Page 180 - "Xəzər"
P. 180
Tiens!1 (Bir gör ha! – fr.)

Sonra əlavə elədi:

– Həddindən artıq məşhur adamlar mənim xoşuma gəlmir. Bilirsən, – Xanterə
tərəf çevrilib dedi, – Mikelancelo, El Qreko kimi dahilər məni qıcıqlandırır.
Böyüklük və mövqe həddindən artıq gözə girir. Sən bunu nəzakətsizlik saymırsan?
Məncə, rəssam bir vacib şərtlə razılaşmalıdı: heç vaxt diqqəti özünə çəkməməlidi.
Dramatizm və orijinallığın gözə girməyindən zəhləm gedir. Razılaş ki, başqalarına
oxşamamağa çalışanda sən onları necəsə alçaldırsan, vur-tut babat adam
olduqlarını təsdiqləyirsən, bu isə pis zövq deməkdi. Əgər mən yazıçı, ya rəssam
olsaydım, əsərlərimin diqqət çəkməməsinə çalışardım.

– Şübhə etmirəm, – Xanter istehza ilə dedi və əlavə etdi: – Sən, yəqin ki,
məsələn, “Karamazov qardaşları”nı yazmaq istəməzdin.

– Quello horreur!2 (Allah eləməsin! – fr.) – Mimi başını göyə qaldırıb bərkdən
dedi. Sonra izah elədi: – Hamı vicdanlı olduğunu nümayiş etdirməyə çalışır... Siz
rus romanının öhdəsindən gələ bilirsiniz?

Axırıncı sual qəfildən mənə ünvanlanmışdı, ancaq Mimi cavab gözləməyib, yenə
Xanterə sarı dönərək sözünə davam elədi:

– Bilirsən, hələ bir rus romanını da axıra qədər oxuya bilməmişəm. Onlar
həddindən artıq böyükdü. Minlərlə iştirak edən şəxs var, ancaq sonda məlum olur
ki, dörd-beş adamdan çox deyillər. Aleksandr adında qəhrəmana təzəcə öyrəşirsən
ki, məlum olur, onun adı Saşa, ya Saşkadı, sonra hələ bir Saşenka da peyda olur,
birdən isə Aleksandr Aleksandroviç Bunin kimi tamamilə inanılmaz bir şey ortaya
çıxır, sonra da, sadəcə, Aleksandr Aleksandroviç. Nəyin necə olduğundan yenicə
baş çıxardığın yerdə yenə səni çaşdırırlar. Axıra qədər beləcə davam edir: hər
personaj bir ailəyə oxşayır. Mübahisə eləmə, bu, yorucudu, elə səndən ötrü də.

180
   175   176   177   178   179   180   181   182   183   184   185