Page 213 - "Xəzər"
P. 213
Hə! – qışqırdım. – Mən sizi aldadırdım, o isə hamımızı aldadırdı! Ancaq daha
heç kimi aldada bilməyəcək! Başa düşürsünüz? Heç kimi! Heç kimi!

– Divanə! – kor nərə çəkib, əllərini uzadaraq üstümə atıldı.
Mən kənara çəkildim, kor stola dəyib yıxıldı. Ancaq çox cəld də ayağa sıçrayıb,
stullara toxuna-toxuna, göz yaşları axıtmadan ağlaya-ağlaya və yalnız “divanə”
sözünü qışqıra-qışqıra qonaq otağında arxamca qaçmağa başladı.
Yolumu kəsməyə çalışan xidmətçini vurub yıxaraq küçəyə atıldım. Nifrətdən,
mərhəmətdən boğulurdum.
Özümü komissarlığa təslim edəndə saat altı idi.
Kameranın kiçik pəncərəsindən yeni, buludsuz səhərin necə açıldığını gördüm.
Kişi və qadınların oyanıb necə səhər yeməyini yediyini, qəzet oxuduğunu, işə
getdiyini, uşaqlarını, ya pişiklərini yedirtdiyini, dünənki film haqqında
danışdıqlarını təsəvvürümə gətirdim.
İçimdə bir qara boşluğun necə böyüdüyünü cismən hiss elədim.

XXXIX

Həbsdə olduğum aylar ərzində korun “divanə” sözüylə nə demək istədiyini başa
düşməyə çalışmışam. Hər dəfə çox böyük yorğunluq, ya dərk eləyə bilmədiyim
qorxu bunu anlamağa mane olur. Bəlkə, haçansa onun mənasını biləcəyəm,
Alyendenin nə üçün intihar etdiyi də mənə aydın olacaq.
Hələ yaxşı ki, mənə işləməyə icazə verirlər, ancaq şübhələnirəm: həkimlər
arxamca gülürlər, yəqin, məhkəmədə pəncərədəki mənzərə barədə danışanda da
eləcə gülürmüşlər.

213
   208   209   210   211   212   213   214   215   216   217   218