Page 208 - "Xəzər"
P. 208
ar del Plata şosesinə çıxan kimi sürəti yüz səksənə qaldırdım və qeyri-adi ruh
yüksəkliyi hiss elədim; indi bunu, axır ki, Mariyaya nəsə eləyəcəyimi
müəyyənləşdirdiyimlə izah eləyirəm. O Mariyaya ki, sanki şüşə divarın arxasında
yaşayırdı – onu görmək olardı, ancaq səsini eşitmək, toxunmaq mümkün deyildi.
Biz bu şüşə divarla ayrılmış halda da öz üzücü, kədərli həyatımızı yaşamışdıq.

Havalı başımda ziddiyyətli duyğular – günah, nifrət, sevgi bir-birini əvəz
eləyirdi… Mariya xəstəliyi özündən uydurub, bu da məni kədərləndirirdi,
Alyendeyə bir də zəng edəcəyimi bilirdi, bu da məni hirsləndirirdi. O, arsız-arsız
gülə bilərdi, Xanterlə – o sırtıqla, arvadbazla, yalançı, özündənrazı boşboğazla yata
bilərdi! Mən onda Mariyaya necə də nifrət eləyirdim! Onun son qərarı necə qəbul
edəcəyini xəyalıma gətirib, qeyri-adi bir məmnunluq duyurdum. Bir tərəfdə mən
və bizim əvvəlcədən vədələşdiyimiz görüş idi. Nəyə görə? Aramızdakı
anlaşılmazlıqlardan, ağrılardan danışmaq, bir daha divarın müxtəlif tərəflərində
olmaq, ümidsiz, gizli işarələri anlamaq ümidiylə çarəsiz baxışlarla bir-birimizi
süzmək, bir daha ağlagəlməz yuxunu yaşamaq üçün əbəs yerə əllərimizi uzadıb
bir-birimizi sığallamağa çalışmaq. O biri tərəfdə Xanter idi, Mariyanın nömrəsini
yığan kimi qaçıb onun yatağına girmişdi. Bütün bunlar nə qədər mənasızdı!

Malikanəyə on birə on beş dəqiqə işləmiş çatdım. Mühərrikin səsinin nəzəri cəlb
etməməsi üçün maşını baş yolda saxlayıb, evə tərəf addımladım. Dəhşətli isti idi,
cansıxıcı sükutu bircə ləpələrin səsi pozurdu. Hərdən buludların arasından ay işığı
düşdüyündən kənarlarına evkalipt əkilmiş xiyabanı asanca keçdim. Ev göründü:
birinci mərtəbənin pəncərəsi işıqlıydı, deməli, Mariya ilə Xanter hələ şam yeməyi
yeyirdilər.

Həmişə yay fırtınasından əvvəl olduğu kimi, istidən nəfəs almaq olmurdu. Yəqin,
şam yeməyindən sonra parka gedəcəkdilər. Girişdəki pilləkəni görmək üçün xəlvət
bir yerdə gizlənib gözləməyə başladım.

208
   203   204   205   206   207   208   209   210   211   212   213