Page 171 - "Xəzər"
P. 171
Kor adamı aldadırsan.

XX

Hələ cümləni deyib qurtarmamış, artıq onu dediyimə peşman olmuşdum: bunu
deyib sadist kimi ləzzət almaq istəyən adamın ürəyinin dərinliyində daha təmiz,
daha kövrək bir varlıq bu amansız cümlə hədəfə dəyən kimi üstünlük qazanıb, bu
səfeh, mənasız sözlər ağızdan çıxana qədər dinməzcə Mariyanın tərəfinə keçdi
(doğrudan da, bunu deməklə nə qazanmaq olardı ki?). Bu sözlər ağzımdan az
qalmışdı çıxsın ki, içimdəki adam sanki bunları deyəcəyimə inanmaq istəmirmiş
kimi heyrətlə qulaq kəsildi. Və bu sözlər deyildiyi vaxt içimdəki adam artıq mənim
iradəmə, vicdanıma hakim kəsilmişdi və özünü yetirib, az qalmışdı cümləni
qurtarmağa qoymasın. Mən sözümü qurtaranda (hər halda dayanmadım), bu adam
mənə tamamilə hakim kəsilib hökm etdi ki, üzr istəyim, Mariyanın qarşısında
alçalım, öz qəddarlığımı, kobudluğumu etiraf edim. Şüurumun lənətə gəlmiş
ikiləşməsi neçə dəfə dəhşətli hadisələrə bais olub! Bir “mən” xeyirxah işlər
görməyə çağıranda, o biri “mən” riyakarlıqda, yalançı alicənablıqda təqsirləndirir;
biri kimisə alçaltmağa təhrik eləyəndə, o birisi canıyananlıq edir və başqalarında
dözmədiyim nöqsanları məndə tapır; biri mənə dünyanın gözəlliklərini göstərməyə
can atanda, o biri onun bütün eybəcərliklərini ortaya qoyur və xoşbəxtliyin gülünc
bir şey olduğuna inandırmağa çalışır. Necə olsa da, Mariyanın qəlbində açılan
yaranı sağaltmaq artıq gecdi – bu barədə indi hansısa üfunətli mağarada gizlənmiş
ikinci bədxah “mən” sevinə-sevinə pıçıldayırdı, – vaxt biryolluq itirilmişdi. Mariya
üzgün halda dinməzcə ayağa durdu və onun baxışından (o, mənə necə də tanış idi!)
başa düşdüm: bizi hərdən birləşdirən kövrək könül körpüsü həmişəlik uçmuşdu.
Bu, sərt, anlaşılmaz baxış idi. Birdən mənə elə gəldi ki, bu körpünü heç vaxt bərpa
eləmək mümkün olmayacaq və ümidsizlik məni ən həqarətli hərəkətdən saxlamadı
– mən onun ayaqlarını öpməyə başladım. Axır ki, o, mərhəmətlə gözlərimə baxdı

171
   166   167   168   169   170   171   172   173   174   175   176