!
Q a d ı n: Bəs necə? Elə bilirsən, sənin harda olduğunu bilmirəm? Daha doğrusu, kiminlə olduğunu.
S a h i b: Yaxşı, kiminlə?
Q a d ı n: Özün bilirsən.
S a h i b (divanda oturub əsnəyir): Bilmirəm. Yaxşı, yaxşı, mən yatmaq istəyirəm. Yeri gəlmişkən,
səndən fərqli olaraq sabah… yəni bu gün mənim iş günümdü. Səfər öncəsi sonuncu iş günüm. Hələ
yığışmaq da lazımdı. (Stolun üstündəki dollarları götürür.) Niyə sən maliyyə vəsaitlərini ora-bura
səpələyirsən? (Qadın sakitcə əskinazları ondan alıb çantasına qoyur. Sahib açıq mücrüyə və stolun üstə
səpələnmiş bijuteriyalara işarə edir.) Bunlar burda neynəyir?
Q a d ı n: İqor… Bizi qarət ediblər.
S a h i b (qalxır): Nə vaxt?!
Q a d ı n: Bilmirəm. Bijuteriyalar qalıb, amma zinət əşyalarımızı yığdığımız balaca mücrü yoxdu. Dünən
səhər hamısı yerindəydi. (Pauza.) Liza?
S a h i b: İnanmıram. Yəqin təzəsinin işidi, bu evdə altı il qulluqçuluq edən birisi belə bir iş tutmaz…
Q a d ı n: Bəlkə sənin sürücün? Zanbaqları axı, o gətirmişdi.
S a h i b: Seryojka? Məni güllədən xilas edən Seryojka? Bir də, inansan da öz işindi, inanmasan da, amma
çiçəkləri evə mən özüm gətirmişdim.
Q a d ı n: Onda kim? (Pauza. Sahib servis stolunun üstündəki konfetlərə, meyvələrə və şamlara baxır.)
S a h i b: Bizə gələn olmuşdu?
Q a d ı n: Bu ola bilməz…
S a h i b: Nə ola bilməz? Gələn olmuşdu, ya yox? (Qadın susur.) Saşa, səbrimi daşdırma! Burda nə baş
verib?

Q a d ı n: Gələn var idi… Sinif yoldaşım.
S a h i b: Hansı? Nə vaxt? Mən saat on ikidə evdən getmişəm. O, hardan, nə vaxt peyda olub?
Q a d ı n: Elə-belə gəlmişdi. Yolüstü.
S a h i b: İndi mənə çatdı. Hə, bildim, çiçək sənin nəyinə lazımmış! İstəmisən çıxıb gedəm?
Q a d ı n: Sən özün getmək istədin! Mən axmaq da səni buraxdım.
S a h i b: O kimdi? Nə işlə məşğuldu?

243
   238   239   240   241   242   243   244   245   246   247   248