Page 209 - "Xəzər"
P. 209
VI

Vaxt keçmirdi. Bizim hisslərimizə və taleyimizə, doğulacaq, ya məhv olacaq
sevgiyə, yaxınlaşan ölümə laqeyd olan bu mücərrəd vaxtdan nə qədər keçdiyini
bilməsəm də, o, mənimçün dəhşətli dərəcədə uzun, hadisələrlə, xatirələrlə dolu idi;
o gah coşqun qara çay, gah Mariya ilə mənim tərpənmədən üzbəüz durub bir-
birimizi seyr etdiyimiz çox dinc, çox hamar əbədi dəniz idi; sonra dəniz yenə çay
olub, uşaq yuxusunda olduğu kimi, bizi çəkib aparırdı və Mariyanın at belində
çapdığını görürdüm: saçları küləkdə yellənirdi, gözləri alışıb-yanırdı; cənubdakı
doğma kənddə xəstə olduğuma görə öz otağımda dustaq edilmiş özüm isə o cür
alışıb-yanan gözlərlə pəncərənin arxasından qara baxırdım. Sanki biz – vaxtın
üstündən eyni cür axıb keçdiyi iki doğma adam, yanaşı getdiyimizi unamadan
ömrümüzü paralel koridorlarda, ya tunellərdə yaşamışdıq ki, koridorun sonunda
çəkdiyim tablonun qarşısında görüşək; bu tablo açar idi – mənim artıq burda
olduğumu, koridorların artıq kəsişdiyini və bizim görüş vaxtımızın çatdığını
bildirən, yalnız Mariya üçün nəzərdə tutulmuş gizli xəbərdarlıq idi.

Görüş vaxtı çatmışdı! Ancaq koridorlar kəsişmişdimi, könüllərimiz
qovuşmuşdumu? Nə axmaq səhv! Yox, koridorlar hələ də paralel gedirdi, ancaq
indi bizi ayıran divar şüşədən idi və mən əlçatmaz, dinib-danışmayan Mariyanı
görə bilirdim… Amma bu divar da həmişə şəffaf olmurdu, hərdən yenə qara daşa
çevrilirdi, onda nə baş verdiyini, Mariyanı görə bilməyəndə onun nə elədiyini,
hansı qəribə hadisələrlə üzləşdiyini bilmirdim. Hətta mənə elə gəldi ki, onun üzü
də dəyişib, istehzalı mimikadan tanınmaz hala düşüb və başqa sifətiylə gülürdü,
koridor əhvalatı isə mənim uşaq uydurmam, mənasız yanlışlıq idi; hər halda, yalnız
bir tunel mövcud idi, qaranlıq və kimsəsiz bir tunel – uşaqlığımın, gəncliyimin,
ömrümün keçdiyi tunel. Və şüşə divarın şəffaf gözcüklərinin birində bu qız peyda
olanda, sadəlövhcəsinə onun qonşu tuneldən gəldiyini düşünmüşdüm, əslində isə,
o, böyük, sahilsiz, tunel sakinlərinə əlçatmaz olan dünyaya aid idi; ola bilsin,
qəribə gözcüyə maraq xatirinə yaxınlaşmışdı, mənim çarəsiz tənhalığımın şahidi

209
   204   205   206   207   208   209   210   211   212   213   214