Page 167 - "Xəzər"
P. 167
anınmış Argentina yazıçısı Ernesto Sabatonun (1911-2011) ilk kitabı esselər
məcmuəsindən ibarət olsa da, 1948-ci ildə işıq üzü görən “Tunel” romanı artıq onu
bir yazıçı kimi tanıtdırıb. Alber Kamyunun əsər haqqında dediyi xoş sözlərdən
sonra roman dərhal onlarla dilə tərcümə olunub. 1961-ci ildə çap olunan
“Qəhrəmanlar və məzarlar” romanı isə XX əsrin ən yaxşı romanlarından sayılır.

Sabato XX əsrin nəhəng yazıçılarından olan Kortasar, Borxes, Qabriel Qarsia
Markes və Jorji Amadu ilə birlikdə “magik realizm”in əsasını qoyanlardan hesab
olunur.

Ernesto Sabato “Mediçi” (İtaliya, 1977), “Migel de Servantes” (İspaniya, 1984),
“Yerusəlim” (İsrail, 1989) mükafatlarına layiq görülüb.

XIX

Əgər Mariya Alyendeyə ərə gedibsə, yəqin, haçansa bu adama qarşı laqeyd
olmayıb. Etiraf edim ki, “Alyende problemi”, onu belə adlandırıram, hər şeydən
çox mənə rahatlıq vermirdi. Müəmma çox idi, ancaq mən xüsusən ikisini bilmək
istəyirdim: onu nə vaxtsa sevibmi? Və yenə də sevirmi? Bu suallara ayrı-ayrılıqda
cavab vermək olmazdı və onlardan başqa suallar doğurdu: əgər Alyendeni
sevmirsə, onda sevgilisi kimdi? Mən? Xanter? Ya gizli həmsöhbətlərindən biri?
Bəlkə, hərdən kişilərdə olduğu kimi, onun da eyni vaxtda bir neçə məşuqu var? Ya
bəlkə, heç kimi sevmir, biz təcrübəsizləri, sadəlövhləri asanca inandırır ki, o,
yeganədi, qalanları isə vur-tut kölgələrdi və onlarla münasibət ciddi deyil?

Bir dəfə “Alyende problemi”ni özümçün aydınlaşdırmaq istədim. Mariyadan
soruşdum ki, niyə ona ərə gedib?

– Mən onu sevirdim, – cavab verdi.

167
   162   163   164   165   166   167   168   169   170   171   172